Barak Obama Suriya ilə bağlı mövqeyini amerikalılara açıqlayıb

Barak Obama Suriya ilə bağlı mövqeyini amerikalılara açıqlayıb
# 11 sentyabr 2013 05:09 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama xalqa telemüraciətində kimyəvi silahın istifadəsinə görə Suriyaya qarşı cavab tədbirlərinin Amerikanın milli təhlükəsizliyinin marağında olması səbəblərini açıqlayıb.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Obama qeyd edib ki, ABŞ Suriyadakı vətəndaş müharibəsinə müdaxilə etməyib, lakin avqustun 21-də Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi uşaqlar da daxil olmaqla 1000-dən çox insanın ölümünı səbəb olub. Onun sözlərinə görə, belə halın təkrarlanmasının qarşısını almaq üçün hərbi müdaxilənin həyata keçirilməsi zəruridir.

Bununla belə prezident ABŞ əsgərlərinin Suriya ərazisinə daxil olmayacağını və problemin dinc yolla həllini üstün tutduğunu qeyd edib.

Obama həmçinin Rusiyanın Suriyaya məxsus kimyəvi silahının beynəlxalq nəzarətə verilməsi təklifini nəzərdən keçirəcəyini vəd edib və əvvəlcə bunun həyata keçirilməsinin nə dərəcədə real olduğunu yoxlamaq lazım olduğunu qeyd edib. “Bu təklifin uğurlu olacağını deməyə hələ çox tezdir”, deyə o bildirib.

Obama Suriyaya hərbi müdaxilə məsələsində beynəlxalq müttəfiqlərinin dəstək verəcəyinə ümid etdiyini bildirib. O həmçinin qeyd edib ki, Amerika ordusu Əsəd rejiminə təzyiqləri davam etdirmək üçün daim hərbi əməliyyata hazır olacaq.

Nitqinin sonunda isə Barak Obama dünyada münaqişələrin nizamlanmasında ABŞ-ın aparıcı rolunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR