Bank Of Baku

İlham Namiq Kamal: “Heç vaxt toylarda tamadalıq etmərəm”- FOTOSESSİYA

İlham Namiq Kamal: “Heç vaxt toylarda tamadalıq etmərəm”- <font color=red>FOTOSESSİYA </font>
# 08 yanvar 2009 11:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Yanvarın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada sənəti kafedrasının müdiri, xalq artisti İlham Namiq Kamalın 60 yaşı tamam olur. Xalq artisti yubiley ərəfəsində APA-ya müsahibə verib.

- Sabah 60 yaşınız tamam olur. Yubileyinizi kimlərlə keçirəcəksiniz?

- 60 yaşımın tamam olmasını evdə yaxınlarımla birgə qeyd edəcəyəm. Rəsmi yubiley tədbirinin isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aprel ayında keçirilməsi nəzərdə tutulur. Çalışacağıq ki, tamaşaçılar üçün maraqlı yubiley tədbiri hazırlayaq. Vaqif Yusifli yubileylə əlaqədar “Teatr-məhəbbətim mənim” adlı kitab hazırlayır. Artıq bu kitab nəşriyyatdadır və yubiley tədbiri ərəfəsində işıq üzü görəcək.

- Heç inanmaq olmur ki, Sizin 60 yaşınız olur. Çox gənc görünürsünüz...

- Elə mən də inanmıram. Bəlkə də inanmamağa çalışmaq lazımdır. Məndən nə zaman anadan olduğumu soruşanda cavab verirəm ki, “Qanlı bazar” günündə. Saçlarıma da ağ rəngli həna qoyuram. Ağ rəngli rəngi də tapmaq o qədər müşkül məsələdir ki, bunun üçün bütün şəhəri ələk-vələk edirəm. Yoxsa, sağım heç ağarmayıb da. 1968-ci ildən fasiləsiz işləyirəm. Mənim əmək kitabçamda bütün işlədiyim yerlər yazılıb. Sonra Allahın qisməti ilə Akademik Milli Dram Teatrı ilə bərabər Gənclər Teatrında da işləmişəm, eyni zamanda Musiqili Komediya Teatrında rollar oynamışam. 2005-ci ildən etibarən isə bu teatrda quruluşçu rejissor və aktyor kimi fəaliyyət göstərirəm. 1993-cü ildə isə mən İlham Miniatür Teatrını yaratmışam. Eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada sənəti kafedrasının müdiri və professoruyam. Bütün bunlara baxmayaraq ailə üçün vaxt tapıram. Şamaxılı olmağımla fəxr edirəm. Çalışmışam ki, həmişə təmiz işləyim.

- Sizin üçün 60 yaş nə deməkdir?

- 60 yaş – uzun bir yol deməkdir. Yaxın bir dostum var, 40 yaşım olanda belə bir tost dedi: “Gəl bunu çox uzun ömür sürən olmağımızın sağlığına içək”. Əvvəlcə bu sözlərin mənasını başa düşə bilmədim. Amma sonra ona zəng vurub dedim ki, necə də düz demisən. 40 yaşına qədər bu qədər müvəffəqiyyət qazanmaq hər kəsə nəsib olmur. Əgər 40 yaş uzun ömür deməkdirsə, gör 60 yaş nə deməkdir. Mən bu günə qədər yalan danışan, həyatda rol oynayan insanlarla oturub-durmamışam. Darıxanda gedib otururam Mədrəsə kəndində. Həyətdə oturub bütün bu hay-küylərdən ayrılıram. Bizim sənətin əsas qayəsi müşahidə etmək və yeni-yeni xarakterlər düşünməkdir. Fikirləşirsən ki, kənddəki adamlar şəhərdə olsaydı, şəhər daha tez təmizlənər, saflaşardı.

- Bu illər ərzində bir çox teatrlarda çalışıbsınız. Hansı teatr səhnəsini daha doğma hesab edirsiniz?

- Əlbəttə ki, Akademik Milli Dram Teatrının səhnəsini. Çünki demək olar ki, bütün ömrüm o səhnədə keçib.

- Sənətiniz boyu əsasən komik rollar yaratmısınız. Sizcə, bu obrazlarınızdan hansı ilə tamaşaçıları daha çox güldürmüsünüz?

- İnanın ki, mən heç zaman güldürmək haqqında düşünməmişəm. Dram rolları da çox oynamışam. Rollarımın əksəriyyəti komik obrazlar olub, ancaq mən vəziyyət komediyasını daha çox sevmişəm. Vəziyyət komediyasını oynayan zaman canlandırdığım xarakteri vəziyyətini aydın etmək üçün bəzən hətta ağlamışam, ancaq tamaşaçı buna gülüb. Səhnədə boş-boş gəzməklə vəziyyət komediyasını canlandırmaq qeyri-mümkündür. Bu halda aktyor heç vaxt istədiyini yarada bilməz. Aktyor sənəti o qədər çətin sahədir ki. Hansı janra dair rol ifa etməyindən asılı olmayaraq, o rolu elə oynamalısan ki, əgər ülgüc üzərində dayansan belə, gərək ayaqların qanamasın.

- Bu, mümkündür?

- Əlbəttə, peşəkar aktyor üçün mümkündür. Ancaq gərək əndazəni keçməyəsən. Gərək tamaşaçı dalınca qaçmayasan, çünki tamaşaçı dalınca qaçanda aktyor sənəti və teatr arxa planda qalır. Bir zamanlar “O olmasın, bu olsun” filmi çəkiləndə o filmi Azərbaycan xalqına təhqir kimi qəbul etmişdilər. Ancaq bu gün görün, heç o səviyyədə film var? Biz getdikcə cırlaşırıqmı? Hamılıqla bu haqda düşünmək lazımdır. Mən bütün sənət adamlarına bu barədə düşünməyə arzu edərdim. Söhbət təkcə sənətdə olan aktyor və rejissordan getmir, yazarlarımız da, şairlərimiz də bu barədə düşünməlidir.

- Tamaşaçı arxasınca qaçmağı düzgün hesab etmirsiniz. Ancaq razılaşmaq lazımdır ki, bu gün tamaşaçını güldürmək üçün gənc nəsil müxtəlif vasitələrə əl atır, hətta kişilər qadın paltarı da geyinirlər.

- Bu, tamam fərqli məsələlərdir. Mən teatr haqqında danışa bilərəm, amma estrada haqqında yox. Biz komediya deyəndə – Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun, Sabit Rəhmanın komediyalarını, Rəhman Əlizadənin, Əli Əmirlinin, Vaqif Səmədoğlunun ironiyalı komediyalarını nəzərdə tuturuq. Mən sizə böyük komediyalardan danışa bilərəm, çünki mən bu sənətlə məşğulam. Dediyiniz səviyyəni mən bilmirəm axı. Altay Məmmədovun “Kişilər” komediyasında mən Hüseyn Ağabacı obrazını oynayırdım. Bu obraz kişidir, ancaq qadın xarakterlidir. O, pambıq yığmamaq üçün evdə bütün məşəqqəti boynuna götürür, uşaqlarına baxır. Sonra da adını Ağabacı qoyurlar ki, bu kişi evə girib pambıq yığmır. Və yaxud “Həmişə təmizlikdə” televiziya tamaşasında oynamışam və bu gündə həmin tamaşa televiziyanın fondunda saxlanılır. O tamaşada 7-8 qonşu var və həmin qonşulardan biri də qeybət edən qadındır. Bu bitmiş bir əsərin içərisində olan xarakterdir, boş yerə qadın obrazına girmək düzgün deyil. Ağayanalığını saxlamış sənət adamı sırf öz sənətinin, peşəsinin sahibidir. O eyni zamanda fikirləşməlidir ki, mənim də anam var, bacım, qardaşım var, onlar mənə görə xəcalət çəkməməlidir.

- Sizcə, tamaşaçını güldürmək üçün bu səviyyəyə enmək düzgündürmü?

- Əgər rol tamaşaçının zövqünü oxşayırsa, deməli o tamaşaçıların səviyyəsini də düşünmək lazımdır. Hər bir insan özünü və öz dünyagörüşünü görür. Əgər normal, doğrudan da özünə hörmət edən tamaşaçı varsa, belə şeylərə baxmayacaq. Siz niyə bu məsələdə sənətkarları günahlandırırsınız, ancaq o tamaşaya baxmağa gələn tamaşaçını yox? Görün, tamaşaçının səviyyəsi nə gündədir.

- Bəs, o tamaşaçını bu səviyyəyə salan hansı amillərdir?

- Tamaşaçı özü-özünü bu kökə salır. Bəs niyə həmin o tamaşaçı öz həyat yoldaşına, balasına hörmət edib durub zaldan getmir? Deməli bu, onun səviyyəsinə uyğundur. Səhnədə olan sənət adamını günahlandırmaq yox, o sənət adamını o vəziyyətə gətirən tamaşaçını günahlandırmaq lazımdır. Həmin sənət adamına əl çalan, ona gülən tamaşaçının səviyyəsi də elə o cürdür.

- Siz necə, belə tamaşaların tamaşaçısınızmı?

- Mən ancaq yaxşı tamaşanın tamaşaçısıyam. Bu yaxınlarda Tahir İmanov məni tamaşalarına baxmağa dəvət etmişdi. Dördüncü sinifdə oxuyan oğlumu da özümlə apardım. Son konsert proqramlarına baxdım. Oğlum çox bəyənirdi, bəzi ironiyaları mən özüm də qəbul edirdim. Digər konsertlərində isə olmamışam, bəlkə onların sənətində də müəyyən gözəlliklər var. Coşqun və Rafael istedadlı teatr aktyorlarıdır. Bəlkə baş verənlərin səbəblərindən biri də repertuar dayazlığıdır. Hər bir estrada materialının birinci şərti onun mövzu çalarıdır. Müəyyən vaxtlarda Musiqili Komediya Teatrında da belə işlər olub, 30-40-cı illərin əsərlərini oynayıblar. Axı indi XXI əsrdə 30-40-cı illərin əsərlərini oynamaq olmaz. Teatr sabahın teatrı olmalıdır.

- İlham müəllim, gəlin razılaşaq ki, bu gün teatrlarımızın tamaşaçı auditoriyası demək olar ki, yoxdur.

- Bununla razılaşa bilmərəm. Son vaxtlar Musiqili Komediya Teatrında tamaşaçı həmişə var, mən tamaşaçı qıtlığı görməmişəm. Hansı teatrda tamaşaçı yoxdursa, bu, onun öz problemidir. Teatrın güclü aktyorları, gözəl rejissorları və güclü repertuarı olmalıdır. Bu gün teatrların hamısında təmir-bərpa işləri gedir. Bundan sonra tamaşaçıların sayı daha çox olacaq. Bu gün şadlıq evlərinin işıq effektləri teatrların işıq effektlərindən daha yüksəkdir.

- Toylarda tamadalıq edirsiniz?

- Yox, mən heç zaman tamadalıq etməmişəm və etmərəm də. Dəfələrlə mənə toylarda tamadalıq etmək təklif olunub, ancaq heç zaman razılıq verməmişəm. Hətta mənə çoxlu pul da təklif ediblər, ancaq məni heç bir güc sındıra bilməz. Fikrimcə, tamadalıq eləmək sənətkara yaraşmaz. Sənətini sevən bir insan bu addımı atmaz. Toyda mənə kimsə artıq-əskik söz desə, dözə bilmərəm.

- Gənclik dövrünüzün, yoxsa bu günün tamaşaçısını güldürmək daha asandır?

- Mən heç vaxt tamaşaçını güldürməyi fikirləşməmişəm. Hansı dövr olursa-olsun, əgər tamaşa düz qurulubsa, tamaşaçı güləcək. Tamaşaçını güldürmək xətrinə ədəbsiz söz demək bambılılıqdır.

- Deyirlər, gülüş insanın ömrünü uzadır...

- Yadımdadır, cavan vaxtı deyərdik ki, gülmək “C” vitaminidir. İnsan nə qədər çox gülərsə, bir o qədər vitamin qəbul etmiş olar. Buna görə də çox gülmək lazımdır.

- Neçə övladınız var?

- Dörd.

- Babasınız?

- Yox. Allah qismət eləsin, babalıq böyük şərəfdir.

- Səhnədən ayrılmaq üçün özünüzə yaş həddi müəyyənləşdiribsinizmi?

- Səhnə həmişə sağlamlığı sevir. Əgər sənətkarın canında qüvvə varsa, plastikan imkan verirsə, çevikliyin varsa, səhnədə öz imkanlarını göstərə biləcək. Mən teatra hər zaman bir nağıl kimi baxmışam.

- Rəhbəri olduğunuz Ilham Miniatür Teatrının fəaliyyəti davam edirmi?

- İlham Miniatür Teatrı Azərbaycanda yeganə özəl teatrdır. Özəl teatrlara böyük qayğı lazımdır. Mədəniyyət Nazirliyi bizə Gənc Tamaşaçılar Teatrının binasında yer verib və 1993-cü ildən fəaliyyətə başlamışıq. Həmin teatrda təmir qurtarandan sonra öz işimizi davam etdirəcəyik. Çünki Miniatür Teatrı gənclərin inkişafı üçün bir körpü idi. Bu gənclərin əksəriyyəti sonradan daha böyük teatrlarda işləyirdi. Mən fəxr edirəm ki, Miniatür Teatrında işləyən gənclərin heç biri itib batmadı. Başqa dövlətlərdə özəl teatr yaradıldıqdan beş il sonra dövlət onu öz himayəsinə götürür. Mənə elə gəlir ki, gələcək də biz də teatrlar dövlət himayəsinə götürüləcək. Bizim teatrda 38 tamaşa hazırlanıb. Biz də olan paltarlar, rekvizitlər heç dövlət teatrların özündə belə yoxdur. Onların hamısı, alınan əsərlər, yazılan musiqilər, səs effektləri hamısı saxlanılır.

- Teatra rəhbərlik etmək çətin iş deyil ki?

- Sovetlər dövründə teatr yaratmaq və işlətmək çox çətin bir şey idi. Hətta Tofiq Kazımov və Mehdi Məmmədov kimi böyük rejissorlar bir teatrda işləyirdilər. Halbuki Tofiq müəllimin ürəyində tam başqa bir teatr var idi. Müstəqillik dövründə belə bir teatr yaratmaq mənə də qismət oldu.

- Ailə başçısı, aktyor, kafedra müdiri, teatr rəhbəri... Yorulmusunuz?

- Bu, bir yoldur gedirəm. Çalışmışam ki, öz yolumla gedim, başqa heç nə ilə məşğul olmağa vaxtım yoxdur.

- Siz həm də rejissor kimi tamaşalara quruluş verirsiniz.

- İlham Miniatür Teatrında bütün tamaşaların quruluşçu rejissoru özüm olmuşam. Sonra Hacıbaba Bağırov məni Musiqili Komediya Teatrına dəvət etdi və orada tamaşa səhnələşdirdim. 2005-ci ildən həmin teatrda həm də tamaşalarda oynayıram.

- Rejissorluq etmək istəyi nədən irəli gəldi?

- Aktyor ancaq öz rolunu görür, rejissor isə bütün tablonu görür. Rejissorlarla bağlı daha çox mütaliə edirdim. Hər dəfə əsərə quruluş verəndə müəllimim Tofiq Kazımovu fikirləşirəm, çünki məni bu səviyyəyə Tofiq müəllim gətirib çıxarıb. Ancaq bütün həyatımı rejissorluğa həsr etmək fikrində deyiləm. Səviyyəli rejissorun əsərində oynamağa həmişə hazıram. Mən aktyor sənəti ilə həmişə fəxr etmişəm. Aktyor həmişə çalışmalıdır ki, gərək rejissorun beynində çəkdiyi tablonu korlamasın. Onun yaratdığı əsərdə özünü kənara çəkməyəsən və tamaşaya qulluq edəsən. Tofiq Kazımov deyirdi ki, rejissor rəssamdır, əlində fırça canlı insanların əzaları üzərində tablo çəkir. Çalışmışam ki, yaratdığım tablolarda qızılgül də olsun, qərənfil də. Bu gün Azərbaycan rejissorluq sənətində qalanlar Azərpaşa Nemətov və Mərahim Fərzəlibəyovdur. Bu sarıdan bizdə kasadlıqdır. Hüseynağa Atakişiyev Tofiq müəllimdən sonra Azərbaycanda ən qüdrətli rejissorlardan biri idi. Azərbaycanda rejissor olmaq çox çətindir.

- Bir pedaqoq kimi tələbələrinizi səviyyəsindən razısınız?

- Biz heç bir tələbəyə istedad vermirik, biz onları yalnız istiqamətləndiririk. Kompüter, internet məsələsini başa düşürəm, gözəl şeydir. Ancaq sırf sənət adamı olmaq istəyirsənsə, özünü teatra həsr etmək istəyirsənsə, mənəviyyatını inkişafı üçün yalnız kitab oxumaq lazımdır. Kitabla interneti qarışdırmaq çox böyük qəbahətdir. Kitaba qayıtmaq lazımdır. O insanın zəngin mənəviyyatı olur ki, o, kitab oxuyur. Bu mənim üçün danılmaz faktdır və tələbələrə də bu fikri aşılamağa çalışırıq. Bu gün məktəblərdən çox savadsız uşaqlar gəlir. Məlumatı var, ancaq savadı yoxdur. Hətta bir cümləni belə qura bilmir. Bütün bunlar kitabdan uzaq düşməyin nəticəsidir.

- Özünüzə arzunuz?

- Sağlıq olsun, qalan hər şey düzələr...
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR