Bakı. Fuad Cəfərov - APA. Bakıda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 31-də saat 13:00 radələrində Suraxanı rayonu Hövsan-Türkan yolunun 6-cı km-də Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Nicat Fərmanzadə idarə etdiyi «VAZ-21015» markalı avtomobillə Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Valentina Qaliyevanı vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Analoji hadisə Xətai rayonunun Zığ yolunda qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Hikmət Qoçuyev idarə etdiyi «BMW» markalı avtomobillə 1940-cı il təvəllüdlü Əlimşah Mustafayevi vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.