Bank Of Baku

DYP Tərtərdə ər-arvadın öldüyü yol qəzası barədə məlumat yayıb - YENİLƏNİB

DYP Tərtərdə ər-arvadın öldüyü yol qəzası barədə məlumat yayıb - YENİLƏNİB
# 17 iyul 2026 15:24 (UTC +04:00)

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Tərtərdə dünən iki nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb.

İdarədən APA-ya verilən məlumata görə, ötən gün saat 16 radələrində, Tərtər rayonunun Təzəkənd kəndinin ərazisində Bərdə rayon sakini 64 yaşlı Adil Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn Əzim Əhmədovun idarə etdiyi “DAF” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində Adil Əhmədov və sərnişini – həyat yoldaşı Elza Əmirova hadisə yerində həyatlarını itirib, yük avtomobilinin sürücüsü isə xəsarət alıb:

"İlkin araşdırmalara görə hadisənin “Mercedes” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verməsi ehtimal olunur.

Baş Dövlət Yol Polisi İdarəsi ehtimal olunan səbəbdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin qeydə alındığını bir daha təəssüf hissi ilə xatırladır və hazırda mövsüm üçün xarakterik olan isti havanın sürücülərin əhval-ruhiyyəsinə, ətraf mühitə reaksiyasına mənfi təsir göstərdiyini nəzərə alaraq, onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, günün nisbətən sərin vaxtı yola çıxmağa, uzaq məsafələrə səfərlər zamanı qısa müddətli istirahət etməyə çağırır.

Unutmayaq, təhlükəsizliyimizə diqqət həyatımıza və doğmalarımıza verdiyimiz dəyərdir".

***

16 iyul, 18.16

Tərtər rayonunda minik avtomobili yük maşını ilə toqquşub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili ilə "MAN" markalı yük avtomobilinin iştirakı ilə yol-qəza hadisəsi baş verib və hadisə nəticəsində “Mercedes” markalı avtomobildə 2 nəfərin meyiti sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə Bərdə rayonu, Qaraqoyunlu kənd sakinləri - 1962-ci il təvəllüdlü Əhmədov Adil İbrahim oğlunun və 1973-cü il təvəllüdlü Əmirova Elza Novruz qızının meyitlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR