- Mənə elə gəlir ki, bu gün Azərbaycan rejissorluğunun ən böyük problemi nəsillərin dəyişməsi ilə bağlıdır. Bizim sənətimizə də yeni qüvvələr gəlir və onlar çox vaxt özündən əvvəlki nəsli qəbul etmirlər. Bu onların haqqıdır və mən buna çox normal baxıram. Amma onların özlərindən əvvəlki nəslə qarşı “filankəs nə iş görüb, o neyləyib ki?!” iddiasını qəbul edə bilmirəm. Belələrinə “qınından çıxıb qınını bəyənməyənlər” də demirəm, çünki onlar hələ heç qınlarından çıxmayıblar. İş görmək üçün həyat, təcrübə məktəbi, sənətin əsaslarını bilmək lazımdır. Başa düşə bilmirəm ki, onlar rejissorluğu niyə belə asan iş hesab edirlər? Niyə elə hesab edirlər ki, hər toyu çəkən operator gəlib rejissorluq edə bilər? Elə rejissor tanıyıram ki, bir kitab belə oxumayıb. Onlar televiziya filmlərinə, hansısa kliplərə baxıb meymun kimi təkrarçılığa rejissorluq deyirlər. Mən bədii ədəbiyyatdan, dünyanın mədəni sərvətindən xəbərsiz olanlara rejissor deyə bilmərəm axı?! Rejissorluq böyük sənətdir. Bu mənada, ola bilsin yeni nəsillə mənim aramda müəyyən təzad var. Amma mən ciddi rejissoram, bilirəm ki, sənətin sirlərini öyrənməsən, dünya mədəniyyəti ilə hərtərəfli tanış olmasan, sənətdə söz demək çətindir. Rejissor hər yeni işində çətin sınaq qarşısındadır. Mən 42 ilin rejissoruyam, amma hər yeni işdə yalnız təcrübəyə arxalana bilmirəm.
- Rejissorların ixtisaslaşması zəruridirmi?
- Bəli, hər sahənin öz mütəxəssisi olmalıdır. Rejissorların da aid olduğu görüntülü sənətin teatr, kino, televiziya rejissorluğu var. Televiziya rejissorluğu bir qədər çoxşaxəlidir. Bütün bu istiqamətlərin Azərbaycanda baniləri və davamçıları olub. Azərbaycan televiziyasının yaranması ilə başlayan televiziya rejissorluğunun əsasını Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev, Kamil Rüstəmbəyov qoyub. Mən özümü üçüncü rejissor nəslinə aid edirəm. Bizdən sonra da gələnlər var, onların arasında uğur əldə edənlər də olub, sənətdə uğur qazana bilməyənlər də...
- Qəribədir ki, Azərbaycan sənəti bu günəcən aktyorların hakimliyindən xilas ola bilmir, bəlkə rejissor məktəbimiz zəifdir, ona görə?
- Rejissor sənəti sinkretik sənətdir, hər sənətdən müəyyən nümunələri götürüb özündə birləşdirir. Ona görə də “Rejissor kimdir” sualına dərhal cavab vermək çətindir. Məsələn, rəssam rəsm çəkir, yazıçı əsər yazır, aktyor rol oynayır, bəs rejissor nə edir? Rejissor yozum verir. Tamaşada, filmdə gözə görünən nə varsa, hamısı rejissorun təxəyyülüdür. Ola bilər ki, bu gün Azərbaycanda orijinal tamaşaların sayı istənilən qədər deyil, amma səviyyənin belə aşağı olmasını təkcə rejissora bağlamaq düzgün deyil. İki nəfərin meydanda, xalçanın üstündə tamaşa göstərməsi dövrü artıq çoxdan keçib. İndi La Skalanın, Böyük Teatrın tamaşalarında artıq böyük meydan görünür. Tamaşaçı indi belə böyük meydan istəyir. Əgər biz bu meydanı tamaşaçıya vermiriksə, səbəb təkcə bizim rejissorların fantaziyasının məhdudluğu yox, həm də imkansızlıqdır.
- Adətən, rejissorlar bütün uğursuzluğun səbəbini maliyyə çatışmazlığı ilə izah etməyi sevirlər. Yəni doğrudanmı, yüksək maliyyə maksimum uğur vəd edir?
- Uğurlu film və ya tamaşa bütün komponentlərin vəhdətindən yaranır. Ssenarinin zəifliyi və ya uğursuz operator işi filmin taleyinə eyni dərəcədə mənfi təsir göstərir. Yalnız bir uğursuzluq kifayətdir ki, filmin bütün uğurunu ardınca aparsın. Film həyatını varlığı ilə sübut etməlidir, premyerada tamaşaçının bəyənməsi ilə iş itmir. Azərbaycanda bu gün kinoteatr sistemi demək olar ki, yoxdur. Təsəvvür edin, 2008-ci ildir, bizim isə indiyədək Dolbi səsləndirmə sistemi ilə cəmi iki filmimiz var - “Hökmdarın taleyi” və “Qala”. Düzdür, dövlətin kinonun inkişafı ilə bağlı böyük fikirləri var. Festivalların, müsabiqələrin keçirilməsi yaradıcılığa müəyyən təsir göstərir, amma biz Azərbaycan kinosunun sıçrayışı üçün hələ indi-indi addımlar atmağa hazırlaşırıq.
- Bəs televiziya mühitində vəziyyət necədir?
- Əslində ekran real vəziyyəti göstərir. Bu gün Azərbaycan telekanalları daha çox əyləndirməyə meyl göstərir. Lakin bu meyl məni qane etmir. Tamaşaçını əyləndirməklə yanaşı, onun zövqünü formalaşdırmaq, bir növ onu öyrətmək lazımdır. Mənə elə gəlir ki, bu, çox zaman baş vermir. Televiziya filmlərinə və tamaşalarına münasibət dəyişməlidir.
- Bu prosesdə vaxt kimin xeyrinə işləyir?
- Zaman ilk növbədə tamaşaçının zərərinə işləyir. Sənətə daxil olan, amma ona layiq olmayanlar tamaşaçının vaxtını oğurlamaqla məşğuldurlar. Azərbaycan tamaşaçısı bu gün serial istəyir. Amma Azərbaycanda, rejissorlar bütün uğursuzluğun səbəbiniə serial bazarı yoxdur. Rusiya və ya Türkiyəni maraqlandıran seriallar istehsal edə bilmirik. Bəli, ola bilsin ki, sənətkarlıq cəhətdən bizim filmlər başqa ekranlara yol tapa bilmir, amma bu, hələ o demək deyil ki, bizdə professionallar yoxdur. Mənim fikrimcə, telekanalların fəaliyyəti üçün ayrıca dövlət proqramı olmalıdır. Bir müğənninin ifasını verməklə sənəti yaşatmaq mümkün deyil. Məsələyə daha geniş baxmaq lazımdır. Dünya qloballaşır, bu qlobal dünyada Azərbaycan mədəniyyətinin görünməsi çox vacibdir. Ona görə də Azərbaycanın ən yaxşı qüvvələri bu işə cəlb olunmalıdır.
- Sizcə, milli serialların çəkilməsinə haradan və nədən başlamaq lazımdır?
- Prodüser Mərkəzlərinin yoxluğu bu prosesi ləngidir. Prodüser bütün ağırlığın altına girən, yaxşı ssenari, operator, rejissor, aktyor tapan, bazara girə bilən adamdır, bir sözlə istehsalçıdır. Məsələn, “Hökmdarın taleyi” prodüser filmidir. Hiss olunur ki, Vaqif Əsədullayev növbəti addımını daha professional, daha yüksək səviyyədə atacaq. Mən arzu edirəm ki, belə prodüser fəaliyyəti təkcə kinoda yox, teatrda, televiziyada da olsun. Prodüser təkcə aparıcı qüvvə deyil, həm də yaradıcılığın stimuludur. İndi vəziyyət elədir ki, hər hansı işi görmək üçün hökmən bir lider olmalıdır. Əvvəllər bütün işləri rejissor edərdi, indi də bəzən rejissor özü bütün yükü üzərinə götürür, amma istehsalat məsələlərini həll etməyə, müəyyən əlaqələr qurmağa rejissorun gücü çatmır.
- Sizin ikinci bədii filminiz olan “Cavid ömrü”nü ekranda necə görürdünüz, nəticədən razı qaldınızmı?
- Həyat təsadüflərlə doludur. Mənim bədii filmlərim, istər ilk işim olan Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyim “Ailə”, istərsə də “Cavid ömrü” xoşbəxt təsadüflərin nəticəsidir. Amma hər bir xoşbəxt təsadüfin də gərək alt qatı, onun zəruriliyini isbat edən amil olsun. Mən bir rejissor kimi ömrüm boyu Azərbaycan dramaturgiyası ilə işləmişəm, bircə “Günahsız Abdulla”dan başqa... Mən hesab edirəm ki, Azərbaycan ədəbiyyatında, dramaturgiyasında hələ qatı açılmayan səhifələr var, onlarla məşğul olmağa nəsil-nəsil rejissor tələb olunur. Film çəkilib və tamaşaçıların ixtiyarına verilib. Mən bu işdə sonacan ədalətli, vicdanlı olmağa çalışmışam.
- Amma “Cavid ömrü ”nü tamaşaçılar birmənalı qarşılamadı...
- Deməli, tamaşaçılar artıq elə səviyyəyə gəlib çıxıblar ki, uğur içində uğursuzluğu və uğursuzluq içində olan uğuru görə bilirlər. Mən belə münasibətə yalnız sevinə bilərəm.
- Filmin çəkilişi zamanı Sizə daha çox nə mane olurdu?
- Bizim kino istehsalımızın gerçəkliyi, qeyri-professionallıq mənə mane olurdu. Bu filmin çəkilişi zamanı mütəxəssis tapa bilmirdik. Ona görə də filmi yarımprofessionallarla işləməyə məcbur olduq.
- Ramiz Həsənoğlunun tarixi şəxsiyyətlərə və tarixi əsərlərə sevgisi hiss olunur, bu sevgini necə izah edərdiniz?
- Komediyalara da hədsiz sevgim var - “Ac həriflər”, “Evləri köndələn yar”, “Ordan-burdan” və s. Mən dramdan sonra komediyanı, komediyadan sonra tarixi əsəri, melodramı səhnələşdirməyə özümdə bir aclıq hiss edirəm. Bu müxtəlifliklə bir tarazlıq yaratmaq istəyirəm.
- Sizin quruluş verdiyiniz “Topal Teymur” tamaşanızın artıq 25 illiyi qeyd olunur. Hansısa mizanı dəyişmək, tamaşanı yenidən səhnələşdirmək istərdinizmi?
- Mən bu tamaşaya hazırlıq vaxtı müəyyən tarixi materialları oxumuşdum, ona görə də işə çox böyük bir səksəkə ilə yanaşırdım. Əslində, 1926-cı ildən nümayişinə qadağa qoyulan bir tamaşanın təkrar 1983-də ekrana çıxması asan deyildi. Bu faktla yanaşı, Əmir Teymurun da şəxsiyyəti ilə bağlı müəyyən sirli informasiyalar yaradıcılığa təsir göstərirdi. 1941-ci il, iyunun 21-də Əmir Teymurun qəbri açıldı və ertəsi gün II dünya müharibəsi başladı. Həmin ekspedisiyanın üzvləri müəmmalı şəkildə həlak olsalar da, Teymurun kəllə sümüyü əsasında onun sifət cizgiləri işləndi. Bütün bu fotoşəkillər təsadüfən mənim əlimə keçdi. Təsadüfən, 1983-cü il iyunun 21-də Azərbaycan Televiziyasının hazırladığı tamaşa ilk dəfə efirə getdi... Biz ilk dəfə böyük ekranda tamaşaçıya türkçülüyü, türk hökmdarlarının yeni bir ampluasını təqdim etdik. Bu tamaşa ilə biz həm tamaşaçının baxışını dəyişdik, həm də diqqəti televiziya tamaşalarına yönəltdik. Biz xoşbəxt idik ki, bu işi məhz biz gördük, çünki biz eləməsək də, onu başqaları edəcəkdi. Yəni, dövr özü bu tamaşanı artıq ekrana gətirirdi.
- Rejissorun öz aktyor ansamblını yaratmasına ehtiyac varmı?
- Vaxt olub ki, mən də bir qisim aktyorlarla daim işləmişəm, amma indi belə düşünmürəm. Rejissorun uğuru həmişə eyni aktyoru yox, aktyoru dəqiq seçmə bacarığındadır.
- Prodüser Mərkəzi yaratmaq istəyirsinizmi?
- Belə bir fikrim var.
- Operatorların və aktyorların yaşa dolduqca rejissorluğa başlamasına münasibətiniz necədir?
- Çox yaxşı. Bunlar bir-birinə bağlı sahələrdir. Mənə elə gəlir ki, aktyorluqdan rejissorluğa gələnlər burada özünü rahat hiss etməlidirlər. Amma bu əziyyətli işi görməyə daxili bir ehtiyac hissi olmalıdır. Bəzən çox gözəl aktyorun rejissorluğu zəif alındığı kimi, bəzən də gözəl rejissorun aktyorluğu aşağı səviyyədə olur.
- Hansı obrazı Azərbaycan sənətinə gətirmək istəyirsiniz?
- Mirzə Fətəli Axundovun obrazını, ümumiyyətlə, o dövrü Azərbaycan sənətinə, səhnəsinə gətirmək istəyirəm. O dövrün müəyyən məqamları “Hökmdarın taleyi”ndə göründü, amma dövrün özü çox maraqlıdır. Hazırda Mirzə Fətəli Axundovun “Mürafiə vəkillərinin hekayəti” dramı əsasında televiziya tamaşası hazırlayıram.
- Hobbiniz varmı?
- 1972-ci ildən 1991-ci ilə qədər gündəlik yazmışam, sonra dayanmışam, bir də 2004-dən başlayaraq hər gün gündəlik yazıram. Bilirsinizmi, ən böyük bəlam nədir? Mən insanlara çox vaxt uyuşa bilmirəm. Bu, mənim ən böyük bəlamdır...