23.00 Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tural Museyibov ilkin ehtimala görə, hadisənin tikintidə təhlükəsizlik qaydalarına riayət olunmaması üzündən baş verməsi ilə bağlı ilkin ehtimal olduğunu, hazırda araşdırma aparıldığını bildirib. Hadisə nəticəsində 2 nəfərin meyitinin çıxarıldığı, iki nəfərin isə xəsarətlə xəstəxanaya yerləşdirildiyini də əlavə edən T. Müseybov xilasetmə işlərinin sonuncu şəxs dağıntılar altından çıxarılana qədər davam edəcəyini deyib. Onun sözlərinə görə, iş icraçısının verdiyi məlumata görə, dağıntılar altında daha 4-5 nəfərin olduğu da ehtimal edilir.
Saat 21.42. Respublika Prokurorluğundan APA-ya bildirilib ki, Bakının mərkəzində binanın çökməsi ilə bağlı Cinayət Məcəlləsinin 222-ci (Tikinti, mədən işlərinin və s. işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb.
Saat 21.17. Dağıntılar altından daha bir nəfər ölümcül vəziyyətdə çıxarılıb.
Saat 19.45. Klinik Tibb Mərkəzi. 24 yaşlı Axundov Əvəzağa kəllə-beyin travması ilə yerləşdirilib. Vəziyyəti ağırdır.
Saat 19.47. Travmatologiya və Ortopediya Xəstəxanası. İndiyə qədər cəmi bir yaralı gətirilib. Şəxsiyyəti dəqiqləşməyib, ambulator müalicə təyin olunub.
Bu gün 18.30 radələrində Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsi, 14 (keçmiş 6-cı Paralel küçəsi) ünvanında yeni tikilən yaşayış kompleksindəki 16 mərtəbəli bina tamam çöküb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 16 mərtəbə olacaq binanın 12 mərtəbəsi hazır imiş. Binanın içində olan təmir briqadasının üzvlərinin hamısının dağıntılar altında qaldığı bildirilir. Onların sayının ən azı 15-20 nəfər olduğu ehtimal olunur. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin (FHN), Respublika Prokurorluğunun, Daxili İşlər Nazirliyinin qüvvələri işləyir. Əraziyə xeyli sayda təcili tibbi yardım maşını cəlb olunub. FHN dağıntılar altında qalanların xilas olunması üçün hadisə yerinə ağır texnika gətirib. Artıq xilasetmə işlərinə başlanılıb. Dağıntılar altında qalan şəxslər ətrafdakılardan kömək istəyir, onların fəryad səsləri aydın eşidilir. Baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri Oqtay Şirəliyev, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov artıq hadisə yerindədirlər. O. Şirəliyev APA-ya açıqlamasında dağıntı altında qalanların sayının məlum olmadığını desə, artıq bir neçə nəfərin xilas edilərək müxtəlif xəstəxanalara yerləşdirildiyini bildirib: “Səhiyyə Nazirliyinin bütün önəmli xəstəxanalarının tibbi personalı hadisə yerinə cəlb olunub. Özüm başda olmaqla, bütün tibbi heyət insanların xilas olunması ilə məşğuldur. Dağıntılar altından çıxarılanların səhhəti normaldır”. Binanı “Mütəfəkkir MTK” şirkəti inşa edir. Şirkətin baş direktoru Əli Muradovdur.
Binanın çökməsi nəticəsində yaxınlıqdakı üç binaya zərər dəyib. Həmin binaların sakinlərinin APA-ya bildirdiyinə görə, artıq onlara binaları boşaltmaq barədə rəsmi göstəriş və 2 saat vaxt verilib.
Hadisə yerində olan baş prokuror Z. Qaralov APA-ya açıqlamasında təcili cinayət işinin başlanılması və “Mütəfəkkir MTK”-nın baş direktoru Əli Məhəmməd oğlu Muradovun cinayət məsuliyyətinə cəlb olunması barədə tapşırıq verdiyini deyib. O, binanın tikintisi zamanı təhlükəsizlik qaydalarına əməl olunmadığını, ciddi qanun pozuntularına yol verildiyini bildirib.
APA-nın əməkdaşının bildirdiyinə görə, indiyədək hadisə yerindən iki nəfər çıxarılıb. Onlardan biri Arif adlı yaralı, digəri isə adı hələlik məlum olmayan şəxsin meyitidir.
Klinik Tibb Mərkəzindən APA-ya bildirilib ki, hadisə nəticəsində xəstəxanaya yerləşdirilmiş şəxsiyyəti müəyyənləşməyən bir nəfər vəfat edib.
AMEA-nın Respublika Seysmoloji Xidmətinin direktoru müavini Qurban Yetirmişli APA-ya bu gün Bakı şəhərində heç bir yeraltı təkanın qeydə alınmadığını bildirib.
19.20. Hadisə yerində ağır bədən xəsarətləri ilə daha bir nəfər çıxarılıb.
/APA/