Rəqəmsal səyyahların (digital nomad) Azərbaycanda texnoparklarda sadələşdirilmiş qaydada qeydiyyatdan keçməsi üçün hüquqi mexanizm yaradılıb.
“APA-Economics” xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanov texnologiya və innovasiya sahəsində qanunvericilik dəyişikliklərinə həsr olunmuş media brifinqində bildirib.
Onun sözlərinə görə, rəqəmsal səyyah (digital nomad) xaricdə çalışan, gəlirlərini xaricdən əldə edən və yalnız Azərbaycanda yaşamaq üçün gələn bir şəxsdir:
“Təbii ki, onun gəlirliyi xaricdən formalaşacaq və onun gəldiyi üzrə meyarlar artıq qanunvericilikdə müəyyən olunub. Bu meyarlar xüsusilə son 6 ayda orta aylıq haqqı minimum əməkhaqqının 13 misli miqdarında olmalıdır, yəni bu ortalama 5000–5200 manat civarında olan rəqəmsal səyyahdan söhbət gedir. Və həmin şəxslər artıq Azərbaycana gəlməklə və yalnız hüquqlarımızı almaq şərtilə, texnoparkda sadələşdirilmiş qeydiyyatdan keçməklə Azərbaycanda yaşaya biləcəklər. Eyni zamanda xaricdən əldə etdikləri gəlirlərlə bağlı vergidən azad olunma prinsipi, təbii ki, burda da qorunacaqdır,”- o qeyd edib.
Onun sözlərinə görə, rəqəmsal səyyahların Azərbaycana gəlməsi yüksəkixtisaslı mütəxəssislərin ölkəyə cəlb edilməsinə və İKT sektorunun inkişafına töhfə verəcək. Bununla yanaşı, həmin şəxslərin gəlirlərini ölkə daxilində xərcləməsi və yaşayışla bağlı məsrəfləri də iqtisadiyyata müsbət təsir göstərəcək.
Fərid Osmanov vurğulayıb ki, rəqəmsal səyyahların ilkin qeydiyyatı, eləcə də müvəqqəti və sonradan daimi yaşayış statusu əldə etmələri ilə bağlı normalar artıq qanunvericilikdə təsbit olunub.