Azərbaycanın Xalq artisti, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi general-mayor, professor, Yusif Axundzadənin APA-ya müsahibəsi
– Necəsiniz, Yusif müəllim?
– Yaxşıyam. Bilirsiniz, siz çox gözəl bir gündə gəlmisiniz. Bu gün hərbi orkestr xidmətinin yaranmasının düz 30 ili tamam olur (Müsahibə 17 fevral tarixində baş tutub –red.). Bu xidmətə ilk rəis mən təyin olunmuşam. Düz otuz il keçib. Görün, bu otuz ildə nələr baş verib.
_1646031491.jpg)
– Təyinatınızdan söz düşmüşkən, Siz 1992-ci ilin iyul ayında vəzifəyə təyin olunmusunuz və cəmi üç ay sonra orkestr Azadlıq meydanındakı paradda iştirak edib. 1992-ci il və cəmi üç ay. Sizə çətin olmadı?
– O zaman problem çox idi. Bizim heç parad paltarımız da yox idi. Musiqi alətlərimiz də köhnə idi. Buna baxmayaraq, mən əlliyə yaxın musiqiçini toplayıb o paradı keçirdim. Çətin dövrlər idi. O ərəfədə Türkiyənin Prezidenti Turqut Özal Azərbaycana gəlməli idi. O vaxtlar qarşılama mərasimləri iqamətgahda yox, aeroportda keçirilirdi. Onda heç bu orkestr yox idi, mən bir neçə orkestrin kollektivini birləşdirmişdim, tədbirlərdə o cür iştirak edirdik. Həmin kollektivlə məşqdə idik. Məşq zamanı gördüm ki, Türkiyənin hərbi attaşesi bizə diqqətlə baxır. Yaxınlaşıb soruşdum ki, niyə belə diqqətlə baxırsınız? O da cavab verdi ki, sizin milli paltarınız yoxdur. Özü də instrumentləriniz sınıq-salxaqdır. Siz bu vəziyyətdə prezidenti necə qarşılayacaqsınız? Mən də cavab verdim ki, tələsməyin, qarşılamadan sonra deyərsiniz.
Qarşılanma mərasimi çox yüksək səviyyədə keçdi. Mərasimdən sonra attaşe mənə yaxınlaşıb dedi ki, komutanım, himnlər çox yüksək səviyyədə ifa olundu, mən sizə nə kömək lazımdırsa, edəcəyəm. Bir-iki ay sonra bizə Türkiyədən təzə parad paltarı və yeni alətlər göndərdilər.
_1646031530.jpg)
– Siz bəs onlara necə təşəkkür etdiniz?
– Mən bu hadisəni həmişə xatırlayıram. Sizə bir şey danışım. Deməli, tədbirlərin birində 20 ölkənin hərbçiləri düzülmüşdü. Mənə dedilər ki, hər ölkənin himnini 15 saniyə ifa etmək kifayətdir. Mən digər ölkələrin himnini ifa edərkən bu qaydaya əməl etdim. Ancaq Türkiyənin himnini başdan-axıra qədər ifa etdim. Sonra türklər mənə yaxınlaşıb təşəkkür etdilər. Qardaş deyilik? (gülümsəyir)
– Həmin dövrdən bu günə çox şey dəyişib. Qeyd etdiyiniz 30 il ərzində Azərbaycan Ordusunun keçdiyi təşəkkül yolunu necə xarakterizə edərdiniz?
– Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Mən 1992-ci ilin ordusuna baxıram və indiki ordumuza baxıram. O vaxt Orduda həm professionallar, həm də qeyri-professionallar var idi. İndi isə orduda xidmət edən zabitlər Ali Hərbi məktəbləri bitirənlərdir. Hətta xarici ölkələrdə hərbi təhsil alanlar da bu gün orduda xidmət edir. Mən həmişə demişəm ki, ordu professional olmalıdır. Ulu Öndər hakimiyyətə gələndən sonra orduya, ordu quruculuğuna çox fikir verirdi, hərbçilərlə tez-tez görüşürdü. Əgər Cəmşid Naxçıvanski adına Hərbi Lisey olmasaydı, bugünkü hərbi kadrlar olmayacaqdı.
_1646031579.jpg)
– Yorulmamısınız?
– Yox, əksinə mən istirahət edəndə yoruluram. Əslində mən çoxdan təqaüdə çıxmalıydım, deyirlər xidmət et, mən də edirəm. Hələ ki xidmətdəyəm və Bakı Musiqi Akademiyasında hərbi dirijor kadrları hazırlayıram. Ordunun atributlarından biri Hərbi Orkestrdir. Necə ki, hərbi həkimləri Tibb Universiteti hazırlayır, hərbi musiqiçiləri də Akademiya hazırlayır. Çalışıram elə olmasın ki, mən gedim xidmət dağılsın. Ona görə də kadrların hazırlanması istiqamətində işlər görülür. Gənclər Bakı Musiqi Akademiyasını bitirirlər, xidmət edirlər.
– Bu gün yetişən gənclikdə hərbi musiqiyə maraq nə səviyyədədir? Ümumiyyətlə, yeni nəsil musiqiçilər sizi qane edir?
– Bəli, qane edir. Düşünürəm ki, doxsanıncı illərdə nəinki hərbi dirijor, heç hərbi musiqiçi olmağa da istək yox idi. Amma 2000-ci ildən bu yana vəziyyət xeyli dəyişib. Demək olar ki, hər ay bir neçə nəfər bizə hərbi musiqiçi olmaq üçün müraciət edir. Mənə elə gəlir əsas səbəblərdən biri bizim fəaliyyətimizin gənclərin diqqətini cəlb etməsidir. Məsələn, gənc musiqiçi radioda, efirdə, yaxud konsertlərdə ifamızı eşidib bizə müraciət edir. Görün, bizim indi nə qədər hərbi orkestrlərimiz var.
Mənim oğlum da bu sahədədir. Rüfət Əməkdar incəsənət xadimidir, orkestrin sədridir. Qələbə paradının marşını da Rüfət yazıb.
_1646031618.jpg)
– Qələbə paradı yadınızda necə qaldı?
– Zəfər paradı çox gözəl, yüksək səviyyədə keçdi. Mən tribunaya baxanda iki prezident görürdüm, cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan. Onlar tribunadan bizim keçidə baxırdılar. Bizim uşaqlar (Gülərək əlavə edir:”Uşaq deyirəm, onlar mənim yanımda uşaq olsa da, aralarında yaşı qırxdan çox olanlar da var. Onlar da mənim uşaqlarımdır”.) çox dözümlüdürlər. Təsəvvür edin, beş-altı saat soyuqda durmaq, hələ ifa da etmək bu, özü əsl hünərdir. Onlar paradın sonuna kimi dümdüz dayandılar, heç biri yıxılmadı, nə də başqa bir şey baş verdi. Mən paradlarda çox iştirak etmişəm, ancaq bu parad bir başqa idi, çünki Zəfər paradı idi.
– Yəqin bu uzun müddət davam edən məşqlərin nəticəsidir. Məşq prosesiniz necədir, neçədə başlayır, neçə saat davam edir?
– Hər gün məşqlər olur. Saat doqquz tamamda məşqlər başlayır. Hər gün. Bu kollektiv cənab Prezidentin tədbirləri zamanı Azərbaycana gələn qonaqların qarşılanmasında çıxış edir.
– Orkestrdə qadınlar var?
– Əlbəttə, qadın vokalçılarımız var: Səbinə Əsədova, Aynur İsgəndərli, Nərmin Abdullayeva, Mədinə Kazımova...
_1646031678.jpg)
– Niyə yalnız vokalçı? Bəs orkestrin özündə?
– İstəyənlər var, düzü mən də istəyərəm ki, götürüm. Ancaq təsəvvür edin ki, 70 nəfər kişi oturub, bir-iki nəfər də qadın. Ona görə heç alınmır. Baxıram ki, düz gəlmir.
– Orkestrə qəbul prosesi necə aparılır? Seçimlər zamanı əsasən nəyə fikir verirsiniz?
– Mənim üçün əsas ifa yaxşı olsun. Diplom və digər məsələlər yaxşı ifadan sonra gəlir. Tutaq ki, deyirəm S major qammasını ifa elə, notdan bir əsəri çal. Əgər ifası xoşuma gəlirsə, yalnız bundan sonra digər şeyləri soruşuram.
– Dediniz, diplom ikinci dərəcəlidir, ancaq orkestrdəki ifaçıların əksəriyyəti Akademiya məzunudur.
– Ona görə ki, digərləri özündə o cəsarəti tapıb heç bizə müraciət eləmir. Çünki tələbləri bilirlər. Ancaq hər Akademiya bitirəni də orkestrə götürmürəm, onların da arasında zəifləri olur.

– Repertuarı necə müəyyənləşdirirsiniz?
– Tutaq ki, Rusiya Səfirliyinin tədbiri baş tutacaq. Repertuar şübhəsiz rus mahnılarından seçilir. Bir dəfə Çinin tədbirində üç müğənnimiz hərəsi Çin dilində iki mahnı oxudu. Çinlilər özü də xeyli təəccüblənmişdi. Ümumiyyətlə, bu dövlətlərə görə dəyişən bir şeydir. Məsələn, “Çırpınırdı, Qara dəniz” mahnısını türklər çox sevir. Onların tədbirlərində çox vaxt bu mahnını ifa edirik.
– Bəs ən çətin himn hansı ölkənindir?
– İtaliyanın himni elə bil ki, uvertüradır. Əslində gözəl himndir, sadəcə daha çətindir. Məsələn, keçmiş Sovet ölkələrinin himnləri demək olar ki, eynitipli idi. Təbii ki, asan, yaxud çətin olmasından asılı olmayaraq bizim orkestr himnləri əzbərləyib sonra ifa edir. Əgər fikir vermisinizsə, digər ölkələrin hərbi orkestrləri notları kağızdan oxuyur. Mən isə buna icazə vermirəm.
– Hər peşə sahibinin özünün spesifik tələbi var. Musiqiçilər çox vaxt ruh adamı, hərbçilər isə bu dünyanın adamları olurlar. Yəni ciddi və nizam-intizamlı. Sizin peşədə bu xüsusiyyətlər kəsişir. Necə gəlirsiniz öhdəsindən?
- Təcrübədən çox şey asılıdır. Adətən, uşaq ata-ananın yolunu tutur. Atam hərbçi olub. Mən hərbçi oldum, amma ilk növbədə musiqiçi idim, çünki öncə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, sonra konservatoriyanı bitirmişdim. Hərbi xidmətdən sonra isə məni orduya dəvət etdilər. Ancaq uşaqlıqdan hərbiyə marağım olub. Dediyim kimi atam hərbçi idi. Uşaq da nə görürsə, onu da götürür. Xüsusilə onu qeyd edim ki, musiqiyə gəlməyimdə anamın böyük rolu olub. O, məni əlimdən tutub Bülbül adına Məktəbə aparmışdı. Anam dedi ki, sən musiqiçi olacaqsan və belə də oldu.
Hərbi Dəniz Məktəbinin orkestrinin dirijoru və rəisi olanda mənə leytenant rütbəsi verilmişdi. Əvvəllər mənim üçün çox çətin idi, çünki ona qədər musiqi mühitində böyümüşdüm, birdən-birə hərbi məktəbə düşmək mənə çətin idi. Biri var mülki dirijor gəlir məşqini keçir gedir, ona asandır. Ancaq hərbdə elə deyil. Hərbi dirijor həm də rəisdir. O, bilməlidir ki, orkestrdəki uşaqlar harada yatıb-durur, harada yeyir. Hərbi musiqiçi mülki musiqiçidən fərqlənir.
– Nə ilə?
– Hərbi dirijor mülki paltarda da olsa, hiss olunur ki, o hərbçidir. Baxın, mən bu gün burada, sizin qabağınızda qalstuksuz otura bilməzdim. Çünki bu formada qalstuk olmalıdır. Ancaq mülki dirijor üçün belə bir şərt yoxdur. Sizə deyim ki, hərbi orkestrə gələnlər cəmi bir ilə dəyişir, nizam-intizama öyrəşirlər. Hətta valideynlər bir müddət sonra öz uşaqlarını tanıya bilmir. Hərbdə nizam-intizam olmasa, ordu da olmaz. Bəzən mənə deyirlər ki, sən tələbələrə qarşı çox tələbkarsan, elə tələblər qoyursan, sanki onlar hərbçidir. Onda cavab verirəm ki, nizam-intizam bir dənədir, istər təhsildə, istər musiqidə, istərsə də hərbdə. Sən dərsə başmaqda, təraşsız gələ bilməzsən axı. Mən bunları uşaqlardan tələb edirəm.

– Mülki dirijorumuz Yalçın Adıgözəlovla müsahibəmiz zamanı o qeyd etdi ki, doxsanıncı illərdə bir çox dirijorlar ölkədən gediblərmiş. Siz də getməyənlərin siyahısındasınız.
– Bakıdan on gün uzaq qala bilmirəm. Mən dünyanın bir çox ölkəsində olmuşam, çox dəvətlər gəlib. O vaxt Sovet ordusunda baş hərbi dirijor yoxlamadan sonra mənim işimi o qədər bəyənmişdi ki, xəritəni açıb dedi ki, hara istəsən səni xidmət rəisi kimi göndərə bilərəm. Ancaq mən getmədim, öz Vətənimdə qaldım. Nə yaxşı da qaldım. Sovetlər dağılandan sonra burda qalan ən təcrübəli hərbi dirijor idim. Düzdür, mən olmasam da nəsə yaranacaqdı, ancaq səviyyə həmin səviyyə olmayacaqdı. O zaman Azərbaycanı çox adam tərk etmişdi, bəlkə də konservatoriyanın yarısı Türkiyəyə çıxıb getmişdi. Bu gün mənim davamçılarım var. Mən onu qəbul edə bilməzdim ki, gedim, davamçılarım da olmasın.
– Xalq artisti adı, yoxsa general-mayor rütbəsi, hansının təltifi Sizi daha çox sevindirmişdi?
– Hər ikisi. Çünki Xalq artisti musiqiçi olduğuma, general isə hərbçi olduğuma görə verilib. Azərbaycanda bu sahədə general rütbəsi alan ilk dirijoram. Düzü, general rütbəsi almağım bir qədər fərqli oldu. Çünki Cənab Prezident İlham Əliyev ştatda polkovnik olduğum halda bir rütbə yuxarı verdi. Hazırda MDB məkanının hərbi orkestrləri arasında general rütbəli iki dirijor var, biri Moskvadadır, biri də Azərbaycanda, o da mənəm.
_1646031770.jpg)
– Heç çubuğu atıb silah götürmək istədiyiniz olur?
– Əlbəttə, müharibə vaxtı cəbhə bölgəsində dəfələrlə olmuşam, ancaq döyüşdə iştirak etməmişəm. Məncə, hər kəs öz işi ilə məşğul olsa, yaxşıdır. Mən bu sənəti bilirəm, bu sənətlə də xidmət edirəm. Bizim səhv etmək haqqımız yoxdur. Necə ki, cərrah səhv edəndə xəstə ölür. Təsəvvür edin, qarşılama mərasimi cəmi 7 dəqiqə davam edir. Mən o tədbirə bir saniyə də gecikə bilmərəm.
Mən bir dəfə də olsun indiyə qədər deməmişəm ki, xəstəyəm, gələ bilmirəm. 39 dərəcə temperaturla da işə çıxmışam. Heç vaxt belə şeylərə fikir verməmişəm.
– Olduqca önəmli tədbirlərə, tarixi anlara şahidlik etmisiniz. O tədbirlərdən maraqlı xatirələriniz var?
– Adətən prezidentləri biz Prezident İqamətgahında qarşılayırıq. Qarşılamadan sonra qonaq mütləq Şəhidlər xiyabanına gedib əklil qoyur. Bir neçə il bundan öncə İsveçrənin Prezidenti gəlmişdi. Şəhidlər xiyabanında əklili qoydu, himnlər ifa olunandan sonra mənə yaxınlaşdı. Tərcüməçi çevirdi ki, ifanız cənab prezidentin çox xoşuna gəlib. Sizdən başqa bir əsər də ifa etməyinizi istəyir. Mən də fikirləşdim ki, Şəhidlər xiyabanında nə əsər? Burada ancaq himnlər və matəm musiqiləri ifa olunur. Üç saniyə fikirləşdim və üzümü orkestrə çevirib dedim ki, Üzeyir bəyin “Koroğlu” uvertürası yadınızdan çıxmayıb, ifa edə bilərsiniz? Onlar da dedilər ki, əlbəttə. Nümayəndə heyəti kənara çəkildi, biz ifa etməyə başladıq. İfadan sonra müxbirlər mənə yaxınlaşıb soruşdular ki, prezident özü sizdən “Koroğlu” uvertürasını istəmişdi? Mən də cavab verdim ki, İsveçrə Prezidenti Koroğlu tanıyır? Biz xiyabanda hər musiqini ifa edə bilmərik, burada ancaq patriot əsər çalınmalıdır (düşünür). Öz ölkəsinin himnini məndən istəyən prezident də olub (nə qədər israr etsəm də ad çəkmək istəmir).

– Bu gün yazılan marşlar, hərbi mahnılar sizi qane edir?
– Əsgər marşları bu günə qədər çox yazılıb, bu gün də yazılmaqdadır. Fərhad Bədəlbəyli yazıb, Firəngiz Əlizadə yazıb. Əsas odur ki, insan vətənpərvər olsun. Sizə bir şey danışım. Deməli, 1971-ci ildə mən Moskvada keçirilən paradda iştirak edən zaman çıxış üçün bizə Kutuzov prospektini vermişdilər. Şübhəsiz, paradda rus marşları ifa olunurdu. Sonra mən gedə-gedə fikirləşdim ki, axı biz Azərbaycandan gəlmişik, bəs bizim fərqimiz olmasın?
Elə həmin dəqiqə üzümü orkestrə çevirib elan etdim ki, Əlimardan Əliyev, “Vətən” marşı. Prospektdə gedənlər təəccüblə baxırdılar ki, forma sovet formasıdır, ancaq musiqi sovet musiqisinə oxşamır. Biz dayananda admiral yaxınlaşıb dedi ki, ifa etdiyiniz hansı marş idi? Dedim ki, “Vətən” marşı idi. Soruşdu ki, niyə ifa etdiniz? Mən də cavab verdim ki, insanlar haradan gəldiyimizi bilsinlər deyə ifa etdim.
_1646031815.jpg)
– Bu addımınız millətçiliyin ayağına yazılmadı?
– Əsas odur ki, mən sözümü dedim (gülür). Bu gün yazılan musiqilərin məni qane edib-etməməsinə gəldikdə, əgər desəm ki, bu gün məni qane edir, deməli, mən inkişaf etməyəcəm. İnkişaf istəyiriksə, gərək nə şeir, nə də musiqi ilə qane olaq. Daim axtarışda olmaq lazımdır. Musiqiçi bir gün məşq etməsə, bu, onun ifasında özünü göstərəcək. İncəsənət belədir ki, hər gün məşq lazımdır, mən Moskvada olanda da onların gündə altı-səkkiz saat nəfəs alətində məşq etmələri maraqlı gəlirdi. Ona görə onların orkestri məşhurdur. Mən bunu dərk edəndən sonra uşaqlara deyirəm ki, mütləq hər gün məşq edin.
Bir müəllimim o vaxt mənə çox gözəl söz demişdi. “Öz üzərində elə işlə ki, sən işi yox, iş səni axtarsın”. Mən o müəllimin sözünə əməl etdim. Artıq üçüncü kursda oxuyanda Süleyman Ələsgərov arxamca dirijor göndərmişdi. Bir müddət sonra Gülarə Əliyeva məni “Dan ulduzu”na apardı.
– Moskva mühitindən söz düşmüşkən, Rusiya ordusunun xoru dünyada çox tanınır, tez-tez xarici səfərlərə, qastrollara gedirlər. Bəs bizim orkestr qastrollarda tez-tez olur?
– Dəvətlər çox olur. Bir müddət öncə hər il Moskvada keçirilən beynəlxalq festivaldan təklif gəlib. Ancaq bizim tədbirlərimiz o qədər çox olur ki, heç Bakıdan tərpənə bilmirik. Tez-tez gələn xarici qonaqları qarşılayırıq. Buna baxmayaraq, çalışırıq ki, qastrollara da gedək. Məsələn, bu yaxınlarda kollektiv Türkiyədə olub.

– Soyuq havada ifa zamanı əlləriniz üşümür?
– Bakıda demək olar ki, yox. Dəfələrlə Moskvada paradlarda iştirak etmişəm, orada üşüyür. Bir dəfə üç-dörd saat məşqdən sonra yeməkxanaya qayıtdıq. Təsəvvür edin, əlcəyi çıxaranda gördük ki, soyuqdan barmaqlarımız qatlanmır. Mən özüm inanmadım. Düzdür, bundan əvvəl də soyuq havalarda ifa etmişdik, ancaq əlimizi uzağı bir dəfə ovuşdurmuşuq, keçmişdi. Ancaq beləsi heç olmamışdı.
– Hərbi orkestr olmasa, nə olmaz?
– Hərbi orkestr olmasa, ordu olmaz. Çünki qoşun hərbi orkestrin sədaları altında hərəkət edir. Hərbi orkestr həmişə olub və bundan sonra da olacaq.
Foto - Sabir Məmmədov © APA Group