Bərdədə bazarda baş verən yanğın təxminən 5 min kvadratmetr ərazini əhatə edib. Hadisə nəticəsində 2100 kvadratmetr ərazi yanıb. Bunu APA-nın yerli bürosuna açıqlamasında Tərtər Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik Mübariz Əliyev deyib.
Onun sözlərinə görə, bu gün səhər 07:14 radələrində Bərdə Yanğından Mühafizə Hissəsinə rayonun Güloğlular kəndindəki bazar ərazisində yanğın baş verməsi ilə bağlı məlumat daxil olub. Məlumat daxil olan kimi Bərdə Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili şəxsi həyətlə birgə hadisə yerinə göndərilib. Hadisə yeri qiymətləndirilərək yanğın böyük olduğundan 2 saylı çağırış elan olunub. Çağırışla Bərdədən 5 yanğınsöndürən avtomobil, həmçinin Tərtər, Yevlax və Ağdamdan hər biri 1 yanğınsöndürən maşın şəxsi həyətlə birlikdə hadisə yerinə gəlib. Yanğın həddən artıq böyük olduğundan 9 yanğınsöndürən avtomobil, 50-dən çox şəxsi heyət cəlb olunub.
M.Əliyev bildirib ki, yanğın 09:11 radələrində tam söndürülüb. Yanğın olan ərazidəki obyektlər çiy kərpicdən olduğundan və binanın dam örtüyü bağlı olduğundan yanğının söndürülməsində çətinlik olub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
Görülmüş operativ tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq tam söndürülüb.
Yanğının mürəkkəbliyi nəzərə alınaraq yanğınla mübarizə məqsədilə Bərdə rayon Yanğından Mühafizə Hissəsi ilə yanaşı, Yevlax, Ağdam, Tərtər və Ağcabədi rayonlarının Yanğından Mühafizə hissələrinin də müvafiq qüvvələri cəlb olunub.