“Postsovet ölkələri içində kinostudiyası və kinoteatrları pis günə qalan yeganə ölkə Azərbaycan oldu”
Bakı. Turan Şakir, Cavid Zeynallı - APA. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmovun APA-ya müsahibəsi
- Müşfiq müəllim, kinostudiyanın rəhbəri təyin olunandan sonra haqqınızda mətbuat çox yazdı. Elə bil, insanlar Azərbaycan kinosunun bu günü ilə bağlı problemlərin tezliklə həllini sizdən gözləyir, daha doğrusu, tələb edirlər. Belə deyək, bu tələblərdən, tənqidlərdən özünüzü itirmirsiniz?
- Kinostudiyanın işçiləri deyir ki, mətbuatda bir ildə haqqımızda yazılanlar son 25 ildə yazılanların sayından daha çoxdur. Bu yaxşı olmaqla yanaşı, həm də məsuliyyəti artıran məqamdır. Əsas məsələ müasir kino industriyasının qurulmasıdır. Prodüser kinosunun gətirilməsi və özəl şirkətlərin “Azərbaycanfilm”in ətrafına cəmləşməsi də prioritet məsələlərdəndir. 2007-ci ildən bu günə kimi yarımçıq qalmış yeddi filmin çəkilişləri tamamlanıb və daha üç yeni film çəkilib. “Çölçü”, “Qisas almadan ölmə”, “Sübhün səfiri” kimi filmlər bu sıradandır. İkinci mərhələ kino istehsalını müasir tələblər əsasında qurmaqdan ibarətdir. Artıq ilk filmin - Asif Rüstəmovun “Axınla üzü aşağı” filminin çəkilişlərinə başlamışıq. Bu film müasir texniki sistemə uyğun hazırlanır.
Bildiyimiz kimi, son 20 ildə Azərbaycan kinosunun çəkilişlərində İran və gürcü texnikası önəmli rol oynayırdı. Ona görə də biz Mədəniyyət və Turizm Naziri ilə məsləhətləşib, müəyyən addımlar atdıq. Məsələn, bunun üçün Prodüserlər Gildiyasını təsis etdik. Biz bu gildiyanı təsis edəndə cəmi 14 şirkət var idi. İndi isə 20-dən çox şirkəti birləşdirib, onların fəaliyyətindən istifadə edirik. Bunun nəticəsində öz mütəxəssislərimiz həm işləməyə, həm də inkişaf etməyə başladı. Bəzi problemli məsələlərin həlli üçün xaricdən məsləhətçilər dəvət etdik ki, bizim kadrlara kömək etsinlər. Dünya təcrübəsində filmlərdə səslər artıq birbaşa çəkiliş meydançasından yazılır və belə filmlər beynəlxalq festivallarda, müsabiqələrdə, nümayişlərdə daha çox marağa səbəb olur. Biz də son çəkdiyimiz filmdə bu təcrübədən istifadə edirik. Həmin filmin səs rejissoru Almaniyadan dəvət olunsa da, onun yanında iki nəfər azərbaycanlı gənc təcrübə keçir. Amma gürcü və İran mütəxəssisləri buna imkan vermirdilər. Şirkətləri birləşdirib onlara vəsait ayırdıq, hazırda işlərimiz müştərək davam edir. Professional kino xidməti üçün televiziyalarla əməkdaşlığa başlamışıq. 2014-cü ildə artıq müştərək layihələr ətrafında işlər görəcəyik. Bu, Azərbaycan kinosunun dünyaya çıxması üçün tədbir olacaq. Bunun üçün qanun layihəsində müəyyən dəyişikliklər edilir, normativ sənədlər hazırlanır. Bundan əlavə, elan etdiyimiz müsabiqə nəticəsində 6 nəfər xaricdə yaşayan azərbaycanlı professional rejissoru artıq Azərbaycana dəvət etmişik və onlar bu gün bizim kinostudiyanın əməkdaşlarıdır. Ən maraqlısı isə özəl şirkətlərin də artıq bu işdə maraqlı olmalarıdır. Düşünürəm, artıq özümüz-özümüzə sahib çıxa bilərik və bu dövr çoxdan gəlib. Biz xarici kino şirkətlərinin hansına istəsək, pul verib film çəkdirə bilərik, amma bu, Azərbaycanın istehsalı olmayacaq. Məhz bu kimi şeylər Azərbaycan kinosu üçün ağır nəticə verir. Yəni özümüz yenə də geridə qalırıq.
- “Mahmud və Məryəm” filminin nümunəsi var...
- Düzdür, “Mahmud və Məryəm” filmi çəkildi. Bu filmdən sonra Azərbaycana münasibət yaxşı mənada xeyli dəyişdi. Kann film festivalında iştirak edəndə, bizi tərəfdaş kimi qəbul etdilər. Son 20-30 ildə Azərbaycan kinosunda yaranan problemlərin dövlətin dəstəyi ilə aradan qaldırılması üçün müəyyən tədbirlər görülür, addımlar atılır. Əsas məqsədimiz Azərbaycan kinosunun keçmiş adını qaytarmaqdır. Müştərək layihələrin əsas məqsədi professional kadrların hazırlanmasıdır. Bu gün Azərbaycanda professional qrim ustası, işıqçı, səs rejissoru qıtlığı var. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyində müraciət etdim ki, bizə bir neçə gənc bəstəkar versinlər. Biz həmin bəstəkarlarla birgə işləyəcəyik. Daha sonra Azərbaycanın tanınmış kino bəstəkarları onlara master-klasslar keçəcək.
- Təklif etmisiniz ki, kino haqqında qanunvericilikdə dəyişikliklər edilsin. Qanunlardakı çatışmazlıq, boşluq nədən ibarətdir?
- Əsas təklifimiz ondan ibarətdir ki, Azərbaycan kinosunda vergi ləğv olunmalıdır. Düzdür, qanun dar çərçivədə olan qanun deyil, sadəcə, ona müəyyən əlavələr etmək lazımdır. Bu qanun 1998-ci ildə qəbul olunub və o dövr üçün ideal sayıla bilər. Serbiya, Bolqarıstan kimi ölkələr artıq kino vergisini ləğv edib. Bu, o qədər də böyük məbləğ deyil. Yaxud normativ sənədlərin hazırlanması məsələsi böyük bir prosesdir. Məsələn, qonorarın verilməsi. Ortadan bürokratik sistem götürülməlidir. Böyük bir təbəqə film istəyir, qırx ildir çəkilir, orada bir nəticə yoxdur. Mexanizm elə qurulmalıdır ki, işlək olsun, kadr çatışmazlığı problemini həll etsin. Səmimi deyirəm, bizim gözəl aktyorlarımız var, amma heç kim tanımır. Biz özümüzə qapanmışıq. Hamımız yaxamızı bir kənara çəkib deyirik ki, niyə bu məsələ belədir? Məncə, belə suallar vermək yerinə, ciddi addımlar atmaq lazımdır. Yenə təkrar etmək istəyirəm: yaradıcı heyətə qonorarın verilməsi məsələsi var ki, bu da müəyyən normativ sənədlər əsasında həyata keçirilir. Məsələn, rejissor üçün 5000 manat pul ayrılıb, hər iki rejissora eyni məbləğdə verilir. Bu düzgün deyil. Ola bilər, bir rejissorun çəkdiyi film dünya prokatına gedəcək, digərininki rəflərdə qalacaq. Ona görə də bürokratik sistem aradan götürülməlidir.
- Dediniz, çəkiliş üçün hər şey – texniki avadanlıqlar, operator, rejissor İrandan və Gürcüstandan gətirilirdi. İranı başa düşdük: son 20 ildə İran kino sənayesi xeyli inkişaf etdi. Bəs Gürcüstan? Yəni onlarda kinonun inkişafı doğrudanmı bizdən yaxşıdır?
- Gürcüstandan əsasən texnika gətirilirdi. Daha doğrusu, bu məsələdə bəzi dəllalların maraqları var idi. İndi həmin texnika Azərbaycanda olduğu üçün onlara ehtiyac qalmayıb. Düzdür, bu məsələyə etiraz edənlər oldu, amma bizim onların texnikasına artıq ehtiyacımız yoxdur. Bilirsiniz, Sovet dövrü dağılandan sonra, bir çox ölkələrdə kinoteatrlar, kinostudiyalar qorundu. Onlar öz mallarının qədrini bildilər, qoruyub saxladılar. Amma bizimkilər hamısı ev, torpaq, maşın, ad üçün qəbula yazıldılar. Bu bizim kinomuza olan xəyanətimiz idi. Postsovet ölkələri içində kinostudiyası və kinoteatrları pis günə qalan yeganə ölkə Azərbaycan oldu.
- Bütün bunların müqabilində Azərbaycan kinosu nə itirdi?
- Bu dövrlər ərzində Azərbaycan kinosu istedadlı nəsil itirdi. Elə həmin istedadlı nəsil itkisinin əziyyətini çəkirik. 2006-2007-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan, bu ekran” layihəsi olmasaydı, ümumiyyətlə, heç bir rejissoru tanımayacaqdıq. İndi tanınanların əksəriyyəti elə həmin layihədən sonra tanındı və Azərbaycana bu gün kino sahəsində müəyyən uğurlar gətirənlər də məhz həmin insanlardı.
- Qonşu İranın kino sənayesi həmişə güclü olub. Məsələn, son 20 ildə Məcid Məcidi kimi rejissor yetişdi. Bəs biz nə etməliyik ki, bu yerə gələk, inkişaf edək?
- İran kino sənayesi həmişə güclü olmayıb. Onlar bu yerə mənim dediyim islahatlar nəticəsində gəlib çıxıblar. Biz həmişə islahat deyəndə, yadımıza rejissorlar və aktyorlar düşüb. Amma bütün sistemi nəzərdə tuta bilməmişik. Çünki kino sənayesi təkcə aktyor və rejissordan ibarət deyil. Burada ssenaristlər, mühəndislər, qrimçilər, işıqçılar və başqaları var. Bizdə elementar “foks puller” yox idi. Biz onları tapıb “Azərbaycanfilm”ə dəvət etdik.
- Gəncləri yenidən kinoya gətirmək, cəlb etmək çətin deyil ki? Adama elə gəlir, onların üstündə bir ögeylik var...
- Xeyr, mən deməzdim ögeylik var. Biz xaricdən altı nəfər azərbaycanlı gənci ölkəmizə qaytarmışıq. Onlar burada dövlət hesabına filmlər çəkirlər. Dövlətin bu sahədə qayğısı çoxaldıqca, kino sənayesinə gələn gənclərin də sayı artır.
- Dövlət hesabına çəkilən filmlərin əksərini tamaşaçı görməyib. Bunun səbəbi nədir? Məsələn, Rövşən İsaxın “Aktrisa”, Rövşən Almuradlının “Cavad xan” filmləri və s...
- Bu düzgün deyil. Bizim kinoteatrlarda Azərbaycan filmləri həftəsi oldu. Tamaşaçılar da gəlib baxdılar.
- Mən televiziya kanallarını nəzərdə tuturam. Axı nə vaxta kimi əlamətdar günlərdə köhnə filmlər nümayiş olunacaq?
- Bilirsiniz, filmin nümayişinin öz qaydası var. O, ilk olaraq kinoteatrlarda göstərilməli, daha sonra audiovizual şəkildə satışa çıxarılmalıdır. Üçüncü mərhələdə isə efirlərə verilməlidir. Bunun müddəti iki-üç il arasında olur.
- Bildiyimiz bir neçə film var ki, 3 ildən artıqdır çəkilib, amma efirə verilmir...
- Bilirsiniz, özəl şirkətlərin də buna marağı yoxdur. Azərbaycan televiziyaları bu filmlərin 1 saatına 70-80 manat pul vermək istəmir.
- Deyək ki, bunu özəl televiziyalar etmir. Bəs dövlət hesabına çəkilən film niyə dövlət kanallarında nümayiş olunmur?
- Burada sizin bilmədiyiniz məsələlər var. Düzdür, əmlak hüququ dövlətdə ola bilər, amma müəllif hüququ ssenarist, rejissor və bəstəkardadır, axı. Dünyada bunun qaydası belədir. Biz onların hüquqlarını tapdalaya bilmərik. Amma bu o demək deyil ki, filmlər göstərilməyəcək. “Azərbaycanfilm”in 90 illik yubileyi ərəfəsində oktyabr ayında bu filmlərin hamısı mərhələli şəkildə efirə veriləcək.
- Müşfiq müəllim, “Cavad xan” filminin ətrafında yaranan qalmaqala münasibətiniz necədir? Ssenari müəllifi Sabir Rüstəmxanlı şikayət edir ki, filmi efirə buraxmırlar...
- Xeyr, bu belə deyil. Sabir müəllim bu sahədə prosesi bilmir. Bu film on gün “Nizami” Kino Mərkəzində nümayiş olundu. İndi isə bəzi bölgələrimizdə nümayiş olunur. Bu filmin prokatı ilə bağlı müqavilə bağlanmışdı. Müqavilə müddəti bitən kimi dedilər, film efirə buraxılmır. Bu düzgün deyil, film təbliğ olunub və sentyabrdan da efirə gedəcək.
- Bəs kinoteatrlardakı filmlərin nümayişindən necə, gəlir əldə edə bilirsinizmi?
- Gəlir çox azdır. Ona görə də yeni kassa filmləri çəkməyi nəzərdə tutmuşuq ki, bu filmlər müasir, estetik baxımdan da tamaşaçını cəlb edən filmlər olsun. Biz keçmişdə olan tamaşaçı anşlaqını da geri qaytaracağıq.
- Kinostudiyanın təmiri ilə bağlı məsələlər nə yerdədir?
- Hələ ki, layihələşmə gedir. Fransız kino şirkəti bu layihəni reallaşdırmaq üçün çalışır. Təmir üçün dəqiq məbləği deyə bilmərəm. Çünki Azərbaycanda olan texnika ilə 6 aydan sonra olacaq texnikalar arasında fərq çox olacaq. Burada biz çalışacağıq ki, təkcə öz istehsalımız üçün deyil, xaricilərin də burada çalışması üçün geniş şəraitimiz olsun. Mən istərdim ki, peşə məktəbləri ilə də münasibətləri möhkəmləndirək və orada təhsil sistemində dəyişikliklər edək. Dünyaca məşhur şirkətlərinin nümayəndələri gərək bizim peşə məktəblərində kino texnikası sahəsində dərslər keçib, mütəxəssislər hazırlasınlar.
- Fikir vermisinizmi, Azərbaycan cəmiyyətində bir stereotip formalaşıb: “Əşşi, bizimkilər kino çəkə bilirlər?”
- Məncə, haqlıdırlar. Çünki yeni nəfəs gəlməyib. 30 ildə Azərbaycan kinosunda heç bir partlayış olmayıb, süstlük hökm sürüb. Nəsillər arasında da böyük fərqlər var. Dünənin işini bu gün bəyənməyə bilərlər. Burada güclü mexanizm olmalıdır. Bu gün bütün dünyada psixoloji inkişaf, zövqlər o qədər dəyişib ki, kino mütəxəssisləri fikirləşir necə etməliyəm çəkdiyim filmə 20 ildən sonra tələbat olsun. Kino sahəsi çox böyük ideyalar və vəsait tələb edən sahədir.
- Düşünmürsünüz ki, Azərbaycanda ssenari problemi var? Niyə yaşlı ssenaristlərimiz tənqidi qəbul etmirlər?
- Ssenarinin üstündə müəllifdən başqa işləyən qrup olmalıdır. Bizdə isə çox dəhşətli bir hal yaranıb: ssenarini bir nəfər yazıbsa, bir rejissor da çəkməlidir. Bu elə deyil, ssenari geniş şəkildə müzakirə olunmalıdır. Bu işdə sosioloqlar da iştirak etməlidir. Film hansı təbəqə üçündür, hansı ərazidə nümayiş olunacaq kimi məsələlər müzakirə olunduqdan sonra qərar verilməlidir ki, bu film çəkilməlidirmi? Çəkilməlidirsə, bəlkə ssenarisində hansısa dəyişiklik etmək lazımdır? Amma bu gün ssenaristlərimiz qarşısına çıxara biləcəyimiz mütəxəssislərimiz olmadığına görə bəzən belə neqativ hallarla üzləşirik. Bundan sonra əminəm ki, belə olmayacaq.
- Sizcə, Anarın, Elçin Əfəndiyevin ssenarisinə nə isə dəyişiklik etmək olarmı?
- Misal olaraq deyim ki, Elçin Əfəndiyevin “Mahmud və Məryəm” ssenarisi haqqında rejissorla danışığının şahid olmuşam. O rejissora dedi ki, əgər əlavələriniz varsa, buyurun. Mən əminəm, Anar müəllim də qarşısına professional biri çıxıb təklif edərsə, məmnuniyyətlə qəbul edər. Burada problem fərdlərin deyil, mexanizmin problemidir. Biz bu istiqamətdə də işlər aparırıq.
- Azərbaycan kinosunun maliyyə problemi ciddidir?
- Xeyr! Kim bundan şikayətlənirsə, bu onun problemidir. Bizdə indi əsas problem istehsal və mütəxəssis problemidir. Bu gün əgər bizdə yaxşı ssenari olsa, xaricilər onu göydə alarlar. Bizim çox güclü ssenari problemlərimiz var.
- Azərbaycanda çəkilən serialların keyfiyyət problemi var. Elə düşünmürsünüz ki, bu, həm də ictimaiyyət arasında Azərbaycan kinosunun imicinə zərbə vurur?
- İmic söhbəti etmək düzgün deyil. Onsuz da hamı bilir ki, Azərbaycan kinosunun imici nə vəziyyətdədir. Düşünürəm, Azərbaycanda rejissor olmaq istəyən çox böyük nəsil var. Onlara hazırda seriallar verilib və öz bacarıqlarını nümayiş etdirirlər. Bu, həm də onların zamanla ələnməsinə, qabiliyyətlərinin üzə çıxmasına səbəb olur. Adam var, əsl rejissordur, amma danışa bilmir. Adam da var, iki saat bülbül kimi ötür, qabında heç nə yoxdur. Bax, o qabında olmayanları seriallar təmizlədi. Bizim kinomuzu bu adamların əlindən aldı, onları tanımağa şərait yaratdı. Özünü bu sahədə avtoritet hesab edənlər utandı. Böyük bir monopoliya dağıldı, o avtoritetlərin hamısı yox çıxdılar. Əminəm ki, növbəti dəfə Azərbaycanda hazırda serial çəkənlərin əksəriyyətinə film verilməyəcək. Seriallar təkcə rejissorların deyil, aktyorların, montajçıların, qrimçilərin, işıqçıların və başqalarının da saf-çürük edilməsinə köməklik etdi.