Azad Rəhimov fransalı həmkarı ilə görüşüb - FOTO

Azad Rəhimov fransalı həmkarı ilə görüşüb  - <span style="color: red;">FOTO
# 12 may 2014 14:53 (UTC +04:00)

Bakı-APA. Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda rəsmi səfərdə olan Fransa Respublikasının qadın hüquqları, şəhər, gənclər və idman naziri xanım Najat Vallaud- Belkacemi qəbul edib. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, qonağı salamlayan Azad Rəhimov hazırda Azərbaycanda ilk dəfə keçirilən “Baku 2015” Avropa Olimpiya oyunlarına güclü hazırlıq işlərinin getdiyini, yeni idman qurğularının tikildiyini, bir sıra idman obyektlərinin təmir edildiyini diqqətə çatdırıb: “Əminliklə deyə bilərəm ki, 2015-ci ildə ölkəmizə təşrif buyuracaq Fransalı idmançılar Bakıdan ən xoş xatirələrlə ayrılacaqlar. Məlumat üçün bildirim ki, yarışlarda iştirak üçün 6000-dən çox idmançı Bakı şəhərinin qonağı olacaq.”

Azad Rəhimov xüsusi ilə Azərbaycan və Fransa arasında dostluq münasibətlərinin daim inkişaf etməsini yüksək qiymətləndirib. Nazir bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə xanım Najat Vallaud- Belkacemin mehriban dostluq münasibətləri hər iki ölkənin idman və gənclər sahəsində daim böyük layihələrin həyata keçirilməsinə təkan olur.

Daha sonra Azad Rəhimov Gənclər və İdman Nazirliyinin tarixi, fəaliyyət istiqamətləri, gənclər və idman sahəsində dövlət tərəfindən qəbul olunmuş qanunlar haqda söhbət açıb. Azad Rəhimov bir neçə gündən sonra Bakıda 95 ölkədən 1100-dən çox iştirakçının qatılacağı “Gənc alimlərin Forumu” haqda da məlumat verib, Fransanın gənc alimlərini bu layihədə aktiv olmağa çağırıb.

Fransalı nazir öz növbəsində Azad Rəhimova göstərdiyi xoş münasibət üçün təşəkkür edib. Nazir Bakıda 2015-ci ildə keçiriləcək Olimpiya oyunları ilə maraqlandığını, idman sahəsində əməkdaşlığa daim hazır olduğunu bildirib. Qonaq eyni zamanda tikilməkdə olan Olimpiya Mərkəzləri ilə tanış olmaqda maraqlı olduğunu diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR