Bank Of Baku

Xuraman Qasımova: ““Musiqini sevirəm” deməklə sənətkar olmaq mümkün deyil” - FOTOSESSİYA

Xuraman Qasımova: ““Musiqini sevirəm” deməklə sənətkar olmaq mümkün deyil” - <font color=red>FOTOSESSİYA</font>
# 17 sentyabr 2008 09:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının kafedra müdiri Xuraman Qasımovanın Milli Musiqi Günü ərəfəsində APA-ya eksklüziv müsahibəsi

- Sabah Azərbaycanda Milli Musiqi Günü qeyd olunacaq. Yəqin ki, bu gün Sizin üçün böyük əhəmiyyət kəsb edir...

- Bütün musiqiçilər, ziyalılar, ictimaiyyətimiz və xüsusən də biz – Bakı Musiqi Akademiyasının işçiləri bu günü səbirsizliklə gözləyirik. Çünki bu gün Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin adları ilə bağlıdır. Biz Milli Musiqi Günümüzü Bakı Musiqi Akademiyasının yenicə təmirdən çıxmış binasında qarşılayırıq. Möhtərəm prezidentimizin böyük əməyi nəticəsində bu bina tamamilə yeniləşib.

- Azərbaycan klassik musiqisinin bugünkü vəziyyətini necə xarakterizə edərdiniz?

- Azərbaycan klassik musiqisində inkişaf var, amma istərdim ki, bu inkişaf daha da çox olsun. Burada çalışan həmkarlarım, gözəl sənət adamları ilə birgə çox arzulayırıq ki, əvvəlki kimi bu bina tələbələrlə dolu olsun. Ölkəmizdə baş verən çoxsaylı dəyişikliklər incəsənətə, musiqi sənətinə də təsirsiz ötüşməyib. Güman edirəm ki, gənclərimiz xalq musiqisini sevir və mən arzulayıram ki, burada təhsil almaq istəyən gənclərin sayı artsın və biz də onlara kömək edək. Bizim sənətimizdə əsas məsələ ilk növbədə istedaddır. Son zamanlar klassik musiqi bir qədər kölgədə qalıb. Gənc nəsli klassik musiqiyə həvəsləndirmək lazımdır.

- Bəs, bəstəkarların klassik əsərlər yazmamasının səbəbi nədir?

- Bəstəkarlıq sənəti də xüsusi qabiliyyət tələb edir. Məncə tez unudulan bir əsər yazmaq üçün zəhmət çəkməyə dəyməz. Bizim gözəl bəstəkarlıq məktəbimimiz var, o məktəbi Üzeyir Hacıbəyov yaradıb. Biz bu yaxınlarda gözəl, istedadlı bəstəkarımız Arif Məlikovun 75 illik yubileyini təntənə ilə qeyd edəcəyik. Gənclər də bu dahi bəstəkarların məktəbini keçərək həvəslənməlidir. İstedadın yetişməyi isə bizdən yox, mühitdən, zamandan və bir çox amillərdən aslıdır.

- Konkret hansı amilləri nəzərdə tutursunuz?

- İlk növbədə istedad və musiqi savadını əsas tuturam. Musiqi ilə məşğul olan gənclər üçün musiqi savadı çox önəmldir. İndi Bəstəkarlar İttifaqında bu məsələyə xüsusi diqqətlə yanaşır ki, gəncləri həvəsləndirək və nəticədə gözəl əsərlər yaransın. Amma bu heç də asan iş deyil. İstedad heç zaman tükənmir, ola bilsin ki müəyyən müddət sakitlik olsun, ancaq xalqımız o qədər istedadlıdır ki, hər şeyə rəğmən yeni istedadlar yetişdirəcək.

- Sizcə, Üzeyir bəy sağ olsaydı, musiqimizin bu gününü necə qiymətləndirərdi?

- O insanların ölçüləri çox yüksək idi. Onlarda yüksək dərəcədə tələbkarlıq vardı, daha çox öyrənməyə çalışırdılar. Bizim gəncliyimiz də belə keçib. Amma bizim dövrlümüzlə müqayisədə, indi gənclərə yaradılan imkan daha çoxdur. İndi gənclər bir qədər tənbəlləşiblər. Onlar sadəcə peşə məktəbini bitirməklə kifayətlənirlər. Bizim dövrümüzdə isə ali məktəblərə daxil olmaq, yüksək səviyyəyə ucalmaq arzusu daha qüvvətli idi.

- Bir müəllim kimi tələbələrinizdən razısınımı?

- Əlbəttə, bizim zamanımızda tələbələr seçdikləri sənətə daha ciddi yanaşırdılar. Bir kafedra müdiri və müəllim kimi bunu etiraf etməliyəm. İstərdim ki, həvəs və qabiliyyətdən əlavə, onların musiqi savadı, musiqi duyumu, ümumi biliyi mükəmməl olsun. İnsanlar var ki, heç musiqiçi deyillər, ancaq evlərində gözəl fonotekaları, musiqi tarixi ilə bağlı müxtəlif topluları var. Bizim görkəmli bəstəkarımız Qara Qarayev bir dərya idi. Akademik adını boş yerə daşımırdı. Biz hamımız belə insanları, Niyazini, Fikrət Əmirovu görərək bu günə gəlib çatmışıq. Onlarla istənilən mövzuda söhbət etmək olurdu. İndiki gənclərin, tələbələrimizin Azərbaycanın tarixindən, musiqi tarixindən məlumatlı olmasını çox arzulayıram. Bəzən tələbələrimiz dahilərimizin adlarını belə bilmirlər, əsərlərini tanımırlar. Musiqi böyük bir dəryadır, “musiqini sevirəm” deməklə sənətkar olmaq mümkün deyil. Dərin musiqi savadının olması bizim sənətimizdə əsas amildir.

- Xuraman Qasımovanın sənətə gəlməmişdən əvvəl qarşısına qoyduğu ilkin məqsədi nə idi?

- Evdə qardaşım və böyük bacım Fidan xanimın uğurlu tələbə olduğunu görürdüm və kiçik uşaq olaraq çox ibrət alırdım. Axı, bizim həyatımızda da böyük şəxsiyyətlərin yolunu, izini öyrənərək düşünürdük ki, belə bir yol, məktəb keçsək bəlkə nəyəsə nail olduq. Həmin vaxtlar bir çox planlar qururduq və həmin planlara nail olmağa çalışırdıq. Amma heç bir zaman şöhrəti düşünmürdük.

- Bəs qazandığınız şöhrət, fəth etdiyiniz zirvə xasiyyətinizdə və ya həyatınızda özünü hansı şəkildə büruzə verdi?

- Sadəcə böyük bir həyat yolu, təcrübə... Amma xasiyyətim o qədər də dəyişməyib. Təbii ki, bu illər ərzində insan müdrikləşir, çox şeylər öyrənir, gənclikdə etdiyi səhvləri təkrarlamamağa çalışır. Bir iş görmədən əvvəl həmin işi hərtərəfli ölçüb-biçirəm. İndiki gənclərin hansı düşüncələrlə yaşadığını deyə bilmirəm. Heç onların hansı hədəfi fəth etmək istədiyi də məlum deyil. Ancaq istəyirəm ki, sənət çox keyfiyyətli səviyyədə olsun, musiqi insanların qəlbinə çata bilsin, unudulmasın. Bu gün bunun üçün bütün imkanlar yaranıb, ölçüb-biçib, götür-göy edib, pisləri atıb yaxşıdan tutmaq bizim borcumuzdur.

- Nə zamansa bu sənətə gəlir mənbəyi kimi baxıbsınız?

- Heç zaman bu barədə düşünməmişəm. Amma bu, normal bir şeydir. İnsan öz sənətinə və işinə görə qiymətlənləndiriliməlidir və buna görə utanmaq lazım deyil. Amma nə mən, nə də ailəm bunu əsas məqsəd kimi heç zaman düşünməmişik.

- Sizə elə gəlmirmi ki, bu gün hamının gəlir dalınca qaçması gəncləri klassik musiqi sənətindən uzaqlaşdırır...

- Bəli, belədir. Çox qısa zamanda tanınmaq, məşhurlaşmaq istəyirlər. Bizim dövrümüzün gəncləri bunu düşünmürdülər. Əmək haqqı ilə dolanır və hansısa əlavə çıxışlarına görə qonorar alırdılar. O zamanların ifaçılarının da mükafatlandırılması olurdu. Amma indi zaman çox dəyişib, çox şeylər qiymətdən düşüb və ya qiymətə minib. Sadəcə, klassik musiqi janrında çox şeyləri dəyişmək və düşünmək lazımdır.

- Xuraman Qasımova davamçılar yetişdirirmi?

- Əlbəttə. Onların adlarını uzun-uzadı sadalamaq istəmirəm. Bizim beynəlxalq müsabiqələrdə laureatlarımızın sayı çoxdur. İfaçı üçün bütün bunlar çox vacibdir, çünki bu, böyük bir sınaqdır. Vokal sahəsində də uğurlarımız az deyil. Şükürlər olsun ki, həvəsləri var, sadəcə bu həvəsi daha da artırmaq lazımdır. Mən və Fidan xanım ilk növbədə ulu öndərimiz Heydər Əliyevə verdiyimiz sözü yerinə yetirməyə çalışırıq. Həmkarlarımızdan da xahiş edirik ki, bu sənətə həvəslə yanaşsınlar, gənc nəslə kömək edək. Bu sahədə bacardığımızı edirik. 1994-cü ildən Bakı Musiqi Akademiyasında kafedraya rəhbərlik edirəm. Ancaq bura fabrik deyil, sənət ocağıdır. Bura konveyer deyil ki, bütün tələbələr peşəkar olsun. Biz onlara ilk yolu göstəririk, amma gələcək onların özündən asılıdır.

- Xuraman və Fidan Qasımova bacıları biri-birindən nə ilə fərqlənir?

- İkimiz də bir-birimizi çox sevir və hörmət edirik. Fidan xanım mənim böyük bacımdır, bir ifaçı kimi inkişafımda onun böyük rolu olub. Mən müəllimlərimə, valideynlərimə minnətdaram, amma Fidan xanımın hər zaman yanımda olması, məni dəstəkləməsi mənə çox böyük kömək olub. Həyatda yaşadığım müddətdə ona səcdə edəcəyəm. Amma bizi fərqləndirən cəhətlər də az deyil. Məndə çatmayan cəhətləri o, onda çatışmayan cəhətləri isə mən tamamlayıram. Ümumiyyətlə həyatda ideal insan çox azdır. Bu günün özündə də bir-birimizə kömək edirik, bir-birimizi dəstəkləyərik. Allahdan həmişə ən böyük arzum o olub ki, bizi bir-birimizdən ayırmasın.

- Sizi Azərbaycanın hüdudlarından kənarda da çox gözəl tanıyırlar. Sizə xarici ölkələrdən iş təklifləri olubmu?

- Belə hallar çox olub. Altı ilə yaxın Türkiyədə çalışmışıq. Bilirsiniz, “Vətəni sevirəm” deməklə iş bitmir. Bu duyğuları və sevgini əməllərinlə sübut etməlisən. Sovet dövründə bizim sənətkarlarımız nadir hallarda xaricə gedərdilər. Fidan xanımla mən o sənətkarlardanıq ki, həmin çətin dövrdə, hansısa yasaqlara, şərtlərə baxmayaraq ildə üç dəfə xarici ölkələrdə qastrola gedirdik. Azərbaycanımızı təmsil edirdik və bunu heç zaman unutmurduq. Təkliflər gəlirdi, çünki biz müxtəlif ölkələrin gözəl səhnələrində çıxışlar edirdik. Haqqımızda dünya səviyyəli mütəxəssislərin, peşəkar musiqiçi və tənqidçilərin söylədikləri yüksək fikirlərə görə Vətənə qürur hiss ilə dönürdük. Biz Sovet dövrünün yetişdirmələriyik. Bizim vaxtımızda yalnız yüksək, akademik səviyyəli ifa tələb olunurdu. İndi elə ifaçılar var ki, səfər getməzdən iki-üç ay əvvəl hər yerdə elan edirlər ki, ora gedəcəyəm, bura gedəcəyəm. Sonra da heç bilmirsən ki, hansı səhnələrdə çıxış edirlər. Bizim isə o səfərlərimiz həmin dövrdəki sənətkarlarımız tərəfindən də yüksək qiymətləndirilirdi. Ona görə SSRİ məkanında çox tanındıq və bizi qəbul etdilər.

Bəzən haqqımızda çıxan məqalələri, kitabları, jurnalları vərəqləyərəq düşünürəm ki, doğurdanmı biz bu yolu keçmişik, bütün bu uğurlara nail olmuşuq. Bəlkə də doğrudan da bu sənət yolunu indiki nəslə çatdırmaq lazımdır. Tək bizim yox, digər klassik musiqiçilərimizin lent yazıları televiziyalarda göstərilməlidir. Elə ifaçılarımız var ki, bu günə qədər də onları tanımırlar, amma onlar ulduzlar sırasındadır. Muğam sahəsi bu gün diqqət sayəsində xeyli inkişaf edir. Muğamdan başqa musiqini digər sahələrində də nailiyyətlərimiz var və onları da dünya miqyasına çıxartmaq və tanıtmaq lazımdır. Bu, mədəniyyətimizə böyük təkan olardı.

- Pedaqoji fəaliyyətiniz yaradıcılığınıza mane olmur ki?

- Çox mane olur. Mən hər baxımdan yaradıcılıqdan çox uzaqlaşdım. Vaxtımın çoxunu gənclərə həsr etdim, özümü unutdum. Bunu son vaxtlar tez-tez etiraf edirəm. Amma çox da peşman deyiləm. Mən səhnəni çox sevirəm, səhnə Fidan xanımın, mənim bir parçamdır. Bu gün baxıram ki, hələ heç nəyə nail olmayan bir gənc “mən-mən” deyir, özünü ulduz hesab etməyi bir yana, onun sərbəstliyi məni heyrətləndirir. Mən indi də səhnəyə baxanda ilk addımılarımı atdığım vaxtda olan kimi həyəcan keçirirəm. Sənət adamı üçün bu həyəcan hissi vacib amildir. Özümü bir pedaqoq və ifaçı kimi reklam etmək fikrində deyiləm. Əgər bu gün mənim tələbələrim uğurla çıxış edir və tamaşaçılar onları alqışlayırsa, demək həyatımı boşuna yaşamamışam.

- Şəxsi həyatınız ictimaiyyət üçün həmişə gizli qalıb...

- Bu, şəxsi həyatdır, başqaları ilə paylaşa da bilərəm, gizlədə də. Elə insanlar var ki, bütün olanları açıb-tökür, danışır. Biz şəxsi həyatımızı gizli saxlamamışıq, amma bütün təfərrüatları ilə danışmağı da sevməmişik. Elə hesab etmişik ki, ictimaiyyəti ilk növbədə bizim sənətimiz maraqlandırmalıdır. Çünki biz sənətimizlə tanınmışıq. Həyatımızdan nələrisə danışıb nə ürəkləri ağrıtmaq, nə də ki, kimisə şəxsi qayğılarla yükləmək istəmirik. Bu sənəti seçən insanlar çox nadir hallarda öz şəxsi həyatından məmnun olurlar. Deyə bilmərəm ki, Fidan xanımla mənim şəxsi həyatım alınmayıb. Başqa qadınlar kimi bizim də ürəyimizdən keçən arzular olub və müəyyən məqamlarda bu arzularımızı tərəziyə qoyub çox dəyərləri qiymətləndirməyə çalışmışıq. Hər insan kimi bizim də həyatda qurbanlarımız olub, amma bu, yalnız bizə aiddir. Amma həyatdan şikayətçi olmamışıq və taleyimizdən məmnunuq. Biz valideynlərimizi çox erkən itirsək də, hər zaman dövlətimizin, xalqımızın diqqətini, qayğısını hiss etmişik. Həyat davam edir və yenə də çalışmaq, çalışmaq, çalışmaq lazımdır.

- Deyirlər, səhnə gözəlliyi, gəncliyi sevir...

- Əgər sənətçi çalışmaq istəyirsə, özünü yaşlı hiss etmirsə, ona mane olmaq lazım deyil. Kimin cəsarəti çatar ki, ona desən ki, çalışma, bəsdir. İnsanın təcrübəsi ildən-ilə artır. Pedaqoq olmaq da böyük bir məsuliyyətdir və hər kəs pedaqoq ola bilməz. Bir neçə il bundan əvvəl 73 yaşlı Monserrat Kabalyeni səhnədə görmüşdük. İndi artıq 76 yaşındadır və bu günə kimi səhnəyə çıxır. Sənətdə yaş məsələsi yoxdur. Sənətçilər özləri ifalarının səviyyəsini hamıdan yaxşı bilirlər. Unutmaq lazım deyil ki, onlar səhnədən çətinliklə ayrılırlar. Özünü səhnəyə bəxş etmiş, həyatında çox şeyləri qurban vermiş insanların arzularını nəzər almaq lazımdır. Türkiyədə bu məsələni son dərəcə həssaslıqla yoluna qoyublar, onlar heç bir sənətçini son günə qədər səhnədən ayırmırlar. Hətta son məzara belə səhnədən yola salırlar. Məncə, bu, çox incə düşünülmüş bir addımdır.

- Niyə konsertləriniz təşkil olunmur?

- Biz indi heç pedaqoqluq da etməsək, qazandığımız hörmət, şöhrət həyatımızın sonuna qədər yetər. Həyatınızın gözəlliyini hiss edərək Allah verən ömrü yaşaya bilərik. Əvvəllər hər sənətçi ildə üç-dörd dəfə konsert verirdi. Əgər bizi unutmaq istəmirlərsə, konsert proqramlarında çıxış etməyə həmişə hazırıq. Yox əgər bizim yox, yeni adların kosnertini təşkil etmək istəyirlərsə, biz buna da bir söz demirik. Amma həmişə olduğu kimi Azərbaycanımızı təmsil etməyə bu gün də, sabah da hazırıq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR