Bank Of Baku

Dövlət Agentliyi süni intellektin rəqabət üçün yaratdığı riskləri açıqlayıb

Dövlət Agentliyi süni intellektin rəqabət üçün yaratdığı riskləri açıqlayıb
# 23 noyabr 2026 13:52 (UTC +04:00)

Nəzarətçi orqan kimi bizim vəzifəmiz süni intellektdən istifadə edən şirkətlərin bir-birinin və rəqiblərinin hüquqlarını pozmamasını təmin etməkdir. Buna görə də, süni intellektin sənayeyə zərər verə biləcəyi üç əsas istiqamət görürük.

“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev Azərbaycan-İtaliya Biznes Forumu çərçivəsində təşkil olunan panel sessiyalarında deyib.

Onun sözlərinə görə, birincisi, hesablama gücü və məlumatlarla bağlıdır: “Hamımıza məlumdur ki, bu, təkcə Azərbaycanda, yaxud İtaliyada deyil, qlobal miqyasda mövcud olan problemdir. Dünya məhdud sayda məlumat mərkəzlərinin üstünlük təşkil etdiyi bir istiqamətdə inkişaf edir və bu, nəzərə almalı olduğumuz ciddi məsələdir. Burada əsas sual hər kəsin həmin hesablama gücünə ədalətli çıxış imkanının necə təmin edilməsidir”.

Cəfər Babayev vurğulayıb ki, ikinci məsələ alqoritmlərlə bağlıdır: “Şirkətlər istehlakçıların seçimlərinə təsir göstərmək üçün alqoritmlərdən istifadə edirlər. Biz əmin olmalıyıq ki, bu alqoritmlər konkret bir şirkətin deyil, bütövlükdə cəmiyyətin maraqlarına xidmət edir, istehlakçıları aldatmır və onları yanlış istiqamətləndirmir”.

O qeyd edib ki, üçüncü məsələ isə bazarda təmərküzləşmədir: “Söhbət şirkətlər arasında, xüsusilə də məhdud resurslara çıxış imkanına malik olan şirkətlər arasında təmərküzləşmədən gedir. Eyni zamanda, onların müəyyən bir sahədə öz aralarında məhdudlaşdırıcı qərarlar qəbul etməyə meyilli olmaları da mümkündür. Mən demirəm ki, onlar bunu edirlər, sadəcə belə bir ehtimal mövcuddur”.

“Bəs biz nə etməliyik? İndiyədək ənənəvi iqtisadiyyatda tətbiq olunan qaydaları yenidən işləyib hazırlamalıyıq. Burada rəqabət orqanlarının, dövlət qurumlarının və istənilən nəzarətçi və tənzimləyici orqanın qarşısında duran əsas vəzifə süni intellekti də öyrənməkdir. Bundan başqa, biz də özümüzü inkişaf etdirməliyik. Öyrənirik, əməkdaşlarımıza təlimlər keçiririk. Özəl sektor və biznes nümayəndələri ilə paralel şəkildə bu yeni iqtisadiyyatın necə işlədiyini anlamağa çalışırıq. İkinci məsələ bu qaydaları tətbiq etməkdir. Lakin tətbiq zamanı tənzimləmənin həddindən artıq tənzimləməyə çevrilməməsinə diqqət yetirməliyik. Bir tərəfdən texnoloji inkişafı və innovasiyanı dəstəkləməli, digər tərəfdən isə bazarın digər iştirakçılarına özlərini qorunan hiss etmək, başqa tərəflərin qanunsuz və ya düzgün olmayan davranışlarından müdafiə olunmaq imkanı yaratmalıyıq”, - deyə Cəfər Babayev bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR