Bank Of Baku

Salyanda fəaliyyəti dayandırılmış bazarın satıcıları ilə polislər arasında qarşıdurma olub

Salyanda fəaliyyəti dayandırılmış bazarın satıcıları ilə polislər arasında qarşıdurma olub
# 06 sentyabr 2007 12:26 (UTC +04:00)
Salyan rayonundakı “İkinci kolxoz bazarı” adlanan ərazidə polislərlə satıcılar arasında qarşıdurma baş verib. “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emin Məmmədovun APA-ya verdiyi məlumata görə, 3 ay əvvəl fəaliyyəti dayandırılmış bazarın satıcıları Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin ərazisində sanitar qaydalara uyğun şəraitin yaradılması ilə bağlı rəyini əsas götürərək bu gün bazarda ticarət etmək istəyiblər. Amma Salyan rayon Polis İdarəsinin əməkdaşları satıcıları bazardan çıxarıb və piştaxtalar sökülüb. Buna etiraz edən satıcılar rayon icra hakimiyyətinin binası qarşısında aksiya keçiriblər və İH başçısı ilə görüş tələb ediblər. Amma İH-nin başçısı Rasim Bəşirov məzuniyyətdə olduğundan onunla görüşmək mümkün olmayıb. E. Məmmədovun sözlərinə görə, bazar təxminən 3 ay əvvəl ərazidə sanitar şəraitin yaradılması məqsədi ilə bağlanıb və bundan sonra fəaliyyətinin bərpa olunmasına imkan verilməyib. Bazarın 1984-cü ildən fəaliyyət göstərdiyini deyən Emin Məmmədov satıcılar bazarın açılması tələbi ilə aksiyalarını davam etdirmək fikrində olduqlarını bildirib. Salyan rayon icra hakimiyyətinin başçısı Rasim Bəşirov isə APA-ya açıqlamasında bildirib ki, satıcıların tələbləri əsassızdır. Onun sözlərinə görə, əslində iddia olunan yerdə heç vaxt bazar olmayıb: “Həmin yer magistral yolun kənarıdır. Orada qeyri-qanuni olaraq piştaxtalar düzüb ticarət edirdilər və bu, təhlükəli vəziyyət yaradırdı. Rayonun böyük bazarı tam təmir olunub və başqa 6 yerdə bazar var. Həmin şəxslər istədikləri bazarda öz məhsullarını sata bilərlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR