Azərbaycanın portfel investisiyaları üzrə müsbət mövqeyi möhkəmlənir

Azərbaycanın portfel investisiyaları üzrə müsbət mövqeyi möhkəmlənir
# 13 aprel 2009 13:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycandan xaricə yönəldilən portfel investisiyalarının həcmi 2009-cu ilin yanvar ayının 1-nə 550,7 mln. ABŞ dolları təşkil edib. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Milli Bankı tərəfindən 2008-ci ilin yekunları üzrə hazırlanan ölkənin beynəlxalq investisiya balansında bildirilir.
Eyni zamanda, Azərbaycana xaricdən yönəldilən portfel investisiyalarının həcmi 177,3 mln. dollara bərabər olub. Beləliklə, cari ilin əvvəlinə portfel investisiyaları üzrə Azərbaycanın investisiya mövqeyi müsbət 373,4 mln. dollar təşkil edib. Yəni, Azərbaycandan xaricə istiqamətlənən portfel investisiyalarının həcmi ölkəyə cəlb olunan investisiyalardan 3,1 dəfə çoxdur.
Qeyd edək ki, 2008-ci ilin əvvəlinə də portfel investisiyaları üzrə ölkənin mövqeyi müsbət olub. Belə ki, ötən ilin əvvəlinə Azərbaycandan xaricə yönəldilən portfel investisiyalarının həcmi 229,9 mln. dollar, ölkəyə cəlb edilən investisiyaların həcmi isə 203,9 mln. dollar, nəticədə, müsbət saldo 26 mln. dollar təşkil edib.
Göründüyü kimi, ötən il ərzində Azərbaycandan xaricə portfel investisiyaları 320,8 mln. dollar və ya 2,4 dəfə artıb, ölkəyə yönəldilən investisiyalar isə 26,6 mln. dollar və ya 13% azalıb. Nəticədə, yaranan müsbət mövqe üzrə illik artım 347,4 mln. dollar və ya 13,4 dəfə təşkil edib.
Xatırladaq ki, portfel investisiyaları fond bazarının konyunkturasından asılı olaraq təkrar satılması məqsədi ilə qiymətli kağızların alınmasına yönəldilən vəsaitlərdən ibarətdir. Bu investisiyaların əsas məqsədi və vəzifəsi spekulyativ mənfəətin əldə edilməsidir ki, bu cür mənfəət də qiymətli kağızların bazar qiymətinin artması nəticəsində formalaşır. Portfel investoru öz fəaliyyətində divident siyasəti, makroiqtisadi göstəricilər və digər fundamental parametrləri nəzərə almır və yalnız bazarda olan cari vəziyyətdən asılı olaraq investisiya yatırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR