Fövqəladə Hallar Nazirliyi su hövzələrində istirahət edən vətəndaşlara öz həyat və sağlamlıqlarını təhlükəyə atmamaqla bağlı xəbərdarlıq edib

Fövqəladə Hallar Nazirliyi su hövzələrində istirahət edən vətəndaşlara öz həyat və sağlamlıqlarını təhlükəyə atmamaqla bağlı xəbərdarlıq edib
# 20 iyul 2007 15:14 (UTC +04:00)
FHN-in İctimaiyyətlə Əlaqə İdarəsindən APA-ya verilən məlumata görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çimərliklərdə, sututarlarda insanların təhlükəsizliyinin təmin edilməsi üçün ciddi tədbirlər həyata keçirilir. Xidmətin cari mövsümdə tabeliyində olan 43 məntəqə və 21 postu texniki avadanlıqlar və xüsusi vasitələrlə təmin edilib. Xilasedicilər bu ilin əvvəlindən etibarən 196 nəfərin həyatını xilas edə bilib ki, bunun da 179-u dövlət çimərliyinin, 13-ü özəl, 4-ü isə qeyri-çimərlik ərazilərin payına düşür. Lakin dövlət çimərliklərindən, xilasetmə məntəqələri və postlarından kənarda təhlükə ilə üzləşənlərin sayı hələ də çoxdur. Xəbərdarlıq nişanları, çimmək üçün icazə verilən yazılar və məhdudlaşdırıcı nişanlar vurulmasına baxmayaraq, əksər halda vətəndaşlar qadağalara məhəl qoymur, bu isə onların suda batmasına gətirib çıxarır. Xilasetmə məntəqə və postları, xilasedicilər olmayan yerlərə üz tutan vətəndaşların istirahət arzusu bəzən həyatları bahasına başa gəlir. Çaylarda, göllərdə, Xəzər dənizinin bütün sahil boyu zolağında xilasetmə məntəqə və postları yaratmaq mümkün olmadığından istirahət ümidi ilə çimərliyə gələn hər kəs ilk növbədə öz təhlükəsizliyini düşünməlidir. Nazirlikdən bildirilib ki, narahatlıq doğuran məsələlərdən biri də spirtli içki qəbul edib sərxoş halda suya girənlərlə bağlıdır. Bundan başqa, uşaqların nəzarətsiz buraxılması da faciəyə yol açan əsas səbəblərdəndir. Ötən illərin statistikası göstərir ki, suda boğulanlar arasında uşaqlar və yeniyetmələr üstünlük təşkil edir. Araşdırmalara əsasən, bəzən vətəndaşlar küləkli havada suya girməyə can atırlar ki, bu da sonu bəlli olan fəlakətə səbəb olur. Misal üçün, küləkli hava şəraitinə məhəl qoymayan Bakı sakinləri, 1976-cı il təvəllüdlü Əzərov Məhərrəm Novruz oğlu, 1949-cu il təvəllüdlü Zeynalov Saleh Rəşid oğlu, 1991-ci il təvəllüdlü Əliyev Rəşad Akif oğlu və 1992-ci il təvəllüdlü Əliyev Elşad Akif oğlu iyulun 15-də Səngəçal qəsəbəsində sahildən 300 metr aralıda “Səngəçal terminalı”nın dəmir konstruksiyasının yaxınlığında balıq tutarkən qayıq çevrilib, onlar üzərək həmin dəmir konstruksiyanın üzərinə çıxıblar. İyulun 17-də daxil olan məlumat əsasında Xidmətin “Şıx-2” xilasetmə məntəqəsi tərəfindən görülən tədbirlər nəticəsində zərərçəkmişlər həmin gün saat 18:30-da sahilə çıxarılıb, ilkin tibbi yardım göstərilib. Əgər həmin vətəndaşlar şəxsi təhlükəsizliklərinə əməl etsəydilər, həm özləri çətin durumda qalmaz, həm də çətin hava şəraitində xilasedicilərin də həyatını təhlükəyə qoymazdılar. Vətəndaşlar bilməlidir ki, güclü küləkli havada, dalğanın hündürlüyü 3 baldan artıq olanda çimmək qəti qadağandır. Eyni zamanda çimmə zonasının işarələnmiş sərhədlərindən kənarda çimmək, su axınlarında sahildən 20 metrdən artıq məsafəyə üzmək, müxtəlif növ gəmi, qayıq, sal, barja, körpü və debarkaderlərə, digər texniki qurğulara üzərək yanaşmaq, texniki qurğuların xəbərdarlıq nişanlarının üzgəc və bakenlərin üstünə dırmaşmaq yolverilməzdir.
FHN su hövzələrində istirahət edən vətəndaşların nəzərinə bir daha çatdırır ki, öz həyat və sağlamlıqlarını təhlükə qarşısında qoymasınlar, pis hava şəraitində suya girməsinlər, xilasetmə avadanlığı ilə təchiz edilmiş çimərliklərdən yararlansınlar, xilasedicilərin qanuni tələblərinə əməl etsinlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR