Bakı. Şəhriyar Əlizadə - APA. “Milli Dövlətçilik Partiyasının hazırda həbsdə olan sədri Nemət Pənahlının anası Sara Pənahlının yas mərasimində iştirakına icazə verilməsi ilə bağlı heç bir məlumatımız yoxdur”. Bunu APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov verib.
M. Sadıqov bildirib ki, yas mərasimində iştirak etmək üçün məhkum cəza çəkdiyi müəssisənin rəisinə müraciət etməlidir: “Bundan sonra onun müraciətinə baxılır və qərar verilir”.
N. Pənahlının qardaşı oğlu Pənah Pənahlı isə ailə üzvlərinin hazırda N. Pənahlının yanında olduğunu deyib: “Nemət Pənahlının həyat yoldaşı və oğlu hazırda onun yanındadır. Yəqin ki, bu gün onun yas mərasimində iştirakı üçün müəssisə rəhbərliyinə müraciət olunacaq” .
Qeyd edək ki, 2011-ci il yanvarın 8-dən həbsdə olan Nemət Pənahlı xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma cinayətində təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.