Bank Of Baku

Alim Qasımov: “Yerdə oturub oxumaqla xanəndəni tamaşaçı qarşısında köləlikdən çıxartmaq istədim” - FOTOSESSİYA

Alim Qasımov: “Yerdə oturub oxumaqla xanəndəni tamaşaçı qarşısında köləlikdən çıxartmaq istədim” - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 18 aprel 2008 08:56 (UTC +04:00)
Fransada, məşhur Luvr Muzeyində konsert verdiyinizi eşitdik. Niyə məhz Luvrda?
- Almaniyada keçirilən Azərbaycan mədəniyyət günlərində iştirak edib Fransaya getdik. Dünyanın bir çox ölkələrində mərkəzləri olan Ağaxan Xeyriyyə Fondunun təşkilatçılığı ilə məşhur salonlarda çıxış etmişik. Bu dəfə də Luvr Muzeyində konsert verdik. İndiyədək ilk dəfə olaraq bır konsertdə iki muğam dəstgahı ifa etdik. İfa zamanı qəzəllərin fransızca izahı iştirakçılara təqdim olundu. Çox gözəl konsert keçdi.
- Əslində Alim Qasımovun xaricdə qastrolda olması, uğurla çıxış etməsi xəbəri bizim üçün artıq adiləşib. Sizin üçün necə, oxumaq, qastrolda olmaq adiləşməyib ki?
- Əgər konsert vermək ifaçının ürəyindən gəlirsə və sənətdən özü də zövq alırsa, onda tamaşaçının fikri xanəndə üçün maraqlı deyil. Amma tamaşaçı da konsertdən zövq alanda, ifaçı üçün ikiqat ləzzətli olur. Bəzən ifaçı ilə tamaşaçı arasında heç bir vəhdət yaranmır, onda ifaçı da, tamaşaçı da sənətdən soyuyur. Bir də muğamı harada ifa etməyin, yerin aurasının da böyük rolu var. Birdən elə olur ki, konsertdə az qalır adamın ürəyi partlasın. Öz-özünə deyirsən ki, ta bəsdir, yoruldum!
- Hazırda sizin üçün heyrətli olan layihələr varmı? Bu gün sizi hansı ideyalar düşündürür?
- İnsan həmişə əlçatmaz olana can atır. Bir Allah şahiddir ki, mən də sənətdə çox yüksəkdə olanlara can atmışam. Arzusu başa çatandan sonra insanda bir naşükürlük hissi yaranır, bir növ biganələşir. Çalışıram ki, məndə bu naşükürlük hissi yaranmasın. Həm də çox vaxt adama elə gəlir ki, bu mahnını özü oxuyub. Bu səhv düşüncədir, çünki biz öz xoşuna doğulmadığımız kimi, heç bir işi də öz xoşumuzla etmirik. Mən öz xoşuna bu boyda yükün, məsuliyyətin altına girməzdim. Bu, Allahın işidir, mən də hələlik o qayanın altındayam. Bunun əzabı da var, ləzzəti də.
- Cabbar Qaryağdıoğlu adına müsabiqənin iştirakçısı olan Alim Qasımovu indi çox az adam xatırlayır. Müsabiqənin qalibi kimi sənətə gələn o sakit, utancaq, klassik muğam ifaçısı olan cavanı Siz də xatırlayırsınızmı?
- Mən o müsabiqədə iştirak etmək istəmirdim. Onda mən xalq arasında tanınırdım, toylara gedirdim. Fikirləşirdim ki, bu müsabiqədə iştirakım necə alınar? Ruhu şad olsun, bəstəkar Süleyman Ələsgərov mənə dedi ki, sənədlərini gətir, ver müsabiqəyə. Dedim yox, Süleyman müəllim, bu müsabiqədə birdən mənə artıq söz deyib eləyən olar. Təkid etdi ki, gətir sənədlərini ver, özüm də orada olacağam. O, bu müsabiqədə mənim iştirak etməyimə səbəbkar oldu. Süleyman müəllim sənət adamına qiymət verməyi bacaran, necə deyərlər, ağsaqqal adam idi. İdmançılar yarışa necə hazırlaşırsa, biz də o müsabiqəyə elə hazırlaşırdıq. Möhlət Müslimov və Fəxrəddin Dadaşovla qədim lent yazılarını tapdıq, üzərimizdə işlədik. Dedik ki, özümüzü ustadlara oxşadaq. Deyirlər ki, özünü başqasına oxşatmaq səhvdir. Mənim fikrimcə, belə düşünənlər haqlı deyil. Böyük sənətkarlara özünü hökmən oxşatmaq lazımdır. Böyük sənətkarlara oxşayan bir gün də axtarıb özünü tapacaq.
- Həmin cavanla bugünkü məşhur Alim Qasımovun mübahisələri olurmu? Doğrudanmı həmişə muğamda müəyyən yeniliklər edən Alim Qasımov qalib gəlir?
- Sözün doğrusu, bu günəcən “mən haqlıyam” sözü hələ dilimə gəlməyib. Ailədə, ürəyində deyilən sözləri tamaşaçı qarşısında açıqlamağın əleyhinəyəm. Haqq-ədalət onsuz da yerini tapır, bir də durub demək nəyə lazım? Cavanlığın xüsusiyyəti budur ki, həmişə məsuliyyət hiss edir, bildiklərini təzədən bir də oxuyur, öyrənirsən. Bir az keçəndən sonra isə ifa vaxtı ancaq Allaha dua edirsən ki, səsim gəlsin, Allahı çağırırsan ki, ya Allah, bir ilham ver. Bu, misqalla yığılan bir sənət, mədəniyyətdir. Sən də ifanın alınması üçün həmişə Allaha yalvarırsan.
- Alim Qasımovun klassik muğam mizanlarını özünəməxsus tərzdə dəyişdirməsi birmənalı qarşılanmadı. Necə bilirsiniz, bu yeniliklər, başqa sözlə, stuldan yerə düşmək sizə hörmət gətirdi, yoxsa əksinə?
- Mən sizə deyim ki, sənətkarda bir damcı Allah vergisi, istedad varsa, istəyir stolda, istəyir də yerdə, göydə otursun, lap dəlilik etsin, dəxli yoxdur. İnsanların qəlbində onun yeri var. Əvvəl mən stolda otururdum, dədə-baba yolu ilə öyrəndiyim muğamları oxuyurdum. Səmərqəndə, Amerikada çıxış etdik, hamısında da bizi bəyəndilər. Onda dədə-baba qaydası ilə oxuyurdum, amma tamaşaçının xoşuna gəlməklə yanaşı, çalışırdım elə edək ki, biz özümüz də yaşayaq. Bir var, tamaşaçı üçün oxuyasan, ancaq ona qulluq edəsən, bir də var ki, səhnədə özün də yaşamaq istəyəsən. Həm də hər insanın bir xasiyyəti var. Bu xasiyyətin də adamın sənətinə təsiri var. Mən xanəndəni tamaşaçı qarşısında köləlikdən çıxartmaq istədim. Yəni xanəndənin oturan tamaşaçı qarşısında çıxış etməsi, sonra da baş əyib səhnədən çıxması adi haldır. Mən xanəndənin tamaşaçı üçün yox, ilk növbədə özü üçün oxumasını istədim. Yəni yerdə oturub oxuyuram, kimin xoşu gəlirsə, kənardan qulaq assın. Bizim çox ifaçılarımız var ki, ömür boyu tamaşaçıların köləsi olublar, yalnız onlar üçün oxuyub gediblər. Bu ifalar da sənətdə qalıb. Amma tamaşaçı görəndə ki, bir xanəndə köləlikdən çıxdı, ona da qəribə gəldi ki, bu necə ola bilər?! Niyə olmur ki?! Bəyəm mən ömür boyu tamaşaçıdan asılı, bir növ zəncirli onun qarşısına çıxmalıyam?! Bu fikirlər həm də xasiyyətimdən irəli gəlir, başqalarına baxanda mənim xasiyyətimdə nə isə çatışmır axı.
- Elə sizin xasiyyətinizdən də qeyri-adi bir insan obrazı, mif yaradırlar. Niyə onlara mane olmursunuz?
- Bu tamaşaçının, dinləyicinin fikridir. Bir var, özündən belə bir obraz yaradasan, o, çox qondarma alınar. Sənə kənardan baxanların nə isə yaratması təbiidir. İllər keçdikcə xalqın qənaəti bir az da böyüyürsə, ondan heç nə əskilmirsə, deməli, həqiqətdir.
- Onda Sizi sufi, dərviş kimi təqdim edənlər haqlıdırlar?
- Sufi, dərviş məsələsi də təzə çıxdı, mənə belə də deyirlər? Yox, mən nə sufiyəm, nə də dərviş. Bir az azadlığı sevən adamam. Bu xasiyyəti də hərə bir cür qəbul edir. Mən özümdən nə düzüb qoşsam, 5-10 gündən sonra uçub dağılacaq. Xalq mənə nə istəyir, elə də qiymət versin.
- Deyirlər ki, Alim Qasımov hər oxuyanı bəyənmir...
- Əstəğfürullah, mən hamını bəyənirəm. Bütün ifaçılara qulaq asıram. Eşitdiyim hər xalq musiqisindən özümə nə isə götürməyə çalışıram. Eləsi olur əhvalımı tamam korlayır, bu başqa məsələdir. Amma hamıya, xüsusən cavanlara diqqətlə qulaq asıram.
- Sələflərinizdən kimi özünüzə ustad hesab edirsiniz, kimin ifasına bu gün də qulaq asmaqdan doymursunuz?
- Mən bu muğamı öyrənəndə ustadlara müraciət etmişəm. Qədir Rüstəmov, Rübabə Muradova, Yavər Kələntərli hal əhli olan xanəndələrdir. Əvvəlki ustadların hərəsindən bir az sənət götürmüşəm.
- Bəs xələflərinizi necə qiymətləndirirsiniz?
- Onların adını bir-bir çəkmək mənim üçün bir az yersiz olar. İndi muğam oxuyan cavanlar çoxdur. İndi kim yaxşı oxuyur, onun ifasına hamımız əl çalırıq, o cümlədən də mən.
- Sizi Qədir Rüstəmova oxşadırlar. Özünüz də bu oxşarlığı hiss edirsiniz?
- Maraqlı insan olmaqla yanaşı, o da bir sənətkar kimi köləlikdən azad olmağa çalışır. Ola bilsin ki, bizim oxşarlığımız buradan yaranır. Onun da özünəməxsus yaratdığı bir sənəti var. Vacib deyil ki, bir xanəndənin saatlarla lent yazısı olsun. Qədir Rüstəmov heç az da oxumayıb, amma yüz mahnın içində onun “Sona bülbülləri”ni eşidəndə gərək dayanasan. Keçib getmək olmur, gərək o mahnının, ifanın enerjisini alıb sonra yoluna davam edəsən. Hər ifaçıdan nişanə qalan gül xalqın gülüzarına çevrilir.
- Deyirlər ki, Alim Qasımov xaricdə məşhurlaşandan sonra Azərbaycanda qəbul olundu. Bu fikrə münasibətiniz necədir?
- Ola bilsin, ad məsələsində bir az problem yaranardı. Yəni bu fəxri adları heç almaya, bir az gec ala bilərdim, amma məni heç kim tanımayanda məni xalq sevirdi, bəyənirdi axı. Belə şey ola bilməz ki, Azərbaycanda sevilməsin, dünyada bəyənilsin, sonra Azərbaycana qayıdanda hamı onu çox istəsin. Bu, bəlkə də başqa sənətlərdə ola bilər, amma muğamda yox.
- Qızınız Fərqanə xanımla birgə “Leyli və Məcnun” ifa etməniz də Azərbaycanda birmənalı qarşılanmadı...
- Biz Fərqanə ilə “Leyli və Məcnun”u tam oxumamışıq, ayrı-ayrı parçaları ifa etmişik. Bu konsert də xaricdə lentə alındı. Bu yaxınlarda onu bir az artırmaq istədik, fikirləşirəm ki, operadan müəyyən səhnələr, arada müxtəlif musiqilər səslənsə, maraqlı olar. Hələ ki, bu layihə tamamlanmayıb.
- Bir ara xarici musiqilərlə Azərbaycan musiqisinin, muğamının sintezindən ibarət layihələrdə iştirak edirdiniz. Bu layihələr uğurlu alındımı, onların davamı olacaqmı?
- Adam həmişə bir yenilik axtarır. Bir vaxt belə layihələrimiz oldu, Yo-Yo-Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı, kvartet ilə birgə çıxış etməyə hazırlaşırıq. Musiqi mənəvi qidadır, onun milliyyəti olmur. Yaxşı sənətdirsə, ondan bu qidanı alırsan. Musiqiçilərin halı da bir-birinə uyğun olanda, ortaya yaxşı bir iş çıxır.
- Bir muğam mərkəzi yaratmışdınız, onun taleyi necə oldu?
- Bu, böyük bir iş idi. “Gənclik” metrosunun yaxınlığındakı yerimizi indi Rəsulzadə qəsəbəsində xudmani yerlə əvəzləmişik. Təbiətin qoynunda bir musiqi guşəsi yaratmaq istəyirik. Elə özümdən götürürəm ki, əgər mən bu qədər darıxıram, sıxılıramsa, onda başqaları da darıxırlar. Mən də yerimdən, yurdumdan aralanmışam. İstəyirəm bir yerimiz olsun, yığışaq, mahnı oxuyaq, ürəyi istəyən qulaq assın, öyrənmək istəyən öyrənsin... Bu mərkəzdə vacib deyil ki, hökmən dərs keçirilsin. Mən burada bir aura yaratmaq istəyirəm. Ümumiyyətlə, dərs, məktəb əvvəllər vacib idi. İndi vəziyyət elə dəyişib ki, öyrənmək istəyən hazır kasetləri, internetdən məlumatları götürüb mənimsəyir.
- Muğam bir növ şifahi sənət olduğu üçün xanəndələrin yazı-pozu ilə heç arası yoxdur. Siz necə, latın qrafikasında yazıb-oxuya bilirsinizmi, kompüter, internetlə aranız necədir?
- Latını bir təhər öyrəndim, indi ərəb dilini öyrənmək istəyirəm. 5-6 dəfə öyrənmişəm, hələ mükəmməl alınmır. Amma ingilis dili, internet mənlik deyil. Ümumiyyətlə, texniki avadanlıq əsəblərimə toxunur.
- Xanəndənin səsi onun repertuarındakı, qəzəllərin, sözlərin seçilməsindəki çatışmazlıqları da ört-basdır edirmi?
- Əslində xanəndənin savadlı olması məsələsində böyük hikmət var. Mütaliə lazımdır, amma çox savad tələb etməyə qorxuram. Deməyin ki, Alim özü savadsızdır, ona görə belə deyir. Onsuz da, sənətkar ya bir olur, ya iki. Ola bilsin ki, xanəndə yaxşı yazıb-oxusun, dil bilsin, kompüter bilsin, sonra da halı dəyişsin. Xanəndə hal əhlidir. Bu savad onun Allahdan gələn ilhamını poza bilər. İlhamlı adamlarla savadlı adamlar bir-birinə oxşamırlar. İlhamlı adamlar uşaqlara oxşayırlar. Uşaq nə etsə, adama xoş gəlir, amma böyüdükcə hamıya oxşayır, olur hamının tayı. Sənətkar, şair də hamının tayı olanda, onun marağı qalmaz ki?!




















1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR