Bank Of Baku

Baba Vəziroğlu: “Rasim Ocaqov, Rasim Balayev və Abbas Əliyev birləşib məndən danos yazdılar”- EKSKLÜZİV

Baba Vəziroğlu: “Rasim Ocaqov, Rasim Balayev və Abbas Əliyev birləşib məndən danos yazdılar”- <font color=red>EKSKLÜZİV </font>
# 04 iyul 2008 09:50 (UTC +04:00)
- Sizin yalnız bir bəstəkarla işbirliyinizin səbəbi nədir?
- Mənim şerlərimə yazılan ilk nəğmələr 16-17 yaşımda Şövkət Ələkbərovanın ifasında səslənib. Onda Oqtay Rəcəbov, Firəngiz Babayeva kimi bəstəkarlarla işləyirdim. İndiyə qədər mindən çox mahnıya söz yazmışam. Məncə, Azərbaycanda mahnı janrında mənim qədər mahnı mətni yazan ikinci şair yoxdur. Belə demək mümkündürsə, mən şou-biznes aləmində oldum, Emin Sabitoğlu, Telman Hacıyev, Eldar Mansurov, Faiq Sücəddinov, Elza İbrahimova və daha kimlərlə əməkdaşlıq etdim. Özümdən bir onda razıyam ki, bu qədər şou-biznes aləmində çalışıb, burdan pul qazandım, amma bu aləmin üzvi ola bilmədim. Bəlkə mənim insani keyfiyyətlərim bu aləmin parametrləri ilə düz gəlmədi və mən bu aləmin çirkabına bulaşmadım. O ki qaldı, yalnız bir bəstəkarla işləməyimə, Siz yəqin ki, Kamalı nəzərdə tutursunuz. Biz on ildən artıqdır ki, tanışıq, bu müddət ərzində həm uğurlu yaradıcı işbirliyimiz , həm də şəxsi dostluğumuz formalaşıb. Bu gün bizim nəğmələrimiz ilk efir həyatından artıq populyar olur. Orta Asiya Respublikalarında, Türkiyədə mahnılarımız çox böyük uğur qazanıb. Amma mənim başqa bəstəkarlarla da işbirliyim olur.
- Amma belə məlumat var ki, Siz hazır musiqilərə mətn yazırsınız...
- Ümumiyyətlə, mahnı yaradıcılığında iki üsul var. Birincisi, şair şerini yazır, sonra bəstəkar ona uyğun mahnı bəstələyir. Bu şair üçün çox asan üsuldur və klassik metoddur. İkincisi isə, şair hazır musiqiyə mətn yazır. Bu, çox çətindir, məncə indi Azərbaycan poeziyasının bir çox görkəmli nümayəndələrinin mahnı janrında fəal iştirak etməməsinin səbəbi də budur. Çünki belə olanda sən hazır musiqinin çərçivəsindən kənara çıxa bilmirsən. Eyni zamanda elə mətn yazmalısan ki, həmin mətn musiqi ilə uyğun gəlsin, axı musiqinin də öz məzmunu var, sözlə musiqinin məzmunu üst-üstə düşməsə, uğurlu əsər alınmaz. Bizim işbirliyimizdə belə nüanslar var, amma məsələn, Heydər Əliyevə həsr olunmuş “Xalq Heydər söyləyəcək” mahnısını Kamal müəllimlə eyni vaxtda fikirləşmişik. Bu mahnının sözləri yaranandan sonra ona musiqi bəstələnib.
- Amma, deyəsən, musiqiyə söz yazanda da mahnıların hitə çevrilmə problemi olmur...
- Ümumiyyətlə, mahnının hitə çevrilməsinin dəqiq reseptini vermək mümkün deyil. Bəzən müəlliflərə elə gəlir ki, hansısa mahnı hitə çevriləcək, amma gözlənildiyinin əksinə olur. Bu reseptsizlik bir çox sahələrə aiddir, o cümlədən də mahnı yaradıcılığına.
- Bəlkə burada müğənni faktoru da var?
- Müğənni faktoru da ola bilməz. “Xalq Heydər söyləcəyək” mahnısı Ağadadaş Ağayevin ifasında çox populyar oldu, ancaq onun ifasında bir çox mahnılar var ki, bizim aləmimizdə çox gözəl mahnılardır, amma hitə çevrilə bilmədi.
- Amma “Bağışlaram səni” Faiq Ağayevin ifasında hitə çevrilə bilmədi, Nəsibə Abdullayeva isə bunu bacardı...
- Belə də olur. Amma mən günahı təkcə müğənnin üzərinə yıxmağın tərəfdarı deyiləm. Mahnı üç ürəyin bir ritmdə döyünməsidir. Bu ürəklərin biri falş vursa, həmin ritmdə mahnı alınmayacaq.
- Bir mahnının bir neçə müğənni tərəfindən ifa olunmasının necə qarşılayırsınız?
- Biz bunu istəsək də, istəməsək də reallıqla barışmalıyıq. Çünki mahnıları yazıb efirə çıxarandan sonra olanlar bizim iradəmizdən asılı olmur. Elə bil quş idi, uçdu və hara qonmağı, hara getməyi bizdən asılı deyil. Bu mənada bir mahnının bir neçə müğənni və ya kollektivlər tərəfindən ifa olunması müəllifə ancaq uğur gətirə bilər. Bu şərtlə ki, bizim bədnam qonşularımız kimi mahnının öz adlarına çıxarmasınlar. Mahnının təkrarən müxtəlif ifaçılar tərəfindən oxunması çox gözəldir.
- Deyirlər, Heydər Əliyev ən ağır anlarında belə “Xalq Heydər söyləyəcək” mahnısını arzulayıb...
- Bəli... Hər dəfə mən Heydər Əliyev haqqında düşünəndə bir neçə insani anı xatırlayıram. Mənim yadıma düşür ki, Heydər Əliyev səhhətinin ən ağır çağlarında, vətəndən uzaqda bəlkə də o dərin düşüncəsi ilə artıq həyatla vidalaşanda belə, təkrarən musiqiyə qulaq asmaq istəyib. Bu onun böyük zənginliyinin daha bir nümunəsidir. Bu faktı gözlərim yaşarmadan xatırlaya bilmirəm. Həqiqətən də ürək titrədən hadisədir. Bu mənim bir şair və Kamalın bir bəstəkar kimi xoşbəxtliyidir ki, Heydər Əliyev ömrünün son günlərində məhz bu mahnını dinləməyi arzulayıb.
- Deyəsən, mahnını məhz Ağadadaş Ağayevin ifasında istəyib...
- Bəli, məhz Ağadadaş Ağayevin ifasında qulaq asıb. Heydər Əliyev bu mahnını iki variantda daha çox xoşlayırdı. İlk variantda bu mahnını Ağadadaş Ağayev, Ruhəngiz Allahverdiyeva, İlqar Muradov və Brilliant Dadaşova birgə ifa edib. Heydər Əliyev həm bu variantı xoşlayırdı, həm də Ağadadaş Ağayevin solo ifasını.
- Ağadadaş Ağayevlə münasibətlərinizdə soyuqluq olduğunu deyirlər...
- Mən Ağadadaş Ağayevlə sonuncu dəfə Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı Qəbələdə keçirilən tədbirdə eyni səhnədə olmuşam. Elə sonuncu görüşümüz də orada olub. Həmin səhnədə Ağadadaş mənim, mənsə onun ünvanına çox yaxşı sözlər demişik. Elə bir problemimiz yoxdu.
- Nəsibə Abdullayeva ilə işbirliyi davam edirmi? May ayı üçün nəzərdə tutulan konsert niyə baş tutmadı?
- Nəsibə xanımla işbirliyi çox yüksək səviyyədə gedir. İlk işbirliyimiz Kamalın “İnan mənə” mahnınısının onun əlinə düşməsi ilə başlayıb. İlk olaraq onun “Səndən nigaranam” mahnısı xoşuna gəlmişdi, özü orada aranjiman etdirmişdi. Bir gün Özbəkistandan gələn tanış adamın vasitəsi ilə o diski aldıq. Sonra bu mahnı Nəsibə xanımın ifasında xoşumuza gəldi. Ondan sonra klipi aldıq, həmin klip də Özbəkistanda çəkilib. Özü mənə zəng etdi və onu bura dəvət etdim. Gəldi və Azərbaycana yaxından tanış oldu. İşbirliyinin əsası da elə bu səfərdə qoyuldu. Mən ilk dəfə gördüm ki, tamam başqa bir ölkədə yaşayan, azərbaycanlı olmayan bir sənətçinin Vətənimizə bu qədər böyük sevgisi ola bilər. Çoxları elə bilir ki, Nəsibə Abdullayeva azərbaycanlıdır. Ancaq onun bir tərəfi özbəkdir, bir tərəfi isə tacik, Səmərqənddə anadan olub. İki dəfə ailə qurub, hər iki həyat yoldaşı da azərbaycanlı olub. Səfərə də elə həyat yoldaşı ilə gəlmişdi. İndiki həyat yoldaşı əslən Gədəbəydən olan cavan bir oğlandır. Azərbaycan dilini də çox gözəl bilir, hətta bizim çox müğənnilərimizin çoxundan səlist və savadlı danışır. Bu da onun bu xalqa, bizim millətə və məmləkətə məhəbbətinin böyüklüyndən irəli gəlir. Nəsibə xanım yaxın vaxtlarda Bakıda böyük solo konsert verəcək. Bu konserti Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində keçirməyi nəzərdə tutmuşduq. Sonra qərar gəldik ki, bütün il Heydər Əliyev ilidir və bu konserti tez-tələsik eləməyək. Yüksək səviyyədə bir layihə hazırladıq və indi hazırlıqlar davam edir.
- Nəsibə Abdullayeva ilə işbirliyiniz yerli sənətçilər tərəfindən qısqanclıqla qarşılandı...
- Bizim yerli müğənnilərlə şərikli malımız yox idi ki, onu da böləndə nə isə problem yaransın. Mahnıdır yazmışıq, bu mahnı bizə aiddir. “Səndən nigaranam” mahnısını yazanda bizə elə gəlirdi ki, Aygün Kazımova bunu daha gözəl ifa edəcək, buna görə də mahnı ona verildi. Biz mahnını ona satmamışıq, təmənna güdməmişik, müqavilə bağlamamışıq, müəllif hüquqlarımızı ona bəxş etməmişik. Mahnının müəllifləri bizik, biz müəlliflər olaraq onun başqaları tərəfindən oxunmasına darılmırıqsa, Aygün Kazımova niyə darılmalıdır? Bu mahnını hər bir müğənni özünəməxsus oxuyub. Həyatda heç nə təkrar olunmur. İfalar da nə bir-birini əvəz edə, nə də təkrarlana bilər. Mənə elə gəlir ki, əgər hansısa müğənninin ifasında bu mahnını bəyənməsəydik, o zaman onun oxumasına qadağa qoyulardı.
- Ümumiyyətlə, indiyə qədər kiməsə qadağa qoyulub?
- Yox, belə faktı xatırlamıram. Bəlkə də ürəyində haradasa Kamal müəllimin bəyənmədiyi ifa olub. Amma o belə məsələlərə xırdalıq kimi baxdığından heç vaxt büruzə verməyib.
- Mahnılarınızı satırsınız?
- Kamal müəllimlə işbirliyimiz nəticəsində yaranan mahnılarda birmənalı şəkildə maddi baza heç bir rol oynamır. Amma mən digər bəstəkarlarla işbirliyində nəğməkar şair kimi peşəkarlığımı qiymətləndirirəm. Səmimi deyim ki, heç ucuz da qiymətləndirmirəm.
- Mətbuatda tez-tez Sizin “Space” telekanalının prezidenti olacağınızı yazırlar. Nə dərəcədə doğru informasiyadır?
- Mən də bu məlumatı Sizin kimi qəzetlərdən oxuyuram. Əsası olmayan xəbərlərdir. Televiziya şirkətlərinə prezidenti mətbuat nümayəndələri yox, tamam başqa qurumlar və şəxslər təyin edir. Bir halda ki, söhbət konkret “Space”dən gedir, oranın təsisçisi var. Yəni bu mətbuatın yazmağı ilə həll olunmur. Amma bəlkə də bu şayiələr mənim keçmişdəki jurnalist fəaliyyətim və ən böyük arzularımdan birinin yerli televiziya kanallarını düzəltmək olmasından qaynaqlanır.
- Yerli kanallarda nədən narazısınız?
- Ən azı Rusiyanın televiziya kanallarına baxanda bizim televiziyaların nə qədər geridə olduqları görünür. Aparıcılar, danışıq və davranış etikası, müsahibə yanaşma, efir dizaynı, mövzu rəngarəngliyi... Bizim telekanallara baxanda adamın ürəyi bulanır.
- Sizin həm də gözəl nəsr əsərləriniz olub. Amma niyəsə sonradan bunu davam etdirmədiniz...
- Mənə nəğməkar şair deyəndə heç xoşum gəlmir. Əvvəllər, hətta şair adlandırılanda belə xoşuma gəlmirdi. Nəsr diletant oxucunun sevmədiyi janrıdır. Bu gün Cexovun, Dostayevskinin Azərbaycanda barmaqla sayılası qədər oxucusu var. Sovet dövründə həqiqətən də ciddi ədəbiyyata tələbat var idi və o dövrdə ciddi oxucu da yetişdirildi. İndi həmin ciddi oxucunun yerini dinləyici, tamaşaçı, şou həvəskarı tutdu. Mən indi də nəsr yazıram, amma onu hələlik ortaya çıxarmıram, çünki bu gün o əsərlərə tələbat görmürəm.
- Azərbaycan Yazıçılar Birliyinin qalmasının tərəfdarlarındansınız?
- Bəli, bu humanitar bir təşkilatdır. Yazıçılar yığışırlar, söhbət edirlər, bəzən bir yaşlı qələm adamının yubileyi keçirilir. Bunun qalmasının kimə nə ziyanı var ki?
- Prezident təqaüdünə təqdim olunan siyahıda Sizin də adınız var?
- Yox, mənim iddiam olmadığı üçün, müraciət etməmişəm. Fikirləşirəm ki, normal, əli qələm tutan yazıçının təqaüd istəməsi eyibdir. İnsan öz əlinin zəhməti ilə dolanmalıdır. 50 ildən sonra qocalarıq, əlimiz qələm tutmaz, o zaman dövlətdən təqaüd istəmək olar.
- Postmodernist yazarların əsərlərini oxuyursunuzmu?
- Təbii oxuyuram və çox normal qarşılayıram. Biz bu yolları keçib gəlmişik, onlara elə gəlir ki, Amerika açırlar, amma Amerika çoxdan kəşf olunub. Vaxtilə bir kitabıma görə məni az qala həbsxanaya atırdılar. Mərkəzi Komitə, dövlət təhlükəsizlik orqanları sorğu-sual başlamışdılar. Guya orada antisovet elementlər tutmuşdular. Onda Vəfa Quluzadə partiyanın mərkəzi komitəsinin mədəniyyət şöbəsinin müdiri idi. O zamanlar mənə çox kömək elədi. Müəyyən ixtisarlarla o kitabı çap etdirdik. Amma bu gündə sağ olan bəzi akademiklər, yazıçılar məni millətçiliyə görə ittiham edirdilər. Amma mən indiyə qədər onların adını da çəkmirəm. Yəni belə davalar həmişə olub. Ədəbiyyatda nəsillərin savaşı labüddür.
- İndikilər Anara müxalifətdədirlər, Siz kimin müxalifəti idiniz?
- Məsələn, mən Əli Vəliyevi, Mirzə İbrahimovu qəbul etmirdim. Biz onlara ədəbi müxalifətdə idik. Deyirdik ki, Əli Vəliyev yazıçı deyil. Mirzə İbrahimovun “Gələcək gün” romanı əsər deyil və s. Amma indi ədəbi müxalifət deyil, indi şəxsi qərəzçilik var. Bizim nəsil onda bir tək Əli Kərimi bəyənirdi. Biz bunları çayxanalarda müzakirə edirdik. İndiki kimi media müzakirəsi yox idi. Zaman keçdikcə isə anladıq ki, hər kəsin öz yeri var. Səməd Vurğunun da , Rəsul Rzanın da , Ramiz Rövşənin də, cavanların da öz yerləri var. Ədəbiyyatda ilk qələm təcrübəsini ortaya qoyan kimi, bir misra quraşdıran kimi hər şeyi və hər kəsi inkar etmək tamamilə yanlış mövqedir.
- Uzun illər Azərbaycan Kinematoqarfçılar İttifaqında katib vəzifəsində çalışmısınız. İttifaqın sonuncu qurultayında katibliyə seçilməmənizin səbəbi nə idi ?
- Bu sırf bir təşkilati iş idi. Qurultayda 34 nəfər İdarə Heyətinə seçildi. Sədrin ixtiyarı var ki, namizədlərini irəli sürsün, İdarə Heyətinə onları təsdiq etsin. Mənim adımı çəkmədi, bunu da normal qarşıladım. Sədr kiminlə işləmək istəyirsə, onun adını çəkir.
- Sizinlə işləmək istəməməsinə bir səbəb vardı?
- Əslində mən ondan qabaq birlikdə işləmək istəmədim. Hardasa iki il öncə Azərbaycan Kinematoqrafçılar İttifaqında mənimlə bir insident oldu. Orda əmək haqqı alan dörd katib olur. Mənim iş yoldaşlarım Abbas Əliyev, mərhum Rasim Ocaqov və Rasim Balayev məndən sədrə danons yazdılar. Təbii ki, Abbas Əliyevin rəhbərliyi və təşkialtçılığı ilə... Gündə bir yerdə oturub, çörək yediyimiz insanlar məndən şikayət yazdılar. Mən də bundan çox sarsıldım və eşidən kimi ərizəmi yazdım. Çünki onlarla üz-üzə gəlmək istəmirdim. Amma ştat cədvəlinə uyğun olaraq katiblikdən çıxdım, ancaq ictimai əsaslarla katib kimi qaldım. Çünki katiblər qurultay çərçivəsində seçilir.
- Ümumiyyətlə, bu gün İttifaqa gedib-gəlirsinizmi?
- Yox, onlarla üzüzə gəlmək istəmirəm. Əgər onlara görə ərizə yazıb işdən çıxmışamsa, yenidən könüllü olaraq niyə gedib onları görməliyəm? Bu mənə çox pis təsir etmişdi. Təsəvvür edin ki, gündüz oturub bir yerdə çörək yemişik, axşam Rüstəm İbrahimbəyov mənə zəng edib ki, bu adamlar məndən şikayət yazıblar.
- Sizcə, niyə belə olmuşdu?
- Yəqin ki, qısqanclıqdan. Rasim Ocaqovla Rasim Balayev bu işə cəlb olunmuşdular. Bunu orada çalışan kino və yaradıcılıq aləminə qətiyyən aidiyyatı olmayan Abbas Əliyev etmişdi. Bu gün Abbas Əliyevlə də münasibətlərimiz yoxdur. Mən onu bağışlaya bilmərəm. Amma Rasim Balayevlə münasibətlərimiz yaxşıdır. Yəni bu xırda səhvi onun sənətkarlığına bağışladım.
- Mahnılarınızı türk sənətçilərinə təqdim etmək fikriniz varmı?
- Əlbəttə. Kamal müəllimlə birgə işlərimiz üçün Türkiyədən bir çox sənətçilərin prodüseri müraciət edib. Biz Türkiyənin tanınmış sənətçiləri ilə işbirliyi quracağıq. Yaxın vaxtlarda mahnılarımız tanınmış türk müğənnilərinin ifasında eşidəcəksiniz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR