Milli Şuranın Koordinasiya Şurasının toplantısında Hacıbaba Əzimovla bağlı məsələ müzakirə edilib

Milli Şuranın Koordinasiya Şurasının toplantısında Hacıbaba Əzimovla bağlı məsələ müzakirə edilib
# 23 yanvar 2014 10:34 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Dünən Milli Şuranın Koordinasiya Şurasının ilk toplantısında Koordinasiya Şurasının üzvü, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovun Milli Təhlükəsizliyini Nazirliyini quruma dəvət etməsi ilə bağlı məsələ müzakirə olunub.

APA-nın verdiyi məlumata görə, H. Əzimova irad tutulub, mətbuata açıqlamalar verərkən diqqətli olmaq tövsiyə edilib.

H. Əzimov isə APA-ya açıqlamasında bu məsələ ilə bağlı heç kimin ona sual ünvanlamadığını, toplantıda məhz özünün bununla bağlı danışdığını söyləyib: “Çünki mənim mətbuat orqanlarından birinə müsahibəmdə bir məqamla bağlı təhrif var. Bəli, həmin müsahibədə demişəm ki, separatçılıqla məşğul olan adamlar var, müxtəlif maskalar altında gizlənmək istəyirlər və mən də onlara sözümü deyirəm. Mehdibəy Səfərov və Eldəniz Quliyev “El” Hərəkatının kvotası ilə ora düşüb. Mən də deyirəm ki, Milli Şuranın belə formalaşması düzgün deyil. Əgər Milli Şura deyiriksə, bura yalnız millətin tanıdığı, hörmət etdiyi adamlar dəvət edilməli idi. Ora elə adamlar gətiriblər ki, bilinmir ki, bunlar kimdirlər. Ancaq mən müsahibəmdə Milli Təhlükəsizlik Nazirliyini Milli Şuraya dəvət etməmişəm. Lazım olsa, partiya sədriyəm, Milli Təhlükəsizlik Nazirliyinə məktub yazaram ki, bu kimi hallar var, sizin də vəzifəniz odur ki, bu hallara qarşı mübarizə aparın. Sadəcə, mən müsahibəmdə maska altında gizlənmək istəyən separatçıları özlərini yığışdırmağa çağırmışam. “Azadlıq” qəzeti də bu məsələni məndən soruşmadan, dəqiqləşdirmədən Cəmil Həsənliyə sual verib, münasibətini öyrənib. Əslində Cəmil Həsənlini də çaşdırıblar və olmayan bir şeyi müzakirəyə çıxarıblar. Cəmil Həsənli də “Azadlıq” qəzetinin sualına cavab olaraq deyib ki, bunu pisləyir, düzgün saymır. Mən bundan əvvəl “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavininə də zəng açıb, etirazımı bildirmişəm ki, mənimlə dəqiqləşdirmədən Cəmil Həsənliyə belə sual vermisiniz? Koordinasiya Şurasının iclasında demişəm ki, bu adamlarla bir qurumdayıqsa, əvvəlcə məndən soruşun. İradım “Azadlıq” qəzetinə oldu, Koordinasiya Şurasında da bu iradımı anlayışla qarşıladılar. Dedilər ki, “Azadlıq” qəzeti bu məsələ ilə bağlı gerçəyi sizdən öyrənər. Ancaq hələ də qəzet mənimlə əlaqə saxlamayıb”.

H. Əzimov Koordinasiya Şurasının toplantısında M. Səfərov və E. Quliyevlə bağlı məsələnin isə müzakirə olunmadığını açıqlayıb: “Koordinasiya Şurasının iclasında onların adı çəkilməyib. İclasda iştirak edən Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev də mənim adımı çəkməyib”.

Qeyd edək ki, Koordinasiya Şurasının üzvlərinə toplantıda müzakirə edilən məsələlərlə bağlı mətbuata açıqlama verməmək tapşırılıb və toplantı barədə Milli Şurasının mətbuat katibliyinin məlumat yayacağı bildirilib. Mətbuat katibliyinin yaydığı məlumatda isə qeyd edilib ki, iclasda ölkədəki mövcud ictimai-siyasi vəziyyət dəyərləndirilib, Milli Şuranın fəaliyyətinin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib, “siyasi məhbus”ların müdafiəsi və azadlığa çıxması 2014-cü ildə Milli Şuranın prioritet hədəflərindən biri kimi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR