Bank Of Baku

Xan Şuşinskinin sonuncu tələbəsi Oqtay Hacıyev: “Xan əminin davamçısı kimi onu yarıtmamışam” – MÜSAHİBƏ - FOTOSESSİYA

Xan Şuşinskinin sonuncu tələbəsi Oqtay Hacıyev: “Xan əminin davamçısı kimi onu yarıtmamışam” – <font color=red>MÜSAHİBƏ - FOTOSESSİYA </font>
# 03 iyun 2011 11:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Televiziyasının Xalq Çalğı Alətləri Orkestrinin solisti, Xan Şuşinskinin sonuncu tələbəsi Oqtay Hacıyev APA-ya müsahibə verib. Müsahibədə 60 yaşlı Oqtay Hacıyev görkəmli sənətkar Xan Şuşinski ilə bağlı xatirələrindən, mərhum xanəndənin özəlliklərindən və çətin həyatından danışıb. Xan əminin tələbəsi olan Oqtay müəllim bu gün kirayədə yaşayır və cəmi 197 manat əmək haqqı alır. O, həyatda uğur qazanmaq üçün nə hansısa bir qapını döyüb, nə də kiməsə ağız açıb. Heç Xan əminin tələbəsi kimi də ona hansısa imkanlar yaradılmayıb. Oqtay Hacıyev bu günün özündə də çoxumuzun sevə-sevə dinlədiyimiz “Neyçün bəs” mahnısının da müəllifidir. Ancaq 1978-ci ildə yazdığı bu mahnıda onun adı müəllif kimi qeyd olunmayıb. Onunla görüşmək və müsahibə götürmək istəyimizi də çox səmimi qarşıladı və bu sözləri bildirdi: “Bəlkə müsahibə götürməyəsiniz, axı mən heç nə edə bilməmişəm”... Buna baxmayaraq, Oqtay Hacıyevi müsahibəyə razı sala bildik və o, bu istəyimizi reallaşdırmaq üçün redaksiyamıza gəldi.

- 1968-ci ildə Sumqayıta gəlib fəhlə işlədim. 1970-ci ildə əsgərliyə getdim, qayıtdıqdan sonra isə sənədlərimi Asəf Zeynallı adına Musiqi Texnikumuna verdim və qəbul oldum. Qəbul siyahısına baxanda gördüm ən sonda mənim adım yazılıb. Adımın qarşısında isə bu söz yazılmışdı: “Xan Şuşinski sinfi...” Qəbul olunmaq bir tərəfə, ancaq Xan Şuşinskidən dərs almaq, onunla söhbət etmək şansı qazanmaq başqa bir sevinc idi. Allah həyatda bircə bu arzumu reallaşdırdı. Həmin an elə bil yuxuda idim. Xan Şuşinskinin tələbəsi olmaq həyatımda ən uğurlu bir hadisə idi. 1977-ci ildə ilk dəfə musiqi məktəbləri arası müsabiqə keçirildi. Əslində evdən də çox könülsüz gəlirdim bu müsabiqəyə, çünki iki qarabağlının yanında mən nə oxuya bilərdim axı?! Mən qarabağlı deyiləm, Şəmkirdənəm. Doğrudan da Qarabağın segahı və şikəstəsindən yoxdur. Həmin müsabiqədə ən yaxşı ifaçı mən olsam da, hansısa səbəblərdən çox zəif oxuyana birinci yeri verdilər. Elə bu səbəbdən də qanım çox qara idi. Daima haqsızlıqlarla üzləşmişəm və bu hal mənə həmişə çox pis təsir edib. Barışa bilmirdim bu cür hallarla...

- Xan Şuşinski ilə tanışlığınızın təfərrüatlarını bilmək istərdik...

- Xan əmi çox mehriban insan idi. Elə ilk tanışlığımızda bütün xəyalımın gerçək olduğunu hiss etdim. Əsil Xan belə olmalı idi. Evlərinə gedəndə balaca oğluna deyirdi “Oqtay bala gəlib, bir çay gətir”. Xan Şuşinskinin hər bir övladının çox gözəl səsi var idi, ancaq heç biri bu sənətin arxasında getmədi. Qanım qara olan kimi mənimlə maraqlanırdı. Elə müsabiqənin nəticəsi ilə bağlı da qanım çox qaralmışdı. Xan əmi məni görən kimi hal-əhvalımı soruşdu və gördü ki, qanım qaradır. Dedi “Oqtay, sənə mən beş vermişəm, onlar nə karədir ki, sənə qiymət versinlər, get işində ol”. O vaxtı Xan əmi məni Əliağa Quliyevin yanına göndərdi və bildirdi ki, “get de ki, Xan göndərib, səni ansambla qəbul etsinlər”.

- Oqtay müəllim, Xan əmi ilə uzun müddət ünsiyyətdə olmuş, bu sənətin sirlərini öyrənmiş biri kimi onun xüsusiyyətlərini, keyfiyyətlərini sadalaya bilərsinizmi?

- Bilmirəm, bəlkə Xan əmiyə olan istəyimdəndir, ancaq mənim gözümdə Xandan başqa elə bir ikinci insan yoxdur. Həm sənətkarlıq, həm insani keyfiyyətlər, həm bir pedaqoq kimi hərtərəfli insan idi. Xan əminin bir oxumağı var idi, insan qulaq asanda deyirdi bu ifadan sonra necə oxuyasan? Sadəcə bu səsi, bu ifanı canlı eşitmək böyük xoşbəxtlikdir. Bir dəfə Xan əmiyə dedim ki, “hamı çıxıb efirlərdə oxuyur, tez-tez görünürlər, bəs siz də çıxın oxuyun, görsünlər, dinləsinlər, mən də fəxr edim ki, müəllimim oxuyur”. Bu sözümün qarşısında dedi: “Oqtay bala, çıxaram, birdən ürəyim sıxılar, yıxılaram, biabır olaram. Xalq mənə nə deyər? Mən Xanam, bundan sonra kim olacağam?” Axı o şəkər xəstəliyindən əziyyət çəkirdi. Heç kəsin paxıllığını çəkməzdi. Doğrudur, kənardan eşidirdim ki, bəzi adamlar qəsdən məni qıcıqlandırmaq üçün Xan haqqında xoşagəlməz sözlər deyirlər. O, paxıllıq çəkmirdi, ancaq onun paxıllığını çoxları çəkirdi.

- Bəs, Sizə bir müəllim kimi hansı məsləhətlərini verərdi?

- Hər zaman deyərdi ki, “oxu, səndən yaxşı sənətkar olacaq”. Heç zaman məsləhətlərini əsirgəməzdi. O qədər diqqətcil insan idi ki. Həyatımda ən gözəl anlar məhz onunla keçirdiyim vaxtlar olub. Şəxsiyyət kimi əvəzolunmaz biri idi. Səsi də ki, hamını heyran qoyub və ikinci bu cür ifa olmayıb. Bəlkə də kimsə olacaq, Azərbaycan belə sənətkar yetirə bilər. Bəlkə də Xan kimi səsi olar, amma Xan Şuşinskidən olmayacaq! Bu gün bəzi muğam ifaçılarından fərqli olaraq gənclərə yol açmağı sevərdi, onları bu sənətdən çəkindirməzdi. Bütün tələbələrinə hər mahnının ifa tərzini öyrədərdi, ən xırda detallarına qədər...

- Amma deyəsən Siz Xan əminin bu məsləhətinə əməl etmədiniz. Nədənsə bu gün biz Xan Şuşinskinin sonuncu tələbəsi hesab olunan Oqtay Hacıyevi sənətin zirvəsində görmürük. Səbəb haqsızlıqlarla üzləşməyinizdir, yoxsa Xan əminin vəfatından sonra bu sənətdən soyumusunuz?

- Bunun səbəbi ilk öncə mənim çox utancaq olmağımdır. Elə tələbə vaxtı da mən musiqi məktəbinin direktoruna gedib nə isə deyənə kimi çox əziyyət çəkirdim. Bəzən gedib qapıda dayanırdım və geri qayıdırdım. 1978-ci ildə xor kollektivinə solist kimi qəbul olundum. İlk dəfə “Şahnaz” muğamını oxudum. O lent yazısının başına elə oyun açmışdılar ki, dəhşətə gəldim. Səbəb isə musiqiçilərin cibinə pul qoymamağım idi. Ancaq xorla birgə xalq mahnılarını və muğamları lentə aldırırdım. Sonra mərhum Elbrus Qasımovun yanına getdim ki, “bəs mən tək oxumaq istəyirəm”. Onun da cavabı bu oldu “əşi, xorla oxuyursan da, bəsindir”. Axı xanəndəyəm, nə qədər xorla oxumaq olar. Mənə imkan yaratmadılar və ona görə də belə vəziyyətdəyəm. O zamanlar çoxsaylı lent yazılarım var idi, ancaq bu gün heç biri arxivdə yoxdur, axtarıram, heç birini tapa bilmirəm, hamısını pozublar. Bilirsiniz, heç bu günün özündə də özümü harasa zorla soxmuram və hər zaman həyata belə yanaşmışam. Gərək işçiyə rəhbər qiymət versin. Xan Şuşinskinin o vaxt iki tələbəsini məktəbdən çıxardılar, biri qaldı - Sədaqət Hacıyeva. O oxudu, amma sonra davam etdirmədi. Mən də hazırda Xalq Çalğı Alətləri Orkestrinin Xor Kollektivində işləyirəm, başqa iş yerim yoxdur.

- Xan Şuşinskinin davamçısı olaraq Sizə niyə heç bir imkan yaradılmayıb?

- Xan əminin davamçısı kimi onu yarıtmamışam. Bu qədər haqsızlıqlardan sonra heç nə edə bilmədim. Nə kiməsə ağız açmağa qüvvət tapdım, nə də kimsə mənə kömək etdi. Üzümə heç bir qapı açılmadı...

- Və bütün bunlardan ürəyiniz qırıldı...

- Özü də necə... “AzTV”də o qədər konsertlər keçirilir, birinə də məni çağırmırlar ki, Oqtay, axı sən də varsan. Ya da o biriləri... Bütün bunlardan nə şikayət etmək bir nəticə verir, nə də başqa bir şey etməyə gərək var. Susub oturmuşam. Qulu Əsgərov adsız rəhmətə getdi, nə oldu, harası əskikdir onun? Bu torpaq hamı üçündür, biri var adla, biri var adsız, fərqi yoxdur.

- Çoxları bu gün çox sevilən “Neyçün bəs” mahnısının müəllifi olmağınızdan xəbərsizdir. Elə bu günün özündə də gənclər tərəfindən bu mahnı tez-tez ifa olunur. Bəs Sizdən müəllif kimi icazə alırlarmı?

- Bəli, bu mahnının müəllifi mənəm. “Neyçün bəs” mahnısını 1978-ci ildə yazmışam. O zaman mahnının ilk ifaçısı Arif Babayev olub. Ona iki mahnı göstərdim və bunu oxudu. Həmin dövrlərdə mahnılara müəlliflərin adlarının yazılmasına icazə verilmirdi. Bircə “Şəmkir” adlı mahnı yazmışdım, Mais Salmanov oxuyub və o mahnıya müəllif kimi adım yazılıb. O qədər mahnılarım ifa olunub, amma heç biri öz adıma getməyib. Ona görə də ifaçılar məndən icazə almırlar. Axı onların çoxu heç bilmir ki, bu mahnının müəllifi mənəm. İndi bazar iqtisadiyyatı baş alıb gedir. O zamanlar icazə yox idi ki, mahnı yazana bəstəkar deyilsin, heç həvəskar da deyə bilmirdik. Sonuncu mahnımı Xan əmiyə həsr etmişəm və adını da “Qarabağdan” qoymuşam. Qarabağdan olan görkəmli xanəndələrin bir çoxlarının da adını buraya əlavə etdim ki, adları olsun. İlk mahnını 18 yaşında 1969-cu ildə yazmışam.

- Bu gün isə hər kəs özünə “bəstəkar” adını verə bilir.

- Yox, əzizim, bu gün imkan ancaq maddi vəziyyətlə ölçülür. Sonuncu yazdığım üç mahnıya 300 manat xərcim çıxdı. Çünki ansambla pul verilməlidir. Aldığım əmək haqqı ilə isə heç buradan Biləcəriyə getmək olmaz. Özü də indi müqavilə əsasında işləyirik, nə vaxt istəsələr, işdən çıxara bilərlər...

- Hazırda yaradıcılıqla məşğul olursunuzmu?

- Yaradıcılıq deyəndə ki, axı mənim buna imkanım yoxdur. Yaradıcılıqla məşğul olmaq üçün pul lazımdır. Mənim əmək haqqım 197 manatdır. 100 manatını ev kirayəsinə verirəm. Bunun qarşısında belə öz yolumdan dönə bilmirəm. İşə müqavilə ilə götürülmüşəm, nə isə deməyə də qorxuram ki, sabah gəlib görəcəyəm ki, işdən çıxarıblar.

- Bütün bu problemlərdən bezib “axı niyə mən bu sənətə gəldim” dediyiniz vaxtlar olurmu? Peşmançılıq hissi keçirirsiniz?

- Yox, peşman deyiləm. Hərdən düşünürəm, mənə sual verilsə ki, “ikinci dəfə bu həyata qayıdarsınızmı?” Cavabım bu olar – “Qayıtmaram...”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR