Ötən gün axşam saatlarında Masallı rayonunun Böyük Kolatan kəndində yerləşən Bəynisə Həsənovaya məxsus 4 otaqlı yaşayış evinin onun oğlu tərəfindən yandırıldığı müəyyən edilib. Belə ki, sözügedən yanğının həmin vaxt spirtli içkinin təsiri altında olan Vüsal Səfərov tərəfindən törədilməsi məlum olub.
APA-nın cənub bürosunun məsələ ilə bağlı sorğusuna cavabında DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev də faktı təsdiqləyib: “İlkin araşdırma zamanı 120 kvadratmetr sahəsi olan fərdi yaşayış evinin həmin ünvanda yaşayan V.Səfərov tərəfindən yandırıldığı müəyyən edilib. Hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
***
08:59
Masallı rayonunun Böyük Kolatan kəndində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.