Bank Of Baku

Şamil Süleymanov: “Köhnə vaxtlardakı kimi artıq direktor studiyaya qalxır, nazir çəkilişə gəlir, kinostudiyada aktyorlar ora-bura qaçır” - MÜSAHİBƏ

Şamil Süleymanov: “Köhnə vaxtlardakı kimi artıq direktor studiyaya qalxır, nazir çəkilişə gəlir, kinostudiyada aktyorlar ora-bura qaçır” - <font color=red>MÜSAHİBƏ</font>
# 01 avqust 2008 09:47 (UTC +04:00)
- Sizcə, bu yubiley günündə Azərbaycan kinosundan danışmağa, müsahibə verməyə daha çox kimlərin haqqı çatır?

- Mən Azərbaycan kinosunda 35 il yol gələn Baladadaşı oynamışam. Tamaşaçı məni bu ilk rolumla qəbul edib. Mən öz yerini bilən adamam, heç kim tapılmayanda kinodan danışmağa mənim də haqqım çatır. Amma bilirəm ki, kinomuzda sanballı adamlar, adlar var: Rüstəm İbrahimbəyov, Fikrət Əliyev, Oqtay Mirqasımov, Fəxrəddin Manafov, Xamis Muradov, Vaqif Mustafayev... Bu adlara, onların xidmətlərinə görə bizim yubiley keçirməyə, bayram etməyə haqqımız çatır. Kino haqqında danışmağa peşəkarların ixtiyarı var.

- Amma kimlərinsə adı həmişə kölgədə qalır...

- Mən 1973-cü ildə “Baladadaşın məhəbbəti” filminə çəkilsəm də, kinostudiyaya 1977-ci ildə işə götürülmüşəm. Həmişə özümə dərd edirdim ki, qocalandan sonra nə edəcəyəm, kim məni filmə çəkəcək? Amma bu gün çəkiliş meydanındayam, kamera qarşısındayam, ən böyük xoşbəxtlik də budur. Azərbaycan mədəniyyətini sevənlər bir ara kinomuzun vəziyyətindən nigaran qaldılar. Prezidentin məlum sərəncamından sonra isə kinomuzda sözün əsl mənasında dirçəliş başlayıb. Hazırda 4-5 film çəkilir. Bundan gözəl yubiley bayramı olarmı?

- Çağdaş Azərbaycan rejissoru dünya səviyyəli film çəkməyə hazırdırmı, yoxsa onların da yeni məktəbə, əlavə təcrübəyə ehtiyacı var?

- Kino kollektiv sənətdir. Hər çəkiliş qrupu bir ailə deməkdir. Rejissor aktyoru balası kimi sevməyəndə sənət əsəri yaranmır. Əgər film tamaşaçının xoşuna gəlirsə, bu, ilk növbədə rejissorun uğurudur. Biz aktyorlar əslində rejissorun artıq fikrində yaratdığı bir aləmi canlandırırıq. Bizim “Oskar”ı qazanan Rüstəm İbrahimbəyovumuz var. Həmin Rüstəm İbrahimbəyov özünün ali rejissor kursunu açıb, ora xaricdən böyük sənətkarları dəvət edir, onlar cavanlara təmənnasız dərs keçirlər.

- Bu gün Azərbaycan kinosunun ən böyük problemi nədir?

- Kinomuzun çatışmayan cəhətlərindən danışsaq, uzun bir siyahı alınar. Nəyimiz var, onu da desək, yenə eyni vəziyyət yaranar. Problemsiz sənət yoxdur. Ona görə də mən həmişə deyirəm: nə yaxşı ki, bizim kino sənətimizin problemi var və onları həll etməyə indi gücümüz çatır. Bu gün uzun fasilədən sonra “Cavad xan”, “Hökmdarın taleyi”, “Günaydın, mələyim”, “Ehram TV” çəkilir. Düzdür, hələlik avadanlıqlar köhnədir, amma indi yenilənir. Bu gün işığımız yanır, başımıza yağış dammır, amma son vaxtlara qədər buna həsrət idik. Köhnə vaxtlardakı kimi artıq direktor studiyaya qalxır, nazir çəkilişə gəlir, kinostudiyada aktyorlar ora-bura qaçır. Təsəvvür edirsinizmi, biz bu həyat üçün nə qədər darıxmışdıq... Bəlkə də bunlar qəribə görünür, amma kino bizim bu həyatımızdan başlayır. Kino həm də fabrikdir, yəni kino yaradılmır, məhz istehsal olunur.

- Doğrudanmı, kinonun taleyini maliyyə müəyyənləşdirir?

- Başqa sənətləri deyə bilmərəm, amma kinoda maliyyə həlledicidir. Düzdür, böyük maliyyəni heçə endirmək, cüzi vəsait və böyük əziyyət hesabına uğur qazanmaq da olar. Kiçik maliyyə ilə gözəl ekran əsəri yaratmaq mümkündür, amma onu heç kim tanımayacaq. Atalar sözümüz var, yetim quzudan qoç olmur, yəni film çəkməklə iş qurtarmır, xərc çəkib onu festivallara aparmaq, beynəlxalq səviyyəyə çıxarmaq, reklamını təşkil etmək və sair bu kimi işləri də görmək lazımdır. Bütün bunları isə maliyyə həll edir. İndi kinomuza maliyyə ayrılır. Vaxt vardı, gözünün yaşını tökürdün ki, axı bu lazımdır. İndi özləri deyirlər ki, siz təkliflərinizi verin. Fərqi başa düşürsünüzmü? Uzun fasilədən sonra bu həyat bizə nağıl kimi görünür.

- Sizin belə bir fikriniz var ki, rolun böyük-kiçiyi yoxdur deyənlər qoy böyük rolu mənə versinlər. Sizi indi hansı filmə, necə rola dəvət edirlər?

- Fikrət Əliyevin çəkdiyi “Ölüm növbəsi” filmində baş rola çəkilirəm. Bakı həyatından bəhs edən bu filmdə mən sevənlərə arxa-dayaq oluram. Adətən aktyorlar tamaşaçını çaşdırmaq, bəlkə də özünütərif məqsədilə deyirlər ki, çəkiliş vaxtı gecələr yatmadıq, gündüzlər dincəlmədik. Başa düşmürəm, yuxusuz çəkilən filmin nə keyfiyyəti? Mən çəkiliş vaxtı gecələr daş kimi yatıram. İnanın, elə hamı belə yatır. Və ya götürək rol məsələsini. Danışan deyir ki, rolun böyüyü-kiçiyi yoxdur, aktyorun böyüyü-kiçiyi var. Mən 35 ildir bu sənətdəyəm, hələ görməmişəm ki, bir aktyor böyük roldan imtina etsin. Hələ heç kim deməyib ki, mən epizodik rola çəkilmək istəyirəm, o böyük rolu Şamilə verin.

- Belə qeyri-səmimi söhbətlər nədən yaranır, aktyor özünü əlçatmaz göstərmək istəyir, yoxsa sənətini?

- Şair şeir yazanda öz hissələri ilə təkbətək olur, amma bu, o demək deyil ki, ömrü boyu heç kimi dindirib-danışdırmasın, deyib-gülməsin. Aktyor səhnədə, çəkiliş meydanında aktyordur. Müsahibə verəndə, danışanda, söhbət edəndə rol oynamaq, aktyorluq etmək nəyə lazımdır? İnsan bütün ömrünü artist kimi yaşasa, dəli olar. Bir ara ədəbiyyatımızda kənd həsrəti ilə şeirlər yazılırdı, guya onları kəndə getməyə kim qoymurdu ki? Kənddən ötrü darıxan bilet almaq əvəzinə, oturub şeir yazırdı. Belə şeirlə ədəbiyyat yaratmaq nə qədər gülüncdürsə, “gecə yatmadıq”, “çəkilişdə atdan yıxıldıq”, “yağışa düşdük” söhbətləri ilə də kino haqqında təsəvvür yaratmaq istəyi o qədər yersizdir.

- İndi incəsənətin bütün növləri pafosla, ritorika ilə vidalaşır, bəs müasir kinoda vəziyyət necədir?

- Sənətdə pafos xırda məsələ deyil. Başdan-başa pafos, təmtəraq olan Uilyam Şekspirin dramaturgiyası niyə məhv olmur? Füzulinin şeiri niyə bu gün də sevilir? Deməli, söhbət pafosdan yox, günün əsas meyarının tapılmasından gedir. Bu günün də öz pafosu var, biz hələ onu tapa bilməmişik. Əvvəlki dövrlərin pafosu tapılıb, onun nə olduğunu bilirsən, ədəbiyyat, sənət, kino da bunu əks etdirib. Bəs bu günün tələbi, müasir sənətin meyarı nədir? Bir gün gələcək, bu meyarlar tapılacaq, amma sonra yenə köhnələcək. Çəkilən kinolara indi mən dədəmin köhnə paltarları kimi baxıram. Onları geymirəm, amma heç nəyə dəyişmərəm də. Sadəcə, mən o dədələrin bu gününün, gələcəyinin pis olmasına inanmıram.

- Aktyorların rejissor pultunun arxasına keçməsinə münasibətiniz necədir? Sizin film çəkmək arzunuz yoxdur ki?

- Adam yaşlandıqca məktəbin, təcrübənin, peşəkarlığın nə olduğunu daha yaxşı anlayır. Rejissor elə bir sənətdir ki, onu bir-iki günə mənimsəmək, tələsik öyrənmək olmaz. Rejissor məktəb keçməkdir, ustad dərsləri almaqdır. Açığı, mən rejissor olmaqdan bir az qorxuram. Birdən çəkdiyim film çox zəif alınar – hələ bu qorxudan çıxa bilmirəm, ona görə də belə fikrim yoxdur.

- Bəs ssenari yazmaq necə, ürəyinizdən keçirmi?

- Çoxuna elə gəlir ki, kinosenari yazmaq asandır. Yaxşı yazıçı, şair, dramaturq olmaq hələ yaxşı kinosenarist olmaq demək deyil. Kinosenarinin öz tələbləri var, o, rejissor qədər filmi görməlidir. Bizdə isə belə deyil. Hamı kinosenari yazmağa can atır, heç nədən də çəkinmir. Ssenari yazmaq olar, amma müəyyən məktəb keçəndən sonra.

- Bir ara Sizi müxtəlif televiziya proqramlarında, kliplərdə gördük. Bunlar nə idi və belə fəaliyyətinizi davam etdirmək fikriniz varmı?

- Televiziya verilişlərinin birinin aparıcısı idim. Proqramdan film çəkilişlərinə görə ayrıldım. İndi başqa bir telelayihədə aparıcılığa qayıtmağa hazırlaşıram. Mən bilmirəm aparıcılığım necədir, amma kliplərə ürəklə çəkilmişəm. Bu çəkilişə maddi baxımdan çox, mənəvi ehtiyacım olub. Klip çoxbilmişləri hərdən nəyisə göstərib məəttəl qoymağı çox xoşlayırlar. Onlara elə gəlir ki, hər şeyi bilirlər. Amma mən dəqiq bilirəm ki, hər şeyi bilmirəm, amma bildiyim bir məsələ var. Peşəkarın bildiyi bu bir məsələni heç kim onun əlindən ala bilməz. Bu, Allah vergisi, aktyor səmimiyyəti və təcrübədir.

- Son Azərbaycan filmlərindən hansına baxmısınız və ümumiyyətlə, kinolara tamaşa etməyi xoşlayırsınızmı?

- Baxdığım son film Oqtay Mirqasımovun “Günaydın, mələyim”dir. Bu filmdə mən də çəkilmişəm. Kino işçilərinin müsahibələrdə tez-tez təkrarlamağı xoşladığı məşhur aktyorların adlarını mən də bilirəm, o aktyorların ifasından xəbərim var, amma kinolara baxmağı sevmirəm.

- Deyirlər, kinoda əsas məsələ yadda qalmaqdır...

- Elə buna görə də kinoaktyorlarda bir növ “yadda qalmaq xəstəliyi” yaranıb. Yadda qalmaq üçün aktyor kamera qarşısında yersiz, artıq hərəkət edir, adi sözləri uzada-uzada danışır, gözlərini müxtəlif şəklə salır, mənasız replikalar artırır. Elə buna görə də məqsədi yadda qalmamaq olan bir rol oynamaq istəyirəm. Yadda qalmaq üçün aktyorun canfəşanlığı çox vaxt yadda qalmaq xatirinə yadda qalmaqla nəticələnir. Amma kino təbiiliyi sevir.

- Kinoda millilik nədir, onu aktyor yaradır, yoxsa rejissor qurur?

- Filmdə ata-oğulun bir yerdə namaz qılması hələ onun dini film olması demək deyil. Eləcə də tez-tez kadrda aftafa, ləyən göstərməklə kinonu milliləşdirmək olmaz. Azərbaycan qızını mini yubka geydirib avropalaşdırmaq və ya əksinə, qıza milli paltar geydirməklə onu milliləşdirmək mümkün deyil. Bu stereotiplərdən uzaqlaşmaq lazımdır. Paltarının balağını dizdən yuxarı və ya dizdən aşağı olması xanımın ağıllı-ağılsız, milli-dünyəvi olması demək deyil. Xüsusən, kinoda belə effektlər işə yaramır. Kino Allahın varlığını sübut edən sənət növüdür. Heç kim bu barədə danışmaq istəmir. Cavan Şamil Süleymanov, gənc, gözəl Həmidə Ömərova filmdə nə qədər gözəl olsa da, ruhsuzdur. Bu gün 53 yaşında Şamil Süleymanov, artıq yaşa dolan Həmidə xanım bu baxımdan daha gözəldir, daha canlı və maraqlıdır. Nə yaxşı ki, kino hər şeyi göstərə bilir, bircə ruhdan başqa, yəni kinodakı insanın ruhu yoxdur. Mən kinonun bu aləminə vurulmuşam. Bu da Allahın bir möcüzəsidir ki, ruhsuz kino insanların ruhuna, mənəviyyatına təsir göstərir. Kinonun sirri elə budur.

- Kinoda məhz hansı rolu oynamaq istərdiniz?

- Kinoda ömür boyu arzuladığım rolu mənə indi veriblər. Mən kinoda ölmək istəyirəm. Özü də bir dəfə yox, bir neçə dəfə ölüm səhnələrini oynamaq istəyirəm. Bəlkə bu ölüm səhnələrinin biri elə gerçək oldu? İndi çəkildiyim “Ölüm növbəsi” filmində məni öldürürlər. Çoxdankı arzuma indi çatıram, axır ki, məni kinoda öldürürlər. Mən kinoda bir qoçu obrazını yaratmaq istəyirəm. Savadlı, məlumatlı, amma bir anda uf demədən adamları öldürən bir qoçu. Hələ ki bu obrazı oynamaq mənə qismət olmayıb.

- Kinoda mənfi rolu oynamaq asandır, yoxsa müsbət? Aktyorlar mənfi rol oynamaqdan niyə çəkinirlər?

- Mənim bu günədək 3-4 mənfi rolum olub. Onu da oynayandan sonra dostlar dedi ki, belə rollar oynama, sənə yaraşmır. Mənfi rola görə aktyoru sevməmək, onun şəxsiyyətində də mənfilik axtarmaq cəhdi yanlışdır. Müsbət rollar oynayan elə aktyorlar tanıyıram ki, daim mənfi obrazlar yaradan aktyorlardan qat-qat pis insandır. Məsələn, “Dədə Qorqud” filmində Yalıncığı oynayan Əli Haqverdiyevə həyatda hamı birtəhər baxırdı. Amma mən aktyorların arasında ondan yaxşı, ləyaqətli, gözəl insan tanımıram. Əli opera artisti idi, orada da ona mənfi rollar tapşırılırdı. Ona görə də elə bir istedadlı sənət adamını bu gün hamı oynadığı rollarına görə, bir növ mənfi emosiyalarla xatırlayır.

- Operatorlar həmişə gözəl, yaraşıqlı aktyorlarla işləmək istəyirlər. Bu ənənə kinoda indi də davam edirmi?

- Operatorun və rejissorun axtardığı gözəllik xarici yaraşıq deyil, yerində olan aktyor artıq gözəldir. Əslində onların məqsədi məhz yerində olan aktyoru axtarıb tapmaqdır. Kinodan doymaq olmur, bilirsinizmi, niyə? Evində çörəkpulu olmayan aktyor gəlir çəkilişə, qrimlənir, geyinir, milyoneri oynayır. Fincanı vurub sındırır ki, qəhvə yenə də tünddür! Və ya heç kimə gücü yetməyən, bir adamın yanında sözü ötməyən əlində silah oynadan bir killeri oynayır... Bütün bunlar isə bir insan ömrünün içində, bizim həyatımızda baş verir. Allah hamıya bu həyatı yaşatmır, amma aktyor belə ömür yaşayır.

- Kinodan yadınızda qalan maraqlı hadisələr, əhvalatlar...

- Mənim aləmimdə əfsanəvi kinoaktyor olan Həsən Turabov bir dəfə çayxanada üzünü mənə çevirib tapşırdı ki, Şamil, qaç, kinostudiyadan, stolun üstündən mənim mətnimi gətir. Dedi, çayı süzdü stəkana, yəni mən bu çayı içənədək gəl. Mən də o vaxt cavan idim, bu yolu bir olimpiyaçı sürəti ilə yüyürüb mətni götürüb, geri qayıtdım. Qaça-qaça bircə onu fikirləşirdim ki, mən bu mətni tez aparım Turabova verim, o mənə bir kəlmə desin və mən sabah institutda hamıya danışım ki, dünən kinoaktyorlarla oturub çay içirdim, Həsən Turabov idi, mən idim... O gündən uzun illər keçsə də, yadımda qalan ən gözəl kino xatirəsi budur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR