Gürcüstanda daha bir azərbaycanlı vəzifəyə təyin edilib

Gürcüstanda daha bir azərbaycanlı vəzifəyə təyin edilib
# 08 yanvar 2014 14:51 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda daha bir azərbaycanlı vəzifəyə təyin edilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, gənc soydaşımız Zaur Darğallı Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin Kvemo-Kartli bölgəsində nümayəndəsi təyin olunub.

Zaur Füzuli oğlu Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynalxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. Z. Darğallı paralel olaraq 2007-2010 illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub. 2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Reqional İnkişaf Aqentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb.

Zaur Darğallı APA-ya açıqlamasında Kvemo-Kartli bölgəsində dövlət nazirinin nümayəndəsi kimi çalışacağını və soydaşlarımızın, eyni zamanda digər milli azlıqların gürcü cəmiyyətinə inteqrasiyası ilə bağlı bir sıra layihələrin həyata keçirilməsinə çalışacağını bildirib.

“2014-cü il yanvarın 1-dən keçmiş Reinteqrasiya Nazirliyinin adı dəyişdirilərək Barışıq və Vətəndaş Nazirliyi olub. İndi nazirlik öz istiqamətini münaqişə və bərabərlik məsələlərinin müzakirəsinə və həllinə yönəldib. Bu yaxınlarda nazirliyin təşəbbüsü və dəstəyi ilə yeni “Vətəndaş İnteqrasiyası Konsepsiyası” hazırlanacaq və biz bu sənəddən irəli gələn vəzifələri yerinə yetirəcəyik”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR