Bank Of Baku

Türkiyədə çalışan azərbaycanlı sənətçi Məlahət Abbasova: “Azərbaycan telekanallarında yayımlanan bütün türk filmləri dublyaj olunmalıdır” - FOTOSESSİYA

Türkiyədə çalışan azərbaycanlı sənətçi Məlahət Abbasova: “Azərbaycan telekanallarında yayımlanan bütün türk filmləri dublyaj olunmalıdır” - <font color=red>FOTOSESSİYA</font>
# 25 dekabr 2008 09:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasovanın APA-ya eksklüziv müsahibəsi

- Uzun illərdən sonra Azərbaycanda filmə çəkilmək fikri haradan qaynaqlandı?

- “Alın yazısı” filminin Azərbaycandakı çəkilişləri artıq yekunlaşmaq üzrədir. Çəkiliş başa çatdıqdan sonra isə yenidən Türkiyəyə qayıdacağam. Bir azərbaycanlı qadın, ən əsası bir mədəniyyət işçisi və Türkiyədə fəaliyyətini davam etdirən aktrisa olaraq 18 il ərzində öz ölkəmdən heç bir təklif almamışam. Bu təklif isə filmin rejissoru olan Sərxan Kərəmoğludan gəldi. Açığı o mənə zəng edəndə və belə bir təklifi edəndə mən onu tanımırdım. Ancaq 18 ildən sonra Azərbaycandan gələn təklifə bir an belə düşünmədən razılıq verdim. İnanın ki, heç filmin ssenarisi ilə də maraqlanmadım. 18 ildən sonra ilk dəfə Azərbaycan filmində oynamağım çox sevindirici haldır. Nə olursa-olsun bu Azərbaycan filmidir, bu filmdə Azərbaycanın adı var. Filmdə Amaliya Pənahova, Yaşar Nuri, Türkiyədən Hülya Darcan, Halil Ergün kimi aktyorlar oynayır. Onlarla bir səhnəni paylaşmaq, bir filmdə oynamaq mənim üçün böyük şərəfdir.

- Bəs, filmə dəvət olunanda Sizə veriləcək qonorarla maraqlandınızmı?

- Yox, bununla bağlı heç nə soruşmadım. Hətta Halil Ergünlə Hülya Darcan da qonorarla bağlı heç bir sual vermədilər. Sözsüz ki, Türkiyədəki qonorarlarla bizim qonorarlar arasında çox böyük fərq var. Sərxan heç bir zaman mənə və ya türk aktyorlarına Türkiyədəki qonorarı verə bilməzdi. Biz sadəcə, iş üçün bir araya gəldik. Bu iş hər iki türk aktyoru üçün çox maraq doğururdu. Həmin aktyorlar məhz bu filmin çəkilişi üçün ilk dəfə Azərbaycana gəldilər. Heç birimiz üçün qonorar birinci yerdə dayanmırdı. Ən böyük xəyalım Azərbaycanda tanınmış rejissorlar Eldar Quliyev və Vaqif Mustafayevlə işləməkdir. Hər zaman o rejissorlardan təklif gələcəyini gözləmişəm, ancaq bu 18 ildə heç birindən təklif gəlmədi.

- “Min bir gecə” serialındakı rolunuzla daha çox tanındınız. Bundan əvvəl hər hansısa serialda rolunuz olmuşdumu?

- Mən hazırda Türkiyədə 14-cü serialda çəkilirəm. Çoxları elə bilir ki, mənim serialda ilk işim “Min bir gecə” ilə başlayıb. Mən 10 il əvvəl Hülya Darcanla, Berguzar Korellə bir filmdə oynamışam. Həmin filmdə Berguzar mənim qızım rolunu oynayırdı. Berguzarın atası Tanju Korel mənim böyük qardaşım, Hülya Darcan isə onun sevdiyi qız obrazını oynayırdı. Bundan əlavə mən üç il “Kanal D”də “Ayrı dünyalar” adlı televiziya tamaşasında baş rolda oynamışam. Bunların hamısı 1990-cı illərin başlanğıcında olub. Mənim oynadığım dörd bədii film də var.

- “Min bir gecə” serialından ayrılmağınıza nə səbəb oldu?

- TMC Türkiyənin çox ciddi film şirkətlərindən biridir. Hər zaman çox gözəl qrupla işləyən bu şirkətin qarşısında heç vaxt problem olmayıb. Sadəcə olaraq teatrda işlərim başladı və serialdan ayrılmağımın səbəbi də bu oldu. Hazırda Şəhər Teatrında bolqar yazıçısının əsəri əsasında hazırlanan tamaşada ev sahibəsi obrazını yaradıram. Teatrda məşqlər başladıqdan sonra artıq bu qərarı verməyə məcbur oldum. Həftənin altı günü səhər saat 9-dan axşam saat 8-ə qədər teatrda məşqlərim olur. Əslində mən filmdən ayrılmaq istəmirdim, artıq işlərimin çox olacağını bilib üç ay əvvəldən onlara xəbərdarlıq etdim və son seriyalarda heyətdən ayrıldım. Yəni Mehribanın son seriyaya qədər gedib çıxmamasına işlərimin çoxluğu səbəb oldu.

- Serialın çoxsaylı Azərbaycan tamaşaçıları hesab edir ki, filmdəki ləhcənizin nə tam Azərbaycan, nə də tam Anadolu ləhcəsidir. Filmdə nə üçün obraza uyğun olaraq tam Azərbaycan dilində danışmırsınız? Yoxsa dilimizi unutmusunuz?

- Qətiyyən unutmamışam. Sözsüz ki, 18 ildə şivəm dəyişib. Kim desə ki, 18 il başqa ölkədə yaşasam, dilimə heç nə olmaz, bu, yalandır. Yaşadığı ölkənin dilində yaradıcılığını davam edən insan öz şivəsini qoruya bilməz. Mənim işim teatrla bağlıdır və mütləq Anadolu türkcəsində danışmalıyam. Bunu mən heç bir yerdə danışmamışam, ilk dəfə olaraq sizə danışıram. Türkiyəyə gedəndən sonra mən orada çox əziyyət çəkdim. Elə bir müddət görünməməyimin səbəbi də bu oldu. Məni türk dilini öyrənməyə vadar etdilər. Türk Dil Qurumu bildirdi ki, mənim xalqım sənin nə dediyini başa düşməlidir. Orada olan başqa ölkələrin nümayəndələri də Türkiyənin bu qanuna hörmət edir və hamı afərin deyir. Çünki dövlət bununla öz dilini qoruyur. Bəs bizimkilər niyə öz dillərini qorumur? Qardaşlığımız bir başqa, amma onlar deyir ki, sən mənim dilimə qarışa bilməszən, əgər “gəliyorum” əvəzinə “gəlirəm” işlətsəm, onlar bunu qəbul etməzlər. Azərbaycana gələn bir türk gəlib azərbaycanca danışmır. Biz hamımız onlarla türkcə danışmağa çalışırıq, axı niyə? Heç biri öyrənməyə də cəhd etmir və burada bir sual yaranır: “Niyə? Nə səbəbə?” Azərbaycanda yaşayırsan, Azərbaycanda pul qazanırsan, burada iş qurmusan, o zaman Azərbaycan dilini niyə öyrənmirsən? Dil mənim üçün çox həssas bir nöqtədir. Mən bu baxımdan qonşu ölkədə çox əziyyət çəkdim. Mənim aktrisalıq qabiliyyətimə heç kim bir şey söyləyə bilməzdi, hər zaman türk dilində danışa bilmədiyimi üzümə vurdular.

- Yəni, Türkiyədə keçirdiyiniz ilk illər çox əziyyət çəkmisiniz...

- Bəli, incitdilər, ancaq haqlı yerə incitdilər. Mən də onlara haqq qazandırıram. Türk Dil Qurumu deyirsə ki, mənim dilimdə danış, deməli bu dili öyrənməliyəm. Bu məsələdə qardaşlıq, bacılıq olmamalıdır. Biz çox modern bir millətik, sadəcə özümüzə qiymət verməyi bacarmırıq. Bir türk gəlir onun ayaqlarının altına düşürük. Bizim böyük sənətkarlarımız Türkiyəyə gedir, onlara qarşı heç bu cür münasibət yoxdur. Onların sənəti bizimkindən çox inkişaf etməyib ki? Biz hamımız ali savadlıyıq. Bir film çəkilir və iki türk aktyoru ilə gəlmişik. Tanınmış aktyorlardır, ancaq üç-dörd mühafizəçi ilə gəzmələri mənə çox qəribə gəlir. Mühafizəçi ilə gəzmək nə deməkdir? Çoxu heç universitet belə bitirməyib. Türkiyədə yaşayaraq onlara göstərmək istədim ki, biz ali savadlı, oxumuş insanlarıq. Bir türk müğənnisi gəlir, yanına 15 mühafizəçi veririk. Kimi, kimdən qoruyursan? Çox pis vəziyyətə qalmışıq. Özümüzü, sənəti nə qədər ucuzlaşdırmışıq. Tamaşaçı kütləsini dedi-qoduçu elədik. Sənəti yüksəltmək lazımdır, yalançı qalmaqallarla sənət olmur. Mənim fikrimcə, Azərbaycan telekanallarında yayımlanan bütün türk filmləri dublyaj olunmalıdır. Türk dilində serialların, filmlərin yayımlanması səhv addımdır. Türkiyənin hansısa kanalında Azərbaycan filmi öz dilimzdə yayımlanırmı? Bu, mümkün deyil. Hər bir film türk dilinə dublyaj olunmalıdır.

- 18 il ərzində iki ölkə arasında teatr və kino sahəsində hansı fərqlər müşahidə etmisiniz?

- Azərbaycanın teatr və kino sahəsində Türkiyədən geri qalmağının səbəbi iqtisadiyyatla bağlı məsələdir. Bu qətiyyən Azərbaycanın yaradıcı adamlarının zəif olduğuna dəlalət etmir. Bir faktı heç zaman danmaq olmazı ki, həqiqətən də bizim həm teatr, həm də kino sahəsində çox güclü məktəbimiz var. Sənət baxımından rus məktəbi daha güclü məktəbdir. Amma bizdə bu sahədə mövcud olan iqtisadi çətinliklər rejissorlarımıza yüksək səviyyəli çəkiliş aparmağa imkan vermir. Bəlkə də bizim aktyorlar onlara nə vaxtsa rol veriləcəyini gözləyirlər. Azərbaycanda mütləq texnologiyanın dəyişməsi lazımdır. Eyni zamanda Türkiyədəki texniki avadanlıqla bizim texniki avadanlıq arasında da çox fərqlər var.

- İki övlad anasınız. Yaradıcılıq işlərinizdən vaxt tapıb onlara zaman ayıra bilirsinizmi?

- Bu, mənim ən yaralı yerimdir. Vaxt tapıb onlara da zaman ayırmağa çalışıram. Amma oğlum artıq öyrənib, oğlum mənim iş qrafikimi çox yaxşı bilir. Mən övladlarıma həm ana, həm də dostam. Övladlarım bu zamana kimi heç zaman mən işə gedəndə arxamca ağlamayıblar.

- Bəs, həyat yoldaşınız sənətinizlə bağlı qarşınıza heç bir şərt qoymayıb?

- Yox. Amma mən onun xasiyyətinə çox gözəl bələdəm. Bilirəm ki, açıq-saçıq səhnələri sevmir. Amma bunları şərt kimi qarşıma məqsəd qoymayıb. Hər şeydən əvvəl mən anayam. Həyat yoldaşımdan çox oğlumu düşünürəm.

- Övladlarınızın toyunu Azərbaycanda, yoxsa Türkiyədə edəcəksiniz?

- Maraqlı sualdır. Oğlum böyüdükcə artıq özüm də bu barədə düşünürəm. Hətta onu da düşünürəm ki, görəsən oğlum türk qızı alacaq, yoxsa azərbaycanlı? Mənim qaynanam oğlunun seçiminə qarışmayıb, mənim də qarışmaq fikrim yoxdur.

- Sizcə, Türkiyədə yetərli qədər populyarsınızmı?

- Yox. Mən Türkiyədə Mehriban obrazı ilə populyar oldum. Bir də mənim populyar olmaq kimi xəstəliyim yoxdur. Türkiyənin teatr tamaşaçısı tərəfindən tanınmaq mənim üçün daha böyük zövqdür. Əslində Türkiyədə populyar olmaq üçün çox imkan var. Çünki şou kanalları çoxdur və çox asanlıqla bunu etmək olar. Ancaq jurnalist sənin həyatına girdiyi zaman sənin ailənin də içinə girir. Bilirsiniz ki, mən Türkiyədə dövlət sənətçisiyəm. Dövlət sənətçisi olmağın isə çox ciddi qanunları var.

- Rasim Balayevlə yenidən tərəf-müqabili olmaq istəyərdiniz?

- Əlbəttə ki, niyə olmasın ki? Bu, mənim üçün bir xəyal olardı.

- Bəs, Nargilə obrazını yenidən oynaya bilərsiniz?

- Yox, indi ancaq Nargilənin anasını oynaya bilərəm. Yaş keçib, illər ötüb. Bir daha geri qayıtmaq isə mümkün deyil. Nargilənin mənim həyatımda böyük bir rolu var. Bu qədər iş gördüm, çox gözəl işlərə imza atdım, amma Nargilən obrazının yeri tamam fərqlidir. Mənə Mehriban deyəndə əsəbiləşirəm, nə Mehriban? Düzdür o da azərbaycanlıdır, amma Nargilənin yeri başqadır.

- Türkiyədə keçirilən ermənilərdən üzr istəmə kampaniyasına Məlahət Abbasovanın yanaşması necədir?

- Görəsən ermənilər nə vaxt üzr istəyəcək? Bunu gözləmək lazımdır. Əlbəttə ki, bu kampaniyanı çox mənfi addım hesab edirəm. Mənim 17 yaşım olarkən bibim oğlu Ağdamda şəhid olub. Mən şəhid verən bir insan olaraq heç bir zaman belə bir şeyi dəstəkləyə bilmərəm. Ümumiyyətlə, Türkiyədə çox fərqli düşüncələr var.

- Türkiyədə dostluq etdiyiniz həmkarınız varmı?

- Bəli, bir çox aktrisalarla dostluq edirəm. Ən yaxın dostum isə Berguzardır.

- “Min bir gecə” filmindən sonra sizə yeni təkliflər olubmu?

- “Min bir gecə” serialında çəkilişləri bitirən kimi STV kanalından 40 seriyalıq filmdə çəkilmək təklifi gəldi. Mən işlərimlə bağlı imtina etdim. “Min bir gecə”dən sonra hər işə “hə” deyə bilmərəm. Həm də mənim şərtlərim var. İstanbuldan kənarda çəkilişlər olmamalıdır.

- Türkiyədə populyar olmağın çox asan olduğunu bildirdiniz. Bəs Azərbaycandakı həmkarlarınız niyə bunu edə bilmirlər?

- Bilirsiniz, mənim sənətə gəlişim son dərəcə sürətlə oldu. “Sən həmişə mənimləsən” tamaşasından sonra Akademik Dövlət Milli Dram Teatrına təyinat aldım. Məgər mənimlə birgə təhsil alan 30 nəfərin hamısı istedadsız idi? Yox, o qədər istedadlı uşaqlarımız var idi ki. Amma qismət elə gətirdi ki, mən seçildim və sonra da Türkiyəyə getdim. Bu gün İstanbul Bələdiyyəsi Şəhər Teatrında tək qadın rejissor mənəm. Mən artıq istədiyim yerdə və arzuladığım nöqtədəyəm. Vətənimə də xeyirli bir sənətçi olmaq istəyirəm. Mənim üçün bundan böyük pillə yoxdur.

- Yaratmaq arzusunda olduğunuz obraz varmı?

- Şekspirin əsərindən hansısa obrazı yaratmaq istərdim. “Hamlet”də Gerturuda rolunu oynamaq istərdim. Hər kəs mənə lirik bir insan, sakit kimi baxır. Amma mən hər zaman fərqli rollar oynamaq istəmişəm, elə indi də. Elə bir rol oynamaq istəyirəm ki, hamı məəttəl qalsın. Məsələn, yaşlı bir qadını oynamaq istərdim. Rollarımın bir-birinə bənzəməsindən çox narazıyam.

- Sizi Akademik Milli Dram Teatrına dəvət etsələr, hər şeyi buraxıb bura gələrsinizmi?

- Bu mümkün olan bir şey deyil. Mən gəlib Azərbaycanda hansısa işə başlaya bilərəm, ancaq övladlarım üçün bu çox çətin olar. Amma bir tamaşada oynamaq üçün təklif alsam, bir müddətlik gələrəm.

- Azərbaycanda fəxri ada layiq görülmək arzunuz varmı?

- Əlbəttə, çox istəyirəm. Azərbaycanlı olaraq bu qədər əmək sərf edirəmsə, ad almaq mənəvi olaraq mənə yüksək stimul verər. Fəxri adım olsaydı, Bakıya gələndə özümü daha yaxşı hiss edərdim. Onsuz da Türkiyədə desəm ki, Azərbaycanın əməkdar artisti və ya xalq artistiyəm, onsuz da anlamayacaqlar. Bu, mənim özümə lazımdır.

- Türkiyədə Azərbaycan aktyorlarının da yer alacağı film və ya tamaşa hazırlamaq fikrində deyilsiniz ki?

- Bəli, belə bir iş edəcəyəm. Hazırda bu layihənin həyata keçirilməsi ilə bağlı Azərbaycan və Türkiyə mədəniyyət nazirlərinin arasında rəsmi danışıqlar gedir. Bu filmi istehsal edəcək şirkət məni məsləhətçi kimi işə götürüb. Bu film Elçin müəllimin “Mahmud və Məryəm” əsəri əsasında hazırlanacaq. Filmin prodüseri Sevda Kayğısız bununla bağlı məndən kömək istədi, mən də böyük məmnuniyyətlə razılıq verdim. İndi o əsər üzərində ciddi işlər gedir. Bu bədii filmdə həm Azərbaycan, həm də türk aktyorları çəkiləcək. Hələ filmə dəvət alacaq Azərbaycan aktyorlarının adlarını açıqlamaq istəmirəm, ancaq artıq namizədliyini düşündüyümüz aktyorlar var...
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR