Bank Of Baku

Fərhad Bədəlbəyli: “Söz vermişəm ki, Şuşada musiqi məktəbi tikdirəcəyəm” - MÜSAHİBƏ - FOTOSESSİYA

Fərhad Bədəlbəyli: “Söz vermişəm ki, Şuşada musiqi məktəbi tikdirəcəyəm” - <font color=red>MÜSAHİBƏ - FOTOSESSİYA </font>
# 25 avqust 2009 10:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın xalq artisti Fərhad Bədəlbəylinin APA-ya eksklüziv müsahibəsi

- Fərhad müəllim, bu günlərdə Qəbələdə keçirilən I Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri olaraq festivalı necə qiymətləndirirsiniz?

- Qəbələ festivalından çox gözəl təəssüratla qayıtmışam. Hər şey çox yüksək səviyyədə keçdi. Sözsüz ki, burada Heydər Əliyev Fondunun böyük payı var, əsas təşkilatçılarından biri onlar idi. Mədəniyyət və Turizm Nazirliyi bizə çox köməklik göstərdi və festival boyu Azərbaycanın Musiqi Xadimləri İttifaqı da çox fəal işlədi. Ona görə xoşbəxt idim ki, Qəbələdə yerli sakinlər festival çərçivəsində keçirilən bütün konsertlərdə iştirak edirdilər. Hətta Şamaxı, İsmayıllı, Ağdaş, Oğuz, Gəncədən gələnlər də var idi. Ən sevindiricisi o idi ki, heç kim onları festivalda iştiraka məcbur eləmirdi. Yadımdadır, açıq havada klassik musiqi konsertlərini vaxtilə Cıdır düzündə maestro Niyazi idarə edirdi. Sonra nədənsə klassik musiqi öz mövqeyini itirdi. Bu festivalı mütəmadi keçirəcəyimizə görə çox şadam. Gərək festivalda fasilə olmasın, belə olanda həmin festivalın nüfuzu dərhal aşağı enir.

- Deməli, regionlarda klassik musiqiyə maraq daha çoxdur...

- İnanın ki, həddən artıq. Bizə dedilər ki, bu festivala kim gələcək axı? Zallar boş olacaq və s. Ancaq tamaşaçılar gəldilər. Hətta konsertlərdə səs-küy belə yox idi, telefon zənglərinin də səsi gəlmirdi. Bir də sözsüz ki, təşkilatı məsələlər çox yüksək səviyyədə həll olunmuşdu. Muğam konserti keçiriləndə yağış yağdı, o saat 300 çətir gətirdilər və tamaşaçılar çətirin altında konsertə tamaşa etdilər. Festivala çox məşhur professorların gəlməsini xüsusi qeyd etmək istəyirəm. Lyu Şi Kun kimi əfsanəvi bir pianoçu bu tədbirə qatılmışdı. O, klassik musiqi ifa etdiyinə görə 6 il həbsxanada yatıb. Hazırda bu professorun Çində 6000 musiqi məktəbi var. Çində 45 milyon adam rəsmi fortepiano ifaçısıdır. Lyu Şi Kun maestro Niyazi haqqında deyirdi ki, o dahidir.

- Festivalın gedişi dəvət olunan qonaqlarda hansı təəssürat doğurdu?

- Qəbələ beynəlxalq musiqi festivalı üzərində düz bir il işləmişəm. Bu çox çətin işdir. Məsələn, İsraildən dəvət olunan orkestrlə danışmaq lazım idi. Açığı deyim ki, onlar Azərbaycana gəlməyə qorxurdular. İnternetdə beş ay bundan əvvəl məlumat yayılıb ki, Azərbaycan çox təhlükəli bir ölkədir, orada müharibə gedir. Ancaq israilli musiqiçilər gəlib görəndən sonra dedilər ki, siz cənnətdə yaşayırsınız. Biz İsraildə sanki həbsxanadayıq, hər an qorxu içindəyik ki, bizi bombalayacaqlar. Həqiqətən də onlar Azərbaycanın çox gözəl ölkə olduğundan xəbərsiz idilər. Fürsətdən istifadə edib Lahıca getdik və Lahıc onların ağlını başından aldı. Onlar dedilər ki, bura bir möcüzədir. Hərə bir ağızdan deyirdi ki, axı bura niyə yol çəkmirsiniz, bura ki möcüzədir. Deyirdilər ki, bu Lahıc bizdə olsaydı, ondan milyardlarla pul qazanardıq. Şəkidə Karvansaranı, Xan sarayını gördülər, ağızları açıq qaldı. Qəbələdə bulaq suyunu içəndə dedilər ki, bu suyunuz neftdən min dəfə qiymətlidir. Əsas odur ki, onların arasında Azərbaycanı təbliğ edən çox insanlar olacaq.

- Uzun çalışmalardan sonra Azərbaycanda klassik musiqi sahəsində ilk beynəlxalq festival keçirildi. Sizcə, Azərbaycan estrada janrı üzrə belə beynəlxalq festivalın və ya müsabiqənin keçirilməsinə hazırdır?

- Estrada deyəndə yəqin ki, “Eurovision” formatında bir müsabiqəni nəzərdə tutursunuz. Estrada mahnıları hər ölkədə xüsusi bir janrdır. Şəxsən mən rus estradasında maraqlı heç bir şey görmürəm. İngiltərədə estrada tamam başqa bir maneradır. Fransada estrada mahnıları şanson oxunurdu, bu janrda əsas musiqi deyil, mətndir. Amma Fransadan “Eurovision-2009“ müsabiqəsinə qatılan Patrisiya Kaas kimi sənətkar yer tuta bilmədi, bu, biabırçılıqdır. Hətta təəccübləndim ki, qonorarı milyonlarla dollarla hesablanan Kaas niyə gedib o müsabiqədə iştirak edir. Bu yarışmada siyasi problemlər, reklam problemləri var. Xanımların geyimi və gözəlliyi də nəticələrə təsir edir. “Eurovision”da sənət orada o qədər də önəmli deyil. Azərbaycanda estrada müsabiqəsi yox, festival keçirmək olar. Festivala gərək qonaqlar gəlsin, biz öz estrada sənətimizi nümayiş etdirək. Burada problem görmürəm, sadəcə o tədbirdə Azərbaycandan ən nüfuzlu, ən istedadlı adamlar iştirak etməlidir.

- “Eurovision”dan söz düşmüşkən, niyə Azərbaycanın həm ötən ilki, həm də bu ilki təmsilçiləri müsabiqədən dərhal sonra heç bir yeniliyə imza atmadılar?

- Bunun səbəbi bizdə menecmentlik strukturunun olmamasıdır. Elnur Hüseynov və Samir Cavadzadə çox istedadlı uşaqlar idi. Onlar deyəsən artıq ayrılıblar, buna təəssüflənirəm. Çünki bu uşaqların çox gözəl potensialı var idi. Həmin cütlük üçün repertuar yazan bəstəkarlar olsaydı, bu uşaqların konsertləri təşkil olunsaydı, gözəl olardı. Amma bir mahnı ilə onların konsertini necə təşkil etmək olar? Yenə də məsələ gəlib menecmentliyin üstündə dayanır. Vaxtilə mən “Qoskonsert”in solisti idim. Bu birlik bütün dünyada mənim mahnılarımın təqdimatını həyata keçirirdi. Amma 90-cı illərdən sonra mən, Fidan, Xuraman elə bil yiyəsiz qaldıq. SSRİ dağıldı, “Qoskonsert” dağıldı, bizim bütün o konsertlər məhv oldu və 10 il müddətində faktiki olaraq heç bir şer etmədik. Bu, bizim üçün itirilmiş illər idi, çünki həmin vaxt mən daha da cavan, daha yaxşı formada idim. Qorxuram ki, Elnur, Samir, Aysel kimi istedadlı uşaqların vaxtı hədər getsin. Onlara mütləq yaxşı menecment lazımdır. Çox təəssüflər olsun ki, bu institut bizdə yoxdur.

- Qəribədir ki, beynəlxalq müsabiqələrdə iştirak edən gənclərin əksəriyyəti daha sonra xarici ölkələrə üz tuturlar...

- Əgər onlar xarici ölkələrə getsələr, mən xoşbəxt olaram. İstəməzdim ki, istedadlı azərbaycanlı gənclər ancaq və ancaq Bakıda otursunlar. Onların əvvəla dil bilgiləri olmalıdır. Bu gün hansısa bir xarici dil bilməsən, heç zaman Avropada karyera qura bilməzsən. Dmitriy Yablonski altı dildə danışır. İngilis, fransız, ispan, italyan, alman və rus dillərini bilir və deyir ki, gələn festivala kimi mütləq Azərbaycan dilini öyrənəcəyəm. Dil bilirsənsə, deməli karyeran da, pulun da olacaq. Yox əgər öz dilində danışacaqsa, əlbəttə Mərdəkandan o tərəfə gedə bilməyəcəksən. Mən istedadlı uşaqların hər birinə deyirəm ki, dil öyrənin, sizi mütləq xaricə göndərəcəyik. Azərbaycan Mədəniyyətinin Dostları Fondu, şəxsən Mehriban xanım Əliyeva Şuşadan olan qaçqın tələbə Fuad İbrahimovu Kölnə göndərib, o dirijor kimi konservatoriyada təhsil alıb. Əyyub Quliyev bütün festivallarda iştirak edir. Belə istedadlı uşaqlar, yeni nəsil mütləq və mütləq Avropada dolaşmalıdır, Azərbaycanda oturmamalıdır. Çünki Azərbaycanda oturub karyera qura bilməz. Yaxşı ki, indi xüsusi fond var. Bu fond hesabına ən istedadlı uşaqları xaricə oxumağa göndəririk. Bəs musiqiçiləri niyə göndərmirik? Bu il Montro Caz Festivalında birincilik qazanan İsfar Sarabskini ya Amerikada, ya da Londonda caz məktəbində təhsil almağa göndərmək fikrimiz var. Amma İsfar ingiliscə danışa bilmir. Ona deyirəm ki, sən cazla məşğul olursan, bəs niyə ingilis dilində danışa bilmirsən?! Onu ingilis dilini öyrənməyə məcbur edirəm.

- Bakı Musiqi Akademiyasının rektoru kimi yeni nəsil musiqiçilərin musiqi savadını necə qiymətləndirirsiniz?

- Çox əfsuslar olsun ki, o qədər də yüksək deyil. Hərdən baxıram və görürəm ki, bizim akademiyaya qəbul olan musiqişünas 50 bal toplayır. Bu, əlbəttə onların nəzəriyyə baxımdan bilgiyə sahib olmamalarından xəbər verir. Uşaqlar çox az kitab oxuyurlar. Səhərdən axşama kimi internetdən çıxmırlar. Razıyam, internet də lazımdır, amma kitab başqa şeydir. Biz vaxtı ilə kitab da oxuyurduq, konsertlərə də gedirdik. Kitab insana çox şey verir, internet isə kitabın verdiyini verə bilməz. Mən məktəbdə oxuyarkən Napoleonun generalları haqqında məruzə oxuyurdum, necə general var, hansı müharibədə iştirak edib və s. Bizi coğrafiyanı, tarixi, ədəbiyyatı bilməyə məcbur edirdilər. Riyaziyyatı, fizikanı, kimyanı demirəm, bu fənlər çətindir, amma musiqiçi hər halda öz tarixini bilməlidir. Hüseyn Cavidin əsərlərini, Mirzə Ələkbər Sabirin şeirlərini, Cəlil Məmmədquluzadənin əsərlərini oxumalıdır, ya yox? Əlbəttə, oxumalıdır. Bu problemin əsas səbəbi isə məktəbdə qeyd etdiyim fənlərin zəif tədris olunmasıdır.

- Bu il qəbul zamanı Bakı Musiqi Akademiyasına keçid balı nə qədər idi?

- 100 bal. Hərdən çox istedadlı gənc olur, amma bal toplaya bilmir. Ancaq pianoçu, bəstəkar, musiqişünas heç olmasa 100 bal toplamalıdır. Hər halda sənətçi xarici ölkələrə səfər zamanı Azərbaycanın tarixi haqqında ətraflı bilgilər verməyi bacarmalı, elementar şeyləri bilməlidir.

- Əvvəllər, “Qarabağ məktəbinin yetirməsi” deyə bir anlayış vardı. Sizcə, torpaqlarımızın işğal altında olması bizdə səs probleminin yaranmasına səbəb olmayıb ki?

- Qəbələdən qayıdarkən bir gecə yata bilmədim. Orada pəncərəni açırdım və təmiz hava altında dərhal yuxuya gedirdim. Qarabağda da hava, İsa bulağının suyu, o dağlar, meşələr səsə çox təsir edir. Burada isə ekologiya problemləri uşaqlara o imkanlardan məhrum edir. Yeganə təsəlli odur ki, biz mütləq Qarabağa qayıdacağıq və yeni nəsil orda yaşayacaq. Çünki Şuşanı itirmək olmaz, Şuşada doğrudan da bir sirr var, görün, o şəhərdən nə qədər dahi adamlar çıxıb... Şuşa müqəddəs torpaqdır. Ancaq yenə deyirəm, ekologiya nə qədər pis olsa da, istedadlarımız var. Hər halda istedadlı uşaqlarımızın bütün festivallarda birinci yeri tutduqları göz qabağındadır.

- Fərhad müəllim, Sizin Dağlıq Qarabağa ziyalıların sonuncu səfərindən imtina etməyinizə nə səbəb oldu?

- Polad Bülbüloğlu mənim dostumdur və mən Poladla bununla bağlı yüz dəfə danışmışam. Ona bildirdim ki, bu səfər mənim üçün çox ağırdır. Ötən səfərdə o qədər şok yaşadım ki. Hələ Bülbülün evində olan zaman... İstərdim ki, bizdən başqa da ziyalılar getsinlər, kim orda yaşayacaqsa, gedib o torpaqların sahibi kimi yaşayacağı yerə baxsın. Mən demişdim ki, Şuşada musiqi məktəbi tikəcəyəm və yenə də sözümün üstündə dururam. Artıq sponsorlarımız var və biz Şuşada Üzeyir bəyin məktəbini açacağıq. Sadəcə istərdim ki, Şuşaya ikinci və ya üçüncü dəfə gedərkən artıq ortada konkret bir iş olsun. Amma elə-belə getmək, yenə eyni vəziyyət, eyni ab-hava... Onlarla bu vəziyyətdə görüşməyə ehtiyac duymuram.

- Cəmiyyətdə ciddi, klassik musiqiyə marağın azalmasının əsas səbəbi nədir?

- Bu proses bütün dünyada gedir, tək Azərbaycanda yaşanan problem deyil. Mən Hollandiyada Bella Davidoviçin yubileyində oldum, onun konsertinə gələnlərin 95 faiz yaşlı adamlar idi. Ancaq orada bir problem var ki, biletlər çox bahadır. Amma bizdə o problem yoxdur. Bizim Murad Adıgözəlzadə ilə müqaviləmiz var və bütün tələbələrimiz Azərbaycan Dövlət Filarmoniyasındakı konsertlərə pulsuz keçirlər və yuxarıda amfiteatrda dayanırlar. Mən tələbə olanda atam filarmoniyanın direktoru idi. Dostlarla filarmoniyaya gedirdik, amfiteatrda dayanırdım, halbuki mənim yaxşı yerlərdə oturub konsertə baxmaq imkanım var idi. Amma bunu etmirdim... Biz bütün o konsertləri ayaqda durub izləyirdik. Sevindirici məqam odur ki, son zamanlar filarmoniyaya gələnlər arasında gənclər çoxluq təşkil edir. Zal həmişə dolu olur. Ciddi musiqiyə marağın azalmasının əsas səbəbkarı sözsüz ki, telekanallardır. Telekanallarda efirin 90 faizi şou-biznesi, estradaya ayrılır. Yenə deyirəm, indiki gənclik Qara Qarayevin hansı baletlər yazdığını, ilk milli baletimizin hansı olduğunu bilmir. “Üzeyir Hacıbəyovun hansı romanslarını bilirsən” deyə soruşanda standart cavab verirlər - “Sevgili canan”, “Sənsiz”... Bu, bizim dövrümüzdə elementar suallar idi. 50-ci illərdə taksi sürücüsü belə Bülbülün ifasını seçirdi, Rəşidin mahnılarını əzbər bilirdi, yəni mədəniyyət yüksək səviyyədə idi. Vaxtilə Zülfü əmi toylarda saatlarla muğam oxuyurdu, indi muğam oxuyanda deyirlər ki, “əşi, bura yasxanadır, yoxsa toyxana?” Toy ancaq ritmik mahnılardan ibarət olmamalıdır ki, toya gələnlər yarım saat sonra qulağını tutub toydan getsin. İndiki toylarda heç danışmaq da mümkün deyil. O vaxtlar muğama qulaq asırdılar, sağlıq deyirdilər, yəni ünsiyyət var idi. Bilirsiniz, indiki vəziyyət nəyə bənzəyir? Elə bil hansısa iblis istəyir ki, insanlar robota bənzəsinlər, gəlsinlər, yesinlər, atılıb-düşüb, getsinlər.

- Deməli ilk problem bu ab-havanı yaradan insanların özündədir.

- Tamamilə doğrudur, əlbəttə, ilk növbədə insanlar özləri bunu etməməlidir. Qəbələ festivalında muğam gecəsindən sonra Gəncə Dövlət Universitetinin rektoru Elmar Məmmədov bizi qonaqlarla birlikdə öz evinə dəvət etdi. Həmin mərasimdə Mənsumla Aygün muğamatı pianonun müşayiəti ilə oxudular. İnana bilməzsiniz ki, xaricilər həmin ifaların və muğamın təsirindən necə ağlayırdılar. Hər biri deyirdi ki, bu bir möcüzədir. Muğamı mikrofonla ifa edəndə onun duzu azalır. Ancaq sənətçilərimiz həmin məclisdə mikrofonsuz oxudular və onları dinləyən xarici qonaqların tükləri biz-biz olmuşdu. Muğam nədir fəlsəfədir, insan bir az düşünür, kədərlənir. Həmişə atlanıb-düşmək, gülmək olmaz axı. Yadımdadır, atam hər zaman Hüseyn Cavidin “İblis”indən bir cümlə deyirdi: “Yekrəng olaraq keçsə həyat, bikar insan yaşamaqdan yorulur”. Həyatda yekrənglik olmamalıdır. Muğam belə bir şeydir. Həmin o ifalardan sonra amerikalılar dedilər ki, sizin əlinizdə çox böyük bir qızıl var. Münsiflər heyətində bir meksikalı var idi, dərhal dedi ki, mən bu sənətçiləri Meksikaya dəvət edirəm. Mən də dedim ki, yox, bunlar səfərə çox baha gedirlər, 100 min dollar verin, gəlsinlər. Bundan sonra belə olmalıdır. 90-cı illərdə bizi kim çağırırdı, ora qaçırdıq, pulsuz oxumağa belə razılıq verirdik. Amma indi vəziyyət çox dəyişib və daha da dəyişməsi lazımdır. Qoyun, böyük qonorarlar ödəsinlər, biz də gedək gözəl musiqimizi təqdim edək. Alim Qasımov bunu birinci etdi və buna görə biz ona minnətdarıq. Sübut etdi ki, mən qiymətliyəm, mənə yaxşı pul və yaxşı zal verməlisiniz.

- Ötən müsahibələrinizdən birində nəfəs alətləri ifaçılarının yoxluğundan narahatçılığınızı dilə gətirmişdiniz...

- Bu məsələ problem olaraq qalır. Amerikada bu musiqi alətləri üzrə çox güclü gənclər var. Təsəvvür edin, Boston Simfonik Orkestrinə girmək üçün bir yerə 400 valtoni çalan müraciət edir. Sözsüz ki, onlardan yalnız biri orkestrə qəbul olunur, 399 nəfər kənarda qalır. Biz istəyirik ki, həmin istedadlı ifaçıları Azərbaycana dəvət edək. Simfonik orkestrimizdə də çalsınlar, eyni zamanda dərs desinlər. Futbolumuzun inkişafı üçün Braziliyadan, Argentinadan futbolçular dəvət edirlər. Səviyyə gec də olsa, yavaş-yavaş qalxır. Eyni məsələni musiqi sahəsində də tətbiq etmək olar. Xaricilərin gəlib Azərbaycanda işləməsi, dərs deməsi ilə bizim musiqiçilərin dil problemi də həllini tapmış olacaq. Tələbələrimiz xarici musiqiçilərin dərsini anlamaq üçün məcbur olub xarici dil öyrənəcəklər. Başqa cür mümkün deyil, əks təqdirdə elə biz bu bataqlıqdan heç zaman çıxmayacağıq.

- Yubileyiniz ərəfəsində bizə müsahibənizdə bildirmişdiniz ki, 60 yaşımı tamamladıqdan sonra Gəncəyə köçüb yaşayacağam. Deyəsən fikrinizdən daşınmısınız?

- Bəli daşınmışam, indi Qəbələyə köçüb yaşamaq qərarına gəlmişəm.

- Ötən il keçirdiyiniz ağır əməliyyat yaradıcılıq fəaliyyətinizə təsir etməyib ki?

- Deyəsən yox, hər şey yaxşıdır. Özümü də çox yaxşı hiss edirəm...
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR