Bank Of Baku

Mirzə Fətəli Axundovun həyatından bəhs edən “Sübhün səfiri” bədii filminin çəkiliş meydançasında - REPORTAJ - FOTOSESSİYA

Mirzə Fətəli Axundovun həyatından bəhs edən “Sübhün səfiri” bədii filminin çəkiliş meydançasında - <font color=red>REPORTAJ - FOTOSESSİYA </font>
# 15 noyabr 2011 08:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də vacib”... Reportaja mərhum aktyorumuz Səməndər Rzayevin “Bəyin oğurlanması” filmində söylədiyi bu fikirlə başlamaq istəyim təsadüfi deyil. “Sübhün səfiri” filminin Şəkidə aparılan çəkilişlərində baş verənlər əsasında bu fikrin necə də həqiqətə uyğun olduğunu gördüm. Azərbaycan dramaturgiyasının banisi, böyük ədib, mütəfəkkir Mirzə Fətəli Axundova həsr olunan “Sübhün səfiri” filminin çəkiliş meydançasında iki çəkiliş gününü izləmək, bu işin nə qədər çətin və məsuliyyətli olduğu qənaətinə gəlməyimə kifayət etdi.

Soyuq və yağmurlu hava şəraitində aparılan çəkilişlər yaradıcı heyətdə heç də ruh düşkünlüyü yaratmırdı. Çünki görülən iş Mirzə Fətəli Axundovun adı ilə bağlı idi. Film Mirzə Fətəli Axundovun xəstə halda yataqda yatması səhnəsi ilə başlayır. Ssenariyə əsasən ağır xəstə olan Mirzə Fətəli Axundov həyatını göz önündən keçirir. Mütəfəkkirin ölüm ərəfəsində göz önündən keçirdiyi anlar iki seriyalı filmdə yer alacaq.

İki gün ərzində yaradıcı heyətlə bərabər tarixə şahid oldum - balaca Fətəlinin anası ilə birlidə karvanla Tiflisdən Şəkiyə Axund Ələsgərin yanına gəlməsini izlədim. Film hazırda Şəkidə fəaliyyət göstərən və təmir işləri aparılan Mirzə Fətəli Axundovun ev muzeyində lentə alınır. Hər işin keyfiyyəti onu həyata keçirənlərə bağlıdır. Elə bu filmin uğurlu alınacağı qənaətimə yaradıcı heyətin işə can yandırması səbəb oldu.

Çəkiliş meydançasında təəssüfedici məqamlardan biri şəraitsizlik idi. Bu hal Axundovun bir zamanlar yaşadığı evin hazırda çox pis vəziyyətdə olmasından irəli gəlirdi. Rasim Balayevi Mirzə Fətəli Axundov, Məlahət Abbasovanı Tubu xanım, Bəxtiyar Xanızadəni Axund Ələsgər, Gülzar Qurbanovanı balaca Fətəlinin anası Nanə obrazında xüsusi geyimlərdə və qrimdə görüb mütəfəkkirin həyatını göz önündə canlandırmaq mümkün idi. Amma bu, kino idi, nə Mirzə Fətəli Axundov orda idi, nə də onun yaşadıqları. Görünən Ramiz Həsənoğlunun heç nəyə baxmayaraq işini yerinə yetirməsi, Kənan Məmmədovun üzərində “Coca-cola” yazılmış çətirin altında kamerası ilə səhnələri lentə alması, yağışdan qorunan insanlar, soyuqdan əsən 11 yaşlı Tofiq, aktyor heyəti və Fətəli Axundovun artıq muzeyə çevrilmiş evi idi. Filmin uğurlu alınması üçün mükəmməl aktyor seçimi aparılıb, sonuncu dəfə bu aktyor heyətini hansı filmdə izlədiyimi xatırlamıram. Yenə də uğur nəticədən asılıdır və biz nəticənin ürəkaçan olacağına ümid edirik!

...Qeyd edək ki, iki seriyalı “Sübhün səfiri” bədii-sənədli filminin quruluşçu rejissoru Ramiz Həsənoğlu, quruluşçu operatoru Kənan Məmmədov, rəssamı Rafiz İsmayılov, geyim üzrə rəssam Şahin Həsənli, bəstəkarı Cavanşir Quliyev, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Adil Qulamov, qrim ustaları Elbrus Vahidov və İradə Gülbabayevadır. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının əməkdaşları Lalə Məmmədova, Xədicə Qarayeva, Anar Almazov, Elnur Əliyev, Elşən Tarverdiyev, Arif Niftiyev, Fuad Nəbiyev və digərlərinin filmdə əməyini qeyd etməmək haqsızlıq olar.

Ramiz Həsənoğlu: “28 abituriyentdən heç biri divarda fotosu asılmış Axundovu, Əzimzadəni, Ərəblinskini tanımadı”

...Şəkidə aparılan çəkilişləri xalq yazıçısı Anarın da yaxından izlədiyini öyrəndik. Ramiz Həsənoğlunun sözlərinə görə, Anar müəllim çəkiliş müddətində heyətlə də görüşüb. Ramiz müəllimlə söhbət əsnasında filmlə bağlı təəssüratlarını da öyrəndik: “Hər bir yaradıcı insanın məşğul olduğu, yiyələndiyi sənətlə bağlı özünün əsas xətti olmalıdır. Seçdiyim bütün mövzularda da hər zaman bu suala cavab verməyə çalışıram. Axundov elə böyük şəxsiyyətdir ki, onu Azərbaycana, əsasən gəncliyə yenidən tanıtmağa ehtiyac duyulur. Böyüməkdə olan yeni nəsil artıq internet əhatəsindədir, kitablardan uzaqlaşıblar”. Rejissor açıqlamasında onu narahat edən məqama da toxunub: “İki il bundan əvvəl İncəsənət Universitetində televiziya rejissorlarının qəbul imtahanında oldum. Təxminən 28 abituriyent gözümüzün qabağından keçdi . Zalda imtahan gedirdi və səhnənin divarında dörd kişinin portreti var idi – Mirzə Fətəli Axundov, Əzim Əzimzadə, Hüseyn Ərəblinski və Cahangir Novruzov. Həmin o 28 tələbənin hər birinə bu kişilərin kim olduğu barədə sual verdik və heç biri onları tanımadı. Bu hal mənə çox ağrılı gəldi. Hesab edirəm ki, bu gün Mirzə Fətəli Axundovun yubileyi ərəfəsində filmlə məşğul olmağımız çox vacib bir şeydir. Biz tanıtmasaq, onu kim tanıdacaq? Bu film üçün çox böyük və tanınmış qrup toplaşıb. Şübhəsiz ki, hər bir rejissor filmin və ya tamaşanın uğurunu təmin etmək üçün dəqiq aktyor seçimi aparmalıdır. Hər zaman çalışıram ki, elə aktyorlar olsun ki, sonradan peşmançılıq olmasın”. Rejissor kinonun təkcə yaradıcılıq deyil, çox böyük təşkilatçılıq işi olduğunu da vurğulayıb: “Şahidi oldunuz ki, burada hər kəs öz işi ilə məşğuldur. Ekspromt hər zaman olur, elə bugünkü hava da ekspromtdur. Havanın defektlərini filmin effektlərinə çevirmək niyyətindəyik”.

Kənan Məmmədov: “Sizə zəmanət verirəm, bu film tarixdə qalacaq”

“Böyük ədib, xalqımızın və dövlətimizin parlaq nümayəndəsi Mirzə Fətəli Axundov haqqında film çəkilişində iştirak edirik. Çəkilişlər normal gedirdi, amma artıq havalar soyudu və yağıntılar başlayıb. Bu da təbii bir şeydir. Bu fəsildə hava belə də olmalıdır. Balaca Fətəlinin Şəkiyə gəlməsi səhnəsini yağışlı havada çəkdik. Təsviri nöqteyi-nəzərdən çəkilişləri klassik ənənəyə uyğun aparırıq, amma müasir texnologiyalar və çəkiliş üslubundan istifadə edirik”. Bu sözlər isə filmin operatoru Kənan Məmmədova məxsusdur. Bu vaxta kimi Azərbaycanın bir çox filmlərinə adını yazan K. Məmmədov, “Sübhün səfiri”ndə də bütün enerjisini ortaya qoyur: “Həm operator sənətinin bugünkü tələblərindən, həm də klassik təsvir anlayışından kənara çıxmırıq. Bu da mənim üçün çox önəmlidir. Şəxsən mən dramaturji materiala riayət edirəm. Hər çəkiliş dubluna, çəkdiyimiz materiala dərhal baxa bilirik. Əksər hallarda hissələri bir-iki dubla çəkib qurtarırıq”. Ramiz Həsənoğlu ilə ilk dəfə işbirliyində olduğunu deyən Kənan Məmmədov, onunla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Mirzə Fətəli Axundovun çox böyük insan olduğunu xatırladan tanınmış operator, onun haqqında film çəkməyin həm savab, həm də çox lazımlı olduğunu diqqətə çatdırıb: “Ramiz Həsənoğlu ilə işləmək çox önəmlidir, bir-birimizi başa düşürük, bəzi hallarda kompromisə də gedirik. Bu film tarixdə qalacaq, ildə heç olmasa iki-üç dəfə göstərəcəklər. Mən sizə zəmanət verirəm. Çox təəssüf ki, çəkilən filmlərin əksəriyyəti tez bir zamanda unudulur. Bizim çəkdiyimiz bu film isə yaddaşlarda qalacaq”.

“Sübhün səfiri”ndə geyimlərin çox hissəsi başqa filmlərdən götürülüb

...Elə reportajı hazırlayarkən öyrəndim ki, “Sübhün səfiri” filmində geyimlərin bəziləri digər filmlərdən götürülüb. Bu filmlər arasında “Hökmdarın taleyi” də var. Filmin geyim üzrə rəssamı Şahin Həsənlinin sözlərinə görə, geyimlərin çox hissəsi başqa filmlərdən götürülüb: “Bəzi geyimləri isə tikdirməli olmuşuq. Yaxşı olardı ki, geyimlərin kinostudiyada tikilməsi mümkün olsun, paltarların müxtəlif atelyelərdə tikilməsi çox çətin başa gəlir”. Bir çox tarixi filmlərin geyim üzrə rəssamı olan Şahin Həsənli işini çox sevdiyini və bu cür filmlərdə işləməkdən zövq aldığını deyib: “Tarixi filmdə rəssam işləmək tarix maşınına minib keçmişə qayıdıb yenidən gələcəyə gəlməkdir və bu iş çox məsuliyyətlidir. Tarixi obrazların geyimləri hazırlananda özüm o rola girirəm ki, nəticə ürəyimcə alınsın. Azərbaycanda bu cür mütəxəssislər çox azdır. Yetişməsi üçün daim filmlər çəkilməlidir, gənclər gəlməlidir və biz öyrətməliyik. Bu sahədə işləyənlər bəzi xüsusiyyətlərə sahib olmalıdır. Xalqa keçmişi göstərmək bizim öhdəmizə düşür. Xüsusən geyimlərlə bağlı iş çox məsuliyyətlidir və bu işi mükəmməl görməyə çalışıram”.

Azərbaycan kinosunun Nəsimisi, Babəki, Hüseyn Cavidi və Mirzə Fətəli Axundovu...

Filmdə Mirzə Fətəli Axundov obrazını canlandıran xalq artisti Rasim Balayev də filmin əhəmiyyətini qeyd edib. Aktyor bu rolun ona həvalə olunmasından şərəf duyduğunu ifadə edib: “Azərbaycanın mütəfəkkir oğlunun obrazını canlandırmaq mənə tapşırılıb. Bir aktyor kimi əlimdən gələni edəcəyəm. Özümdən Amerika açmayacağam, ssenaridən kənara çıxmayacağam, nə yazılıbsa, bir aktyor kimi onu ərsəyə gətirəcəyəm”.

Çəkilişlərin bir hissəsinin Şəkidə baş tutduğunu vurğulayan aktyor, çəkilişlərin davamının hava şəraiti ilə əlaqədar təxirə salındığını xatırladıb. Azərbaycan kino tarixində Nəsimi, Babək, Hüseyn Cavid, Mirzə Fətəli Axundov və digər tarixi obrazları canlandıran Rasim Balayev oynadığı heç bir rolun xarakterinin, həyatının, psixologiyasının ona yaxın olmadığını bildirib: “Mənə rol verilir və onu oynayıb ətə-qana doldururam. Çalışıram inandırıcı oynayım. Seçim aparıblar və nəticədə məni dəvət ediblər. Filmin necə alınacağını və nəticəni bu gün demək çox tezdir, bu, yaradıcılıq prosesidir. Bacaracağıq, ya yox, bunu zaman göstərəcək...”

Həsənzadə və Nargilə uzun illərdən sonra eyni filmdə: “Əvvəl-axır bizi evləndirdilər”

Mirzə Fətəli Axundovun həyat yoldaşı Tubu xanım obrazını Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova canlandırır. Diqqət çəkən məqamlardan biri “Sən həmişə mənimləsən” televiziya tamaşasında əsas obrazları yaratmış Rasim Balayev (Həsənzadə) və Məlahət Abbasovanın (Nargilə) bu filmdə əsas rolları canlandırmasıdır.

“İlk gəldiyim gün Şəkidə Rasim Balayevlə görüşdük. Çəkilişlər zamanı mənə dedi ki, “axır ki, bizi evləndirdilər”. Rasim müəllimlə təkrar qarşılaşmaq və eyni filmdə oynamaq inanılmaz böyük zövqdür. “Sən həmişə mənimləsən” tamaşasından sonra bu, Rasim müəllimlə ilk işimizdir. Bu, başqa bir doğmalıqdır. Kim məni hansı rolumla dəyərləndirir, dəyərləndirsin, amma mənim üçün ən mühüm rol Nargilədir”.

M. Abbasova böyük mütəfəkkirin həyat yoldaşı obrazını canlandırmağı yaradıcılığı üçün əhəmiyyətli hadisə hesab edib: “İki-üç saatlıq filmdə Axundovun bütün həyatını, yaşadıqlarını göstərmək mümkünsüzdür. Onun haqqında bəlkə 100 seriyalıq bir film çəkmək belə kifayət etməz. İstəyimiz iki seriyalıq filmdə tamaşaçıya Axundovu az da olsa yaxından tanıtmaqdır. Bu cür böyük şəxsiyyətlər haqqında film çəkmək çox vacibdir. Belə filmlər heç zaman ticarət məqsədli ola bilməz. Şəxsiyyətlər haqda filmlər xalqı məlumatlandırmaq məqsədi daşıyır. Mirzə Fətəli Axundovun həyat yoldaşını oynamaqdan çox böyük mənəvi zövq aldım”. Aktrisa bu rolu canlandırmaq təklifi aldıqdan sonra Tubu xanımın həyatını araşdırıb: “Tubu xanım azərbaycanlı qadındır. Bütün həyatını Axundov üçün fəda edən bir qadın obrazıdır. Azərbaycanlı olduğum üçün də bunlar mənə çox yaxın hisslərdir. Bundan əvvəl Türkiyədə Atatürkün bacısı Məqbulə rolunu oynamışam və bu cür rolların adi rol olmadığını bilirəm. Tubu xanım hansısa adi qadın deyil, o Axundov kimi dahi bir şəxsiyyətin həyat yoldaşıdır. Axundovun xanımını hətta filmdə belə oynamaq böyük məsuliyyət tələb edir”.

Fəxrəddin Manafov: “Belə böyük mütəfəkkirin adı ilə bağlı olan bir filmdə rol almaq məni də sevindirir”

Filmdə Bakıxanov obrazını yaradan Fəxrəddin Manafov da fikirlərini bizimlə bölüşüb: “Belə böyük mütəfəkkirin adı ilə bağlı olan bir filmdə rol almaq məni də sevindirir. Filmdə Bakıxanov obrazında çıxış edəcəyəm. Ekranda önəmli bir şəxsiyyətin obrazını canlandırmağın üstünlüyü böyükdür. İbrahimxəlil xan obrazından sonra tarixi rol canlandırmaqdan məmnunam”.

Gülzar Qurbanova balaca Fətəlinin anası Nanə obrazında

Balaca Fətəlinin anası Nanə obrazını oynayan aktrisa Gülzar Qurbanova da tarixi filmdə rol almaqdan məmnundur: “Filmdə ananın oğlundan ayrı düşmək istəməməsi və oğlu ilə birgə Şəkiyə gəlməsi anını canlandırıram. Ana üçün həyatda ən vacib olan övladdır. Ana övladdan ayrı yaşaya bilməz. Bu film Mirzə Fətəli Axundovun adı ilə bağlıdır və sözsüz hər bir aktyor üçün bu filmdə olmaq böyük şərəfdir. Axundovun taleyi məhz Şəkiyə gəldikdən sonra həll olunur. Ananın övladına cavabdeh olması və övladının taleyini dəyişməsi çox gözəl bir şeydir”. Filmə dəvət aldığı zaman başqa filmin çəkilişləri üçün Şəkidə olduğunu vurğulayan aktrisa, təklifi dərhal müsbət cavablandırıb: “İnsan hər bir işə məsuliyyətli və ciddi yanaşmalıdır. Tarixi filmdə bu məsuliyyət daha da çoxdur. Film artıq faktlara əsaslanır. Bu film eyni zamanda gənclər üçün bir dərslik də hesab oluna bilər”.

Tarixi obrazları qrim etmək zaman tələb edir

Filmin qrim ustası İradə Gülbabayeva da tarixi filmdə obrazları qrim etməyin məsuliyyətindən söz açıb: “Bu işi görərkən o tarixi yenidən yaşamaq lazımdır. Belə bir filmdə cüzi olsa iş görmək insana zövq verir. Bu filmdə daha çox portret qrimlərə üstünlük verilir. Hər bir obrazın öz marağı və təsiri var. Son illərdə çəkilən üçüncü tarixi filmdir ki, qrim ustası kimi işləyirəm. Filmdə çəkilişlər çox rahat gedir və heç nədən əsəbiləşmirəm. Çox istəyirəm ki, bu mövzulara tez-tez müraciət olunsun. Tarixi şəxsiyyətlərin gələcək nəsillərə belə filmlər vasitəsi ilə çatdırılması çox gözəldir. Əgər bu işə zərrə qədər köməyimiz dəyərsə, çox sevinirik”.

Balaca Fətəli: “Aktyor yox, hərbi həkim olmaq istəyirəm”

“Sübhün səfiri”ndə balaca Fətəlini oynamaq 11 yaşlı Tofiq Əliyevə tapşırılıb. Bu, işinin öhdəsindən bacarıqla gələn Tofiqin işlədiyi üçüncü filmdir. Kiçik yaşlarından bu sənətin sirlərinə yiyələnən Tofiq Əliyev gələcəkdə aktyor olmaq istəmir: “Aktyor yox, hərbi həkim olmaq istəyirəm. Hələlik məktəbdə Axundovu keçməmişəm, amma məlumatlıyam və onun haqqında oxuyuram”.

Hava şəraiti Şəkidəki çəkilişləri sona çatdırmağa imkan verməyib

...Onu da xatırlatmaq istərdim ki, Şəkidə aparılan çəkilişlər hava şəraiti ilə əlaqədar təxirə salınıb. Amma Şəkidəki qısa müddət olsa da, izləmək imkanım oldu. Şəkiyə Məlahət Abbasovanın dəvətilə getdim və reportajı hazırlamağım üçün başda Ramiz Həsənoğlu olmaqla, bütün yaradıcı heyət mənə dəstək oldu. Və paytaxta qayıtdıqdan iki gün sonra xəbər gəldi ki, çəkiliş qrupu da Bakıya qayıdır, çünki hava şəraiti Şəkidə çəkilişlərini sona çatdırmağa imkan verməyib. Axundovun Şəkidə yaşadıqlarının davamının mart ayında lentə alınması qərara alınıb. Bu günlərdə isə yaradıcı heyət çəkilişləri Bakıda keçirmək niyyətindədir. Filmin sonrakı hissələri Gürcüstan və Türkiyədə çəkiləcək. Bu filmdə yerli aktyorlarımızla yanaşı, Türkiyədən olan heyət də çıxış edəcək. Türkiyəli aktyorların artıq kimliyi də məlumdur və onlar İstanbulda aparılması nəzərdə tutulan çəkilişlərdə iştirak edəcəklər. Filmdə Azərbaycanın 80-dən artıq aktyoru çəkilir. Mirzə Fətəli Axundovun gənclik dövrünü gənc aktyor Nicat Həbibov, 50 yaşından ömrünün sonuna kimi olan dövrü isə xalq artisti Rasim Balayev canlandırır. Filmdə Bakıxanov rolunda Fəxrəddin Manafov, Həsən bəy Zərdabi rolunda Məmməd Səfa, Lermontov rolunda Oleq Əmirbəyov çəkilirlər.

“Sübhün səfiri” üçün 1 milyon 700 min manat vəsait ayrılıb

...Son olaraq ən maraqlı məlumatı diqqətinizə çatdırmaq istərdim. Rejissor Ramiz Həsənoğlu bu faktın kommersiya sirri olduğunu diqqətimə çatdırsa və filmin büdcəsini açıqlamaqdan imtina etsə də, etibarlı mənbədən aldığım məlumatı sizlərlə bölüşmək qərarına gəldim. Mirzə Fətəli Axundovun həyatından bəhs edən iki seriyalı filmin çəkilişi üçün 1 milyon 700 min manat vəsait ayrılıb. Sözsüz, bu vəsaitin film üçün az və ya çox olduğunu demək bizim işimiz deyil, amma məbləğ az olsa belə, yaradıcı heyətin mükəmməl iş ortaya qoymasını arzulayırıq. Filmin hər nümayişinin uzun illərdir həsrətində olduğumuz anşlaqla baş tutması diləyi ilə...

Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasında istehsal olunur. “Sübhün səfiri” filminin gələn il, Mirzə Fətəli Axundovun 200 illik yubileyinə qədər təhvil verilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR