Azərbaycanda innovasiya ekosisteminin formalaşması məqsədilə bir sıra qanunvericilik layihələri hazırlanıb.
“APA-Economics” xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanov jurnalistlər üçün təşkil olunan “Azərbaycanda rəqəmsal və innovasiya ekosisteminin inkişafı: yeni qanunvericilik imkanları” mövzusunda təlimdə bildirib.
Sədr qeyd edib ki, innovasiya deyərkən hamımızın qarşısına çıxan ilkin fikir startap ekosisteminin formalaşdırılmasıdır:
“Kiçik və orta sahibkarlıq subyektlərinin daha çox innovativ layihələrin icrasına köklənməsi və onların rahat xarici bazarlara çıxışını və maliyyə vəsaitlərinin əlçatanlığının artırılması, eyni zamanda yetkin bilik və bacarığa malik olan insan kapitalının deyək ki, sahiblənməsi, bu şirkətlərə cəlb edilməsi imkanlarının formalaşdırılmasıdır. Hesab edirik ki, artıq tərəfimizdən hazırlanmış bir sıra qanunvericilik layihələri ayrı-ayrı qurumlarla razılaşdırılmış və bu, məhz bu innovasiya ekosisteminin formalaşmasında ciddi töhfəsini verəcək”.