ABŞ Dövlət Departamentinin rəsmisi Kolin Qraffi Mirmövsüm Ağa ziyarətgahında olub

ABŞ Dövlət Departamentinin rəsmisi Kolin Qraffi Mirmövsüm Ağa ziyarətgahında olub
# 07 fevral 2007 16:50 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin Avropa və Asiya ölkələri ilə ictimaiyyətlər əlaqələr şöbəsinin rəhbəri Kolin Qraffi bu gün Şüvəlan qəsəbəsində olub. APA-nın məlumatına görə, K. Qraffi öncə Gənc Əlillərin Əmək və İstirahət Evinə baş çəkib. ABŞ Dövlət Departamentinin təmsilçisi bildirib ki, buraya gəlməkdə məqsədi fitri istedadın bəhrəsi olan gözəl əl işlərini əyani şəkildə görməkdir. K. Qraffiyə məlumat verilib ki, bir müddət öncə Gənc Əlillərin Əmək və İstirahət Evində olan kaliforniyalı xanım rəssam burada xalçaçı Qənirə Əbilovaya iki xalça sifariş edib. Q. Əbilova amerikalı qonağın diqqətinə çatdırıb ki, kaliforniyalı rəssam istədiyi xalçaların şəklini çəkib: “Artıq həmin xalçalardan biri hazırdır, digəri üzərində iş isə bitmək üzrədir”. K. Qraffi isə bildirib ki, bu xalçalar yaxın vaxtlarda Kaliforniyada keçiriləcək beynəlxalq sərgidə nümayiş etdiriləcək: “Çox şadam ki, bu cür gözəl əl işləri təkcə Azərbaycanda deyil, Amerikada da qiymətləndirilir”. Daha sonra ABŞ Dövlət Departamentinin təmsilçisi Mirmövsüm Ağa ziyarətgahına baş çəkib. K. Qraffi qeyd edib ki, Azərbaycanda insanların tolerantlığı haqqında dəfələrlə eşidib: “Bunu öz gözlərimlə görməkdən şadam. Qubada dağ yəhudilərinin yaşadığı kənddə mənə dedilər ki, burada məscidlə sinaqoqun yan-yana olması çox təbii və normal haldır. Azərbaycanda müxtəlif adət-ənənələr, müxtəlif dinlər, müxtəlif mədəniyyətlər və bir humanizm var”. Yenidən Azərbaycana gələcəyinə ümid etdiyini deyən K. Qraffi Bakıda enerji, təhlükəsizlik, demokratik və iqtisadi islahatlar mövzusunda danışıqlar apardığını bildirib. Onun sözlərinə görə, bölgədə Azərbaycanın geopolitik əhəmiyyəti getdikcə artır: “Biz Azərbaycanın Kosovo və İraqda həyata keçirilən sülhməramlı missiyada iştirakından məmnunuq”./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR