Bakıda yaşayış binasında baş verən yanğında üç nəfərin ölümündə təqsirləndirilən “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izah edilib.
Mərhum Samir Məhəmmədovun hüquqi varisi, həyat yoldaşı Maqda Məhhəmmədova və Könül Hümbətovanın nümayəndəsi vəkil Xeyransa Babayeva işin ibtidai istintaqa qaytarılmasını xahiş edib, iş üzrə əsl günahkarın “Loft Dent” klinika və “Loft” restoranının sahibi Vüqar Abbasov olduğunu bildiriblər.
Vəkil qeyd edib ki, istintaq onu zərərçəkmiş kimi tanıyıb: "Məhkəmə işə xitam verməli, Vüqar Abbasov təqsirləndirilən şəxs qismində cəlb edilməlidir".
Zərərçəkmiş Əli Qənbərov isə Bəhruz Paşayevlə yanaşı Vüqar Abbasovun da iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsini istəyib.
Məhkəmə heyəti müşavirəyə gedib. Vəsatət təmin edilməyib, cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Məhkəmə baxışı iyunun 30-na təyin olunub.
Qeyd edək ki, 2025-ci il noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Yanğın nəticəsində 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova (Könül Vəlibəyli) dünyasını dəyişib, 25 nəfər xəsarət alıb.
Təqsirləndirilən Bəhruz Paşayevə Cinayət Məcəlləsinin 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən həmin qaydaların pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan olunub.