Bank Of Baku

Rəsmi Minsk Hollandiyadan Belarusa kimi piyada gələn azərbaycanlı mühacirin Bakıya qayıtmasına razılıq verib

Rəsmi Minsk Hollandiyadan Belarusa kimi piyada gələn azərbaycanlı mühacirin Bakıya qayıtmasına razılıq verib
# 11 iyul 2007 10:03 (UTC +04:00)
APA-nın Şərqi Avropa bürosunun verdiyi məlumata görə, qanunsuz şəkildə Polşadan Qərbi Buq çayını üzə-üzə keçərək Belarusa yollanan Azərbaycan vətəndaşı yaxalanıb. 32 yaşlı Bakı sakini iyulun 7-də Belarus sərhəd qoşunlarının F. Dzerjinski adına Brest bölməsi tərəfindən saxlanılıb. Bölmənin ideoloji şöbəsindən bildiriblər ki, saxlanılan azərbaycanlı 1998-ci ildən etibarən Hollandiyada yaşayırmış. O, Qərbi Avropaya işləmək üçün gəlsə də, ümidlərinin doğrulmadığını görüb vətənə qayıtmaq qərarına gəlib. Bunun üçün lazımi maddi vəsaitə malik olmadığından Hollandiyadan Almaniyaya, oradan isə Polşaya ya piyada, ya da yolda saxladığı maşınlar vasitəsilə çata bilib. Polşa-Belarus sərhədi boyunca axan Qərbi Buq çayına çatdıqda polyak sərhədçilərinin ona doğru yaxınlaşdığını görən Azərbaycan vətəndaşı özünü çaya atmaqdan başqa çıxış yolu tapmayıb. Sərhəd dəstəsindən qeyd ediblər ki, Qərbi Buq olduqca təhlükəli çaydır və sürətli axını, eləcə də burulğanları ilə tanındığından qarşı sahilə üzmək istəyən azərbaycanlı həyatı ilə ciddi risk edib. Bununla bərabər çayı keçməyə müvəffəq olan sərhəd pozucusu Belarus torpağına qədəm qoyar-qoymaz onu görən sərhədçilərə təslim olub və şəxsiyyətinin aydınlaşdırılması üçün Brest sərhəd qrupunun müvəqqəti saxlanma təcridxanasına aparılıb. Belarus qanunvericiliyinə görə, bu kimi hallarda dövlət sərhədini pozanlar gəldikləri ölkəyə qaytarılırlar. Ancaq Azərbaycan vətəndaşının heç bir cinayət törətməməsi, beynəlxalq axtarışda olmaması nəzərə alınaraq ona istisna hal kimi yanaşılıb və Azərbaycana qayıtmaq imkanı verilib. Dünən Azərbaycanın Minskdəki səfirliyinə gətirilən şəxsin taleyi ilə səfirliyin konsulluq xidməti məşğul olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR