Bakı. Ülkər Qasımova - APA. “Son vaxtlar yenə mətbuatda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına (ARKİ) qarşı yönəlmiş müxtəlif ittihamlar səslənir. Xalq artisti Rasim Balayevin bu yaxınlarda APA-ya verdiyi müsahibədə ittifaq və şəxsən mənimlə bağlı səsləndirdiyi ittihamlara münasibət bildirməyi özümə borc bildim”. Bunu APA-ya açıqlamasında ARKİ-nin icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib.
ARKİ-nin fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirən Cəmil Quliyev bu qurumun guya qeyri-legitim olmasına dair deyilənlərin heç bir əsasının olmadığını bildirib: “Bəzi mətbuat orqanlarında iddia edilir ki, guya ARKİ qeyri-legitimdir və onun heç bir hüquqi əsası yoxdur. Bu, tamamilə əsasız bir fikirdir. Çünki ARKİ qanuni şəkildə yaradılmış bir təşkilatdır. Azərbaycan Konstitusiyasının 58-ci maddəsində deyilir ki, hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birliklər yaratmaq və mövcud birliyə daxil olmaq, başqaları ilə birləşmək hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Biz də bir qrup şəxs bir yerə yığışıb yeni ittifaq yaratmışıq. Eyni zamanda biz Azərbaycan Mülki Məcəlləsinin 43 və 48-ci maddələrinə əsasən fəaliyyət göstəririk. Yəni yeni qurum yaratmaq bizim vətəndaş hüququmuzdur və heç kəs bu hüququ bizim əlimizdən ala bilməz».
C.Quliyev deyib ki, ARKİ son 6 ay ərzində təşkilati işləri aparıb: «ARKİ bu yaxınlarda rəsmi saytının təqdimatını keçirəcək. Bu aylar ərzində ARKİ «Yeni nəfəs» qısametrajlı filmlər müsabiqəsinə başlayıb. Müsabiqədə 35 yaşa qədər gənclər iştirak edir. Müsabiqədə qalib gələn ssenari film kimi çəkiləcək və qaliblərə pul mükafatı veriləcək. Eyni zamanda ARKİ «Start» beynəlxalq festivalın işində yaxından iştirak edib. İttifaqın rəhbəri Şəfiqə Məmmədova həmin festivalın münsiflər heyətinin sədri olub. Ümumiyyətlə, ARKİ fəaliyyəti dövründə gənclərin problemləri ilə bağlı dəyirmi masa keçirib və ittifaqın gənc üzvlərinin bir neçə filmlərinin təqdimatını təşkil edib. Fəaliyyətimiz dövründə ARKİ görkəmli kino xadimlərinin yubileylərinə həsr olunmuş xatirə gecələrinin təşkilində yaxından iştirak edib. Bundan başqa, ARKİ bu yaxınlarda böyük bir beynəlxalq konfrans keçirəcək. İttifaqımız həmçinin bir neçə beynəlxalq təşkilatla saziş imzalayıb ki, həmin sazişlərə əsasən, Azərbaycanda və xarici ölkələrdə kino günləri təşkil olunacaq».
Rasim Balayevin ARKİ-nin ünvanına söylədiyi tənqidi fikirlərə və nədən məhz bu qurumu hədəfə almasına gəlincə, Cəmil Quliyev deyib: «Rasim Balayevin təmsil olunduğu Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) bu gün də tam sərbəst fəaliyyət göstərir. Bu qurumun çoxsaylı daşınmaz əmlakı, nəqliyyat vasitələri, hökumət telefonları və s. var. Mən bu gün Rasim Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyəti üçün şərait olmadığı ilə bağlı söylədiyi fikirləri heç cür başa düşmürəm. Onların normal fəaliyyət göstərmək üçün bütün imkanları var. Bu məqamda mən Rasim Balayevin 11 noyabr 2011-ci il tarixində APA-ya verdiyi müsahibədən bir bəndi xatırlatmaq istəyirəm. Həmin müsahibəsində o deyirdi: «Heç bir iş yoxdur. Gəlirik, gedirik, heç bir müsbət nəticə yoxdur. Amma desələr ki, artıq bitib, dağılışıb gedəcəyik». Hörmətli Rasim Balayev, bu sözləri siz hələ ARKİ yaranmamışdan əvvəl demisiniz. Yəni bu müsahibədə bir daha təsdiq edirsiniz ki, siz heç o zaman da fəaliyyət göstərməmisiniz və ya fəaliyyət göstərmək istəməmisiniz. Elə bizlər də həmin ittifaqın fəalliyyətsizliyini görüb, yeni bir ittifaq yaratmağa qərar verdik».
Rasim Balayev APA-ya verdiyi müsahibəsində onu da bildirib ki, Cəmil Quliyev AKİ-nin üzvü olan 100 nəfərə zəng edərək, onları ARKİ-yə çağırıb. Cəmil Quliyev bu fikirlərin də əsassız olduğunu deyib: «Məgər bu 100 nəfər uşaqdır ki, onları telefonla ittifaqa çağıraq? İkincisi, əgər siz belə fikirləşirsiniz ki, mən telefonla 100 nəfəri ARKİ-yə dəvət etmişəm, deməli, siz mənim hörmətli şəxs olduğumu sübut edirsiniz. Məlumat üçün bildirim ki, son 6 ay ərzində ARKİ-yə 200-ə yaxın kinematoqrafçı qəbul olunub. Bunlardan 92-si keçmiş ittifaqın üzvləridir. Onlar AKİ-nin fəaliyyətsizliyindən, boş vədlərindən yorulub və bizə etimad göstərib, ARKİ-yə üzv olublar. Qalanları isə ilk dəfə bizim ittifaqa qəbul olunmuş şəxslərdir. ARKİ-yə daxil olan insanlar arasında rejissorlar, operatorlar, rəssamlar, prodüserlər və sairə insanlar var. O cümlədən veteranlar və gənclər də bizim ittifaqa daxil olublar. Biz heç kimə zor tətbiq edib, yaxud hədə-qorxu gəlməklə ARKİ-yə üzv qəbul etməmişik. Yəni ARKİ-yə guya telefon zəngi ilə insanların qəbul edildiyinə dair iddialar əsassızdır və bütün bunlar sübut edir ki, bizi nüfuzdan salmaq, təşkilatımız ətrafında qalmaqal yaratmaq istəyirlər. Onu da deyim ki, bu yaxınlarda adın çəkmək istəmədiyim bir xalq artisti, kinorejissor, Rasim Balayevin dostu AKİ-dən çıxıb. Rasim müəllim, bəlkə onu da mən hədələyib AKİ-dən çıxarmışam?»
Rasim Balayevin «Cəmil Quliyev mənim müxtəlif tədbirlərdən lent yazılarımı kəsib, efirə o cür verir» iddiasına gəlincə, Cəmil Quliyev bunun da tamamilə əsassız olduğunu bildirib: «Mən bu fikri tamamilə əsassız sayıram. Əvvəla, son 6 ay ərzində AzTV-də və Mədəniyyət kanalında Rasim Balayevin iştirakı ilə “Babək», «Dədə Qorqud», «Arxadan vurulan zərbə», «Atları yəhərləyin», «Xoşbəxtlik qayğıları», «Həm ticarət, həm ziyarət» və başqa filmlər göstərilib. Əgər Rasim Balayev inanmırsa, qəzetlərdə dərc edilmiş proqramları qaldırıb bunu görə bilər. O ki qaldı videotekada saxlanılan Rasim Ocaqov və Leyla Bədirbəyli haqqında verilişlərdən guya Rasim Balayevin müsahibələrinin kəsilib çıxarılmasına, bu da tamamilə əsassızdır. Əgər o, istəyirsə, gəlib videotekada baxsın və görsün ki, onun müsahibəsinin hamısı yerindədir. Eyni zamanda Leyla Bədirbəyliyə həsr olunmuş veriliş bu günlərdə efirə getdi və orada Rasim Balayevin müsahibəsi vardı. Onu da əlavə edim ki, Rasim Balayevin iştirakı ilə çəkilmiş «Sübhün səfiri» filminin premyerası ilə bağlı xəbər bizim hər iki kanalımızda göstərilib. Həmin süjetdə Rasim Balayev də müsahibə vermişdi».
Cəmil Quliyevin sözlərinə görə, Rasim Balayev APA-ya verdiyi müsahibəsində onun kino sahəsində rolunun olmadığını bildirib. R.Balayevin «Sənət başqa şeydir. Biz burda neyləyirik ki? Sadəcə, kinoda o qədər də xidməti olmayan adamlara sözümüzü deyirik. Məsələn, Cəmil Quliyev adlı bir adam var, bütün tarix boyu iki film çəkib. Bir filmi “Sonqulunun hekayəti”, biri də “Oçen skuçnaya istoriya”. Filmə baxıblar, o qədər darıxdırıcı olub ki, adını da elə qoyublar, əslində adı başqa olub» açıqlamasına Cəmil Quliyev belə cavab verdi: «Əvvəla, «Cansıxıcı əhvalat» filminin ssenarisini Rasim Balayevin dostu Eldəniz Quliyev yazıb. Rasim müəllim, heç olmasa, dostuna hörmət edib, bu film haqında təhqiramiz şəkildə danışmamalı idi. Bu filmin adını isə Moskvada yox, Bakıda o zaman «Azərbaycanfilm» kinostudiyasının direktoru olan Ramiz Fətəliyev qoymuş və bunu filmdə qaldırılmış mövzu ilə əsaslandırmışdı. Bu film o zaman SSRİ-dəki Mərkəzi Televiziyanın sifarişi ilə çəkilmiş və 3 dəfə həmin televiziyada, həmçinin Fransa, İsveç və Türkiyə festivallarında ən yaxşı Azərbaycan filmlərinin sırasında nümayiş olunmuşdu. Bu filmin 1995-ci ildə iştirak etdiyi Nant beynəlxalq festivalında Rasim Balayev də iştirak etmişdi və hətta onun mənimlə şəkli də var. Amma bu gün o, nədənsə bütün bunları unudur. Mənim fəaliyyətimə gəlincə, mən uzun illər Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində pedaqoji fəaliyyət göstərmişəm. Mənim yüzdən çox tələbələrim var, həmin tələbələrin bir çoxu bu gün televiziyada və kinoda uğurla fəaliyyət göstərir, Azərbaycan kinosunu bir çox beynəlxalq festivallarda təmsil edirlər. Rasim Balayev bunu da çox gözəl bilir.
Nəhayət, Rasim Balayev mənim kino sahəsində heç bir rolumun olmadığını deyir. Amma məhz onun təmsil olunduğu AKİ-nin sədri Rüstəm İbrahimbəyov 1995-ci il 21 dekabr tarixində «Panorama» qəzetinə verdiyi müsahibəsində məni istedadlı rejissor adlandırıb. Rasim Balayevin özü isə vaxtı ilə «Obozrevatel» qəzetində mənim çəkdiyim «Həsən Seyidbəyli» filmini yüksək qiymətləndirib. Hesab edirəm ki, artıq şərhə ehtiyac yoxdur».
Cəmil Quliyev sonda ona qarşı edilən hücumların səbəbinə də toxunub: «Bu gün mənim ünvanıma söylənilən ittihamlar, AKİ rəhbərliyi tərəfindən hədəfə alınmağım heç də səbəbsiz deyil. Belə ki, mən hələ AKİ mövcud olduğu dövrdə dəfələrlə bu qurumun fəaliyyətsizliyini tənqid etmişəm. Buna cavab olaraq isə AKİ-nin rəhbərliyi tərəfindən təqiblərə məruz qalmışam. Mən AKİ rəhbərliyinin təzyiqi nəticəsində «Yaddaş» dövlət kinostudiyasından işdən çıxarıldım. Bundan başqa, mən bir müddət film çəkməkdən məhrum olundum. Onu da deyim ki, son həftə ərzində mənə yenə də gizli nömrələrdən zənglər gəlir. Məni təhqir edir və hədələyirlər. Demokratiyadan dəm vuran insanlar məni gələcəkdə dar ağacı ilə təhdid edirlər. Amma bəyan edirəm ki, onların bu cəhdləri əbəsdir. Mənim damarlarımda zabit qanı axır. Böyük babam zabit olub. O, mövqeyinə görə 1937-ci ildə Stalin rejimi tərəfindən güllələnib. Odur ki, mən sizin hədələrinizdən qorxmuram və mövqeyimdən dönməyəcəyəm. Lazım olsa, bu yolda canımı da verməyə hazıram».