Bakı. Hafiz Heydərov – APA. Dövlət Sərhəd Xidməti (DSX) Aparatında 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, tədbir iştirakçıları faciənin ildönümü münasibətilə hazırlanmış sərgiyə baxış keçiriblər.
Tədbirin rəsmi hissəsində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində iştirak edən AMEA-nın tarix institutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov Azərbaycanın tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı məlumat verib. Tədbirdə çıxış edənlər SSRİ rəhbərliyinin göstərişi ilə 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə törədilmiş dəhşətli cinayətin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini, həmin tarixi gecədə Azərbaycan xalqının özünün yenilməzliyini, qəhrəmanlığını, vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizəsini bütün dünyaya bir daha bəyan etdiyini bildiriblər.
Tədbirin sonunda 20 yanvara həsr olunmuş sənədli film nümayiş etdirilib.
Faciənin ildönümü ilə bağlı təsdiq olunmuş plana əsasən, DSX-nin bütün hərbi hissə və bölmələrində anım tədbirləri keçirilib, xalqımızın qürur mənbəyinə çevrilən şəhidlərin xatirəsi dərin ehtiram hissi ilə yad edilib.