Külli miqdarda mənimsəmədə ittiham olunan şirkət rəhbərinə hökm oxunub

Külli miqdarda mənimsəmədə ittiham olunan şirkət rəhbərinə hökm oxunub
# 19 aprel 2024 17:03 (UTC +04:00)

Xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan şirkət rəhbəri Üzeyir Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən təqsirləndirilən Üzeyir Həsənov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı Üzeyir Həsənovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, Üzeyir Həsənov Müdafiə Nazirliyinin sifarişi əsasında rayonlardan birində silah-sursat anbarının tikintisi, o cümlədən, ərazinin abadlaşdırılması, mebel avadanlıqlarının quraşdırılması üçün büdcədən ayrılmış vəsaiti mənimsəyib.
Şirkət rəhbəri 2011-2017-ci illərdə silah-sursat anbarının tikintisi, orada kommunikasiya xətlərinin, mebellərin quraşdırılması zamanı öhdəliklərini tam şəkildə yerinə yetirməməkdə, qiymətləri sənədlərdə şişirtməkdə ittiham edilir. Həmin iş üzrə 7 milyon 353 milyon manat büdcə vəsaitinin mənimsənildiyi iddia olunur.

O, həmçinin Azərbaycan Tarixi Muzeyində mənimsəməyə görə ittiham edilir. İttihamda göstərilib ki, Üzeyir Həsənov 2018-2019-cu illərdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Tarix Muzeyinin ekspozisiyasının təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərin aparılmasını üzərinə götürüb. Lakin öhdəliyə əməl olunmayıb. O, bu epizod üzrə 1.8 milyon manatlıq yeyintidə ittiham olunur.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR