Bank Of Baku

Azərbaycan paytaxtında uçmuş hündür mərtəbəli binanın dağıntıları altından 6 ölü, 2 yaralı çıxarılıb

Azərbaycan paytaxtında uçmuş hündür mərtəbəli binanın dağıntıları altından 6 ölü, 2 yaralı çıxarılıb
# 29 avqust 2007 07:12 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, axtarış nəticəsində daha 4 nəfər dağıntılar altından çıxarılıb. Onların hamısının öldüyü bildirilir. Beləliklə, hadisədən sonra dağıntılar altından çıxarılan şəxslərin sayı 8-ə çatıb. Onlardan altısının ölü, ikisinin isə yaralı olduğu bildirilir. Baş prokuror Zakir Qaralov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov bütün gecəni hadisə yerində olublar. Binanın uçması nəticəsində yaranmış dağıntının qalıqları yük maşınları ilə ərazidən daşınır. Binanın zirzəmisi salamat qaldığından orada olanların sağ qaldığı ehtimal edilir. Xilasetmə işləri hazırda davam etdirilir. Qeyd edək ki, dünən saat 18.00 radələrində Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi, 14 (keçmiş 6-cı Paralel küçəsi) ünvanında yeni tikilən yaşayış kompleksindəki 12 mərtəbəli bina tamam çöküb. Binanın çökməsi nəticəsində yaxınlıqdakı üç binaya zərər dəyib. Həmin binalardan birinin sakinləri artıq evakuasiya olunub. 16 mərtəbə olacaq binanın 15 mərtəbəsi hazır imiş. Binanın içində olan təmir briqadasının üzvlərinin hamısının dağıntılar altında qaldığı bildirilir. Onların sayının ən azı 15-20 nəfər olduğu ehtimal olunur. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin (FHN), Respublika Prokurorluğunun, Daxili İşlər Nazirliyinin qüvvələri işləyir. FHN dağıntılar altında qalanların xilas olunması üçün hadisə yerinə ağır texnika gətirib. Dünən Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri Oqtay Şirəliyev, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hadisə yerində olublar. Bakı şəhər prokuroru Əziz Seyidov hadisə ilə bağlı Cinayət Məcəlləsinin 222-ci maddəsi (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) ilə cinayət işi açıldığı söyləyib. Onun sözlərinə görə, tikintini aparan “Mütəfəkkir MTK” şirkətinin baş direktoru Əli Muradov və şirkətin rəhbərlərindən Əsgər Əliyev saxlanılıb. İlkin dindirilmə zamanı Əli Muradov binanın onunla ədavəti olan şəxslər tərəfindən partladılması ehtimalını təsdiqləməyib. İlkin araşdırmalarda binanın tikintisinə 2002-ci ildə başlandığı və 15 mərtəbəsinin artıq tikildiyi də müəyyənləşib. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR