Bank Of Baku

Heykəltəraş Xanlar Qasımov: “Klivlenddə ucaltdığım “Ocaq” abidəsində Nəsiminin fəlsəfəsini göstərmək istəmişəm” - MÜSAHİBƏ - FOTOSESSİYA

Heykəltəraş Xanlar Qasımov: “Klivlenddə ucaltdığım “Ocaq” abidəsində Nəsiminin fəlsəfəsini göstərmək istəmişəm” - <font color=red>MÜSAHİBƏ - FOTOSESSİYA</font>
# 09 sentyabr 2009 08:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Amerikada yaşayan azərbaycanlı heykəltəraş, Klivlenddə salınmış Azərbaycan Parkının müəllifi Xanlar Qasımovun APA-ya müsahibəsi

- Klivlenddə Azərbaycan Parkının salınmasında çox böyük rolunuz olub. Bu işi həyata keçirmək çətin deyildi?

- İlk öncə bu ideyanı gerçəkləşdirmək mənim üçün çox məsuliyyətli və şərəfli iş idi. Yanaşmam belə idi ki, Amerikada ilk dəfə Azərbaycan parkı salınır və bu park XXI əsrin sənəti baxımından yüksək səviyyədə olmalıdır. Ən əsası isə park bütünlüklə Azərbaycanı təbliğ etməlidir. Buna görə də bu iş mənə təklif olunanda müəyyən təkliflər verdim. Bu təkliflər arasında “Ocaq” adlı layihə daha çox bəyənildi və təsdiqləndi. Bundan sonra parkın inşasına başlanıldı. Azərbaycan Parkının salındığı iki il ərzində Klivlenddə bəzi qruplar bu işə mane olmaq istəyirdilər. Qeyd edim ki, parkın yerləşdiyi həmin yeri 1897-cı ildə Con Rokfeller təxminən 120 hektar yer alaraq şəhərə ianə edib. Bu ərazinin təqribən 20-25 hektarında mədəni bağlar yaradılıb. 90 ildən çoxdur ki, həmin ərazidə Böyük Britaniya, İtaliya, Almaniya, ümumiyyətlə 30-dan çox ölkə öz parklarını açıblar. 2007-ci ildən isə Azərbaycan parkının salınmasına başlanıldı.

- Azərbaycan Parkının salınmasında bir sıra narazılıqların olduğunu qeyd etdiniz...

- Azərbaycan Klivlenddə islam ölkələri arasında birinci və yeganə parka sahib olan islam ölkəsidir. Ona görə də park salınan müddətdə bizə qarşı müəyyən təzyiqlər vardı. 2001-ci ilin sentyabrında baş vermiş hadisələrdən sonra ümumiyyətlə üzərində ay-ulduz olan bayraqlara bir az ehtiyatla yanaşırdılar. Bu yanaşmanın düzgün olmadığını isbatlamaq vəzifəsi bizim boynumuza düşmüşdü. Parkın Federasiyasının prezidenti deyirdi ki, “mən sənətin insanlara necə pozitiv təsir etdiyini bilirəm, ona görə də parkın salınması üçün əlimdən gələni edəcəyəm”. Həmin vaxt nə o məni, nə də mən onu tanımırdım. O özü heç vaxt Azərbaycanda olmayıb və Azərbaycanla bağlı geniş məlumata malik deyildi. Bizim konsepsiyanı başa düşəndən sonra dedi ki, bu parkın salınması üçün əlimdən gələni edəcəyəm.
Klivlend şəhəri İdarə Heyəti bizi və parkın salınmasına qarşı çıxan qrupu müzakirəyə çağırdı. Həmin görüşdə layihənin müdafiəsində mən, parkın prezidenti və memar iştirak edirdi. Əvvəlcə bizə qarşı olan qrup öz fikrini söylədi və Azərbaycan parkının salınmamasını arqumentləşdirmək üçün müəyyən sənədlər göstərdilər, siyasi və birbaşa parkla bağlı olan problemləri qaldırdılar. Sonra bizə söz verildi və mən abidənin konsepsiyasını başa saldım. Çıxışımda bildirdim ki, parkın içində yerləşən abidə parkın mahiyyətini açır. Heykəlin əsas konsepsiyası olan “Ocaq” paslanmayan poladdan hazırlanıb, güzgü kimi cilalanacaq. Konsepsiyanı Azərbaycan mədəniyyətinə əsaslanaraq hazırlamışam, İmadəddin Nəsiminin fəlsəfəsini göstərmək istəmişəm. Heykəlin aşağı hissəsi - yeri, yuxarı hissəsi isə səmanı əks etdirir. Bu heykəl simvolik olaraq Azərbaycanın coğrafi cəhətdən kiçik olsa da, mənəvi və mədəni baxımdan böyüklüyünün, təbiətlə harmoniyada olması ile ise bizim dünya ölkələri ilə münasibətimizin təmsilidir. İstəyim o idi ki, bu parka gələnlərdə Azərbaycanla bağlı maraqlı suallar yaransın və abidəni gördükdən sonra gedib axtarsınlar, öyrənsinlər. Bu fikirlərimdən sonra şəhərin İdarə Heyəti bizim layihəni dəstəklədilər. Bu parkın salınmasında ortaya çıxan problemlərin həlli zamanı Hafiz Paşayevin müdrik siyasətinin şahidi oldum. Parkın salınması bitdikdən sonra səfirimiz Yaşar Əliyevin təşkilatçılığı ilə çox gözəl açılış oldu. Klivlenddəki Azərbaycan diasporunun nümayəndəsi olan Tahir Qasımovun da bu işdə böyük zəhməti olub. Bu insanlara minnətdarlığımı bildirmək istəyirəm. Həmin abidə üçün parkda elə yer seçdik ki, oradan keçəndə o heykəli görməmək imkansızdır. Orda elə parklar var ki, haradasa görünməyə bilər, ancaq bizim heykəli hamı görür.

- Klivlenddə Azərbaycan Parkının salınması ideyası kimə məxsus olub?

- Mərhum dövlət başçımız Heydər Əliyev o vaxtlar Klivlend klinikasında müalicə olunanda Hafiz Paşayevlə birgə bu parkda dünyanın bir çox ölkələrinin təmsil olunduğunu görüblər və parka Azərbaycanın da bayrağının bura sancılması ideyası o zaman yaranıb.

- Niyə parkda Azərbaycanın hansısa tanınmış mədəniyyət xadiminin, siyasi şəxsiyyətin heykəlini qoymadınız və məhz bu cür abstrakt bir mövzuya müraciət etdiniz?

- O parkda heç bir siyasi şəxsiyyətin heykəlini qoymağa icazə verilmir. Ancaq mədəniyyət xadimlərinin heykəllərini ucaltmaq olar. Hansısa şair və ya yazıçının heykəlini qoymağa gəldikdə isə... Mənim təhsilim fiqurativ heykəllər üzrə olub. Mən iki il “Madam Tüsso”da işləmişəm. Dəqiq bir obraz yaratmaq, o keyfiyyətləri heykəldə göstərmək mənim üçün heç bir problem deyil. Sadəcə, heykəl müəyyən bir limitə çatandan sonra konkret bir obraz verir. Məsələn, şair və ya yazıçı əlində kağız uzaqlara baxır, yəni, bu keçmiş bir fikirdir. Dünyada bu cür şeylər artıq çoxdan bitib, indi dünyada şairlərin, yazıçıların heykəlləri düzəldilmir. İndi müasir sənət daha böyükdür və fiqurativ sənətdən daha çox tamaşaçı ilə ünsiyyətə girə bilir. Artıq müasir sənətdə fiqurativ janr bitib. Bu gün bu tendensiya ancaq keçmiş Sovet İttifaqından qalmış bəzi ölkələrdə qalıb, inkişaf etmiş ölkələrdə belə bir şey artıq yoxdur. Sözsüz ki, 100-200 il bundan əvvəl hazırlanmış heykəllər var. İndi isə yeni salınan parklarda belə hallara rastlaşa bilməzsiniz. İnkişaf etmiş ölkələrdə yeni parklar və landşaft həlli tam başqadır.

- Siz sadaladığınız formada müasir parkların Azərbaycanda inşası mümkünsüzdür?

- Əlbəttə ki, mümkündür və lazımdır. Biz gözləməməliyik, bu parkları yaratmalıyıq. Bizim çox gözəl şəhərimiz, landşaftımız var. Hazırda şəhərimizdə çox pozitiv hadisələr baş verir, bunu görməmək mümkün deyil. Bakıda yeni parklar salınır. Səviyyəsinin yaxşı ya pis olduğunu deyə bilmərəm, amma əsas odur ki, niyyət var. Çox sevindirici haldır ki, bu gün dünyanın ən yaxşı memarları olan Zaha Hadid və ya Jean Nouvel kimi mütəxəssislər Bakıda bina tikilişinə cəlb ediliblər. Elə bir şeylər etməliyik ki, bu parklar da həqiqətən də XXI əsrin tələblərinə cavab versin və onları xarici ölkə vətəndaşlarına göstərəndə fəxr edək. Ancaq biz bu günü düşünüb bir şeylər ediriksə, sabah artıq həmin şeylər köhnə sayılacaq. Ona görə də, bu işlərə daha uzaqgörən insanları cəlb etməliyik.

- Bu cür modern bir parkın Azərbaycanda salınması Sizə təklif olunsa, bu təklifi necə dəyərləndirərsiniz?

- Pozitiv.

- Ölkəmizin çox gözəl olduğunu dəfələrlə vurğulayırsınız. O zaman Sizi Amerikada yaşamağa məcbur edən səbəb nədir?

- Açığı mən bütün dünya sənətini qavramaq istəyirəm. Dünyada ən modern sənət Amerikada, yəni Nyu-Yorkdadır. Mən Avropanı, Amerikanın müxtəlif ştatlarını gəzib Nyu-Yorka gələndən sonra sənətçi olaraq burdan yaxşı bir yerin olmadığı qənaətinə gəldim. Dünyada sənət aləmində hər şey birinci orada baş verir, sənətə ən yüksək qiymət də orada verilir .Yeniliyi sevirlər, orda çox böyük, gözəl düşüncəli intellektuallar var. Sənətkar bir lokomotiv kimi öndə getməlidir, ardınca gələnlər isə onu başa düşməlidir. Əgər hamı başa düşürsə, bu, heç vaxt dahi bir şey ola bilməz. Təbiidir ki, sənətkarın intellektual səviyyəsi kütləyə hər bir zaman yeniliklər gətirəcək bir səviyyədə olmalıdır.

- Hazırda Sizin kimi Azərbaycanın çoxsaylı istedadları xaricdə fəaliyyət göstərirlər. Sizcə, bu cür istedadların Vətəndə qalıb elə burada işləməsi daha təqdirəlayiq olmazdımı?

- Düşünürəm xaricdə yaşayan hər bir istedadlı azərbaycanlı ilk öncə öz Vətəni üçün yaşayır. Amerikada yaşamağım və orada fəaliyyət göstərməyim tək mənim üçün yox, Azərbaycan üçün müsbət haldır. Çünki mən orada Azərbaycan üçün əlimdən gələni edirəm. Bu neçə illərdə “Community Board”un nümayəndəsi olmuşam, Qarabağ müharibəsinin qızğın vaxtlarında çoxlu ictimai işlərimiz olub. Artıq dövlətimiz yüksək səviyyədə formalaşandan sonra biz sırf öz işimizlə məşğul oluruq. Klivlenddəki Azərbaycanın “Ocaq” Parkı da buna nümunədir. Amerikada müəyyən Azərbaycan cəmiyyətləri var, mən də belə cəmiyyətlərdə çox fəaliyyət göstərmişəm. Ancaq Azərbaycan diaspor qurumlarında bir sənətçi toplumu yoxdur.

- Bu illər ərzində müxtəlif ölkələrdə, ən əsası isə ABS-da əldə etdiyini təcrübəni Azərbaycanda bölüşmək, tədris etmək fikrinizdə yoxdur?

- Tədris problemi bu gün Azərbaycan üçün əsas problemlərdən biridir. Mən özüm Yuri Qaqarin adına Pionerlər Evində, Əzim Əzimzadə adına Azərbaycan dövlət rəssamlıq məktəbində, sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin heykəltəraşlıq fakültəsində təhsil almışam. Bizdə ancaq fiqurativ sənət tədris olunur. Biz oxuyanda bizim müəllimlərimiz Rusiyada təhsil almış adamlar idi və bizə sovet realizmini tədris edirdilər. Oxuya-oxuya bilirdim ki, sovet realizmi bitəcək və kimsəyə lazım olmayacaq. Bizə sadəcə fiqurativ sənəti öyrədiblər. İnsanın anatomiyası, o necə duracaq, necə baxacaq, yəni dırnaqarası desək, klassik bir sənət. Ancaq bu heç klassika da deyil, haradasa 70-80 il ərzində formalaşmış qəribə bir şeydir. Əsil sənət başqa şeydir. Qərb sənətində isə fiqurativlik də var, müasir sənət də. Müasir sənət artıq o qədər böyüyüb ki, fiqurativ sənət lazımsız vəziyyətdə qalıb. Sözsüz ki, bu sənətin də müəyyən həvəskarları var, amma artıq müasir sənətsiz keçinmək mümkün deyil. Fiqurativ deyəndə siz özünüzü məhdudlaşdırırsınız, ancaq müasir sənət tam başqa bir ali anlayış verə bilər. Bizdə müasir sənət tədris edilmir. Gənc nəsil yetişir, ancaq müasir sənətdən xəbərsizdirlər. İnformasiya azdır, tədrisdə çox çatışmazlıqlar mövcuddur. Müasir sənəti burada öyrətmək üçün ilk öncə bu işə başlamaq lazımdır. Yoxsa qəribə bir vakuum yaranacaq.

- Hər halda bunun əsasını kimsə qoymalıdır...

- Axı bu problemin həlli üçün çox faktorlar var. Başlayaraq mənəvi və maddi faktorlardan. Müəyyən şərait yaratmaq lazımdır ki, həmin sənətkar qazandığı təcrübəni gəlsin burada tədris etsin. Hazırda Azərbaycanın imkanları çox genişdir, sadəcə bizim bir çatışmayan cəhətimiz var. Məsələn mən dövlətə insan kimi baxıram. İnsan orqanizminin düzgün funksiyası üçün bütün orqanlar gözəl işləməlidir. Dövlət də belədir. Bizim gənc nəslə bunu aşılamaq lazımdır. Gənc nəslin mədəni yetişməsi burda əsas faktordur və ölkə olaraq mədəni nəsil yetişdirmək bizim borcumuzdur. Mədəni nəsli yetişdirmək üçün bütün dünyada olan müasir və pozitiv mədəniyyəti biz bura gətirməliyik. Mədəni nəslin formalaşması tədrislə bağlıdır, qonşu millətlər gəlib bizi dəyişdirməyəcək.

- Bakıda gedən abadlaşdırılma, yenidənqurma işlərini necə qiymətləndirirsiniz?

- Bu günlərdə təsadüfən İçərişəhərə getmişdim və orada baş verən yeniliklər məni çox sevindirdi. Çox maraqlı dəyişikliklər hiss elədim. Ümidvaram ki, bu işlər peşəkarlar tərəfindən icra olunur. Müəyyən bərpa işləri görülür, bu, çox sevindiricidir. Sözsüz ki, elə eləmək lazımdır ki, tarixi abidələr görünüşünü dəyişməsin. Təbii ki, XII əsrdən qalmış divarı götürüb təzədən hörmək olmaz. Bu, baş verirsə, çox pis haldır, qəbuledilməzdir. Bu cür olsa, biz tariximizi uduzarıq. Sabah heç kimə biz heç bir şey sübut edə bilmərik.

- Azərbaycan adına çox işlər görmüsünüz, ancaq fəaliyyətiniz nədənsə mediada işıqlandırılmır.

- Açığı, heç vaxt televiziyada və ya mətbuatda çıxış etməyi istəməmişəm. Bu gün də danışmağımın yeganə səbəbi Klivlenddə salınan Azərbaycan Parkıdır. Hər zaman belə şeylərdən uzaq gəzmişəm və marağında olmamışam. Ancaq bu dəfə düşündüm ki, o, bizim parkımızdır, orada müəyyən bir tədbirlər keçirilməlidir. Yəqin diasporumuz bu parkın varlığından xəbərsizdir. O park bizim mədəniyyətimizin təbliği üçün salınıb. Amerikadakı diasporumuz ilə əlaqə saxlayıb mədəniyyətimizi təbliğ etmək lazımdır. Biz ancaq mədəniyyətimizi nümayiş etdirərək bir yerlərə çıxa bilərik.

- Amerikada emalatxananız varmı?

- Var və demək olar ki, günümün əsas hissəsini həmin emalatxanada keçirirəm. Son zamanlar mən düyü, şirinsiz şəkər, silikon və bu kimi bir yeni materiallarla işləyirəm. Bu da müasir sənətin yeni bir növüdür.

- Yaxın gələcək üçün planlarınıza Azərbaycanla bağlı nə daxil etmisiniz? Müasir sənət sahəsində master-klasslar və treninqlərin təşkili barədə düşünmürsünüz ki?

- Pozitiv fikri gənclərə aşılamağa, gənc nəsildə yeni düşüncənin formalaşmasına yardım etmək hər birimizin borcudur. Biz nə zaman düşünsək ki, Vətən üçün nə edə bilərik, ancaq o zaman tərəqqi ola bilər.

- Bəs yaxın vaxtlarda Azərbaycanda əsərlərinizi, əl işlərinizi sərgiləmək fikriniz varmı?

- Belə bir sərginin keçirilməsi planlaşdırılır. Düzdür, bu, mənim fərdi sərgim olmayacaq. Bu sərgi elə bu yaxınlarda Varşavanın Müasir Sənət Mərkəzində təşkil olunan sərginin eynisi olacaq. O sərgidə başqa rəssamlarla birgə mən də iştirak edəcəyəm və ümidvaram ki, həmin sərgidə özüm də iştirak edəcəyəm.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR