“2020-ci ildən isə inzibati məhkəmələr ayrıca ixtisaslaşmış məhkəmələr kimi fəaliyyətə başlayıb. İnzibati hüququn hüquqi dövlətin inkişafında mühüm rolu var. Dövlət vətəndaşa öz qəbul etdiyi qərarları müstəqil məhkəmə qarşısında mübahisələndirmək imkanı yaradır. Bu, ilk növbədə hüquqi dövlətin inkişafının, dövlətin yetkinliyinin və vətəndaşın səsini eşitmək istəyinin təcəssümüdür. İnzibati məhkəmələrin fəaliyyəti inkişaf etmiş hüquqi dövlətlərin səciyyəvi xüsusiyyətlərindən biridir”.
Bu barədə APA-ya müsahibəsində Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov deyib.
O, vurğulayıb ki, inzibati məhkəmələr vasitəsilə vətəndaşlar dövlət orqanlarının qəbul etdiyi qərarları müstəqil məhkəmə qarşısında mübahisələndirə bilirlər:
“Statistikaya baxsaq, son 3 ildə vətəndaşların dövlətə və məhkəmə sisteminə etimadı nəticəsində müraciətlərin sayı 1-ci instansiyada 60 faiz, apellyasiya instansiyasında 50 faiz, Ali Məhkəmədə isə 80 faizə yaxın artıb".
O, statistikaya əsasən, çıxarılan qərarların əksəriyyəti məhz vətəndaşların, o cümlədən sahibkarların xeyrinə olduğunu deyib.
İnam Kərimov onu da bildirib ki, inzibati məhkəmələrin fəaliyyəti təkcə baxılan konkret işlər üzrə əhəmiyyət daşımır: "Qəbul edilən hər bir qərar, xüsusilə Ali Məhkəmə səviyyəsində, vahid məhkəmə təcrübəsinin formalaşmasına xidmət edir. Artıq inzibati orqanlar gələcək fəaliyyətlərini məhkəmələrin çıxardığı qərarlara uyğun qurmağa məcburdurlar. Vahid təcrübənin əhəmiyyəti həm də ondan ibarətdir ki, vətəndaşlar məhkəmə qərarını proqnozlaşdıra bilirlər. İnzibati sahədə hakim daha proaktiv yanaşma nümayiş etdirərək vətəndaşların hüquqlarının müdafiəsi üçün dövlət orqanlarına sorğular verir, sübutlar tələb edir və işin tam araşdırılmasını təmin edir. Əlbəttə ki, inzibati hüquq sahəsi də getdikcə təkmilləşdiriləcək".