Azərbaycanda 1,8 mln. manat vergidən yayınan sahibkar həbs edilib

Azərbaycanda 1,8 mln. manat vergidən yayınan sahibkar həbs edilib
# 29 yanvar 2014 09:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi vergidən yayınan sahibkar barəsində cinayət işinin istintaqını tamamlayıb.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, Nazirlik yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti tərəfindən araşdırılan çox epizodlu cinayət işi zamanı sübuta yetirilib ki, Beyləqan rayonunun Dünyamalılar kənd sakini Nadir Camal oğlu Ağayev 2009-2011-ci illərdə «Kvant-L», «Təsərrüfat-İnventar Topdansatış», «Kaspian», «Baykal-N», «İntellekt-2011», «Berkut-2012» və digər müəssisələrin direktoru vəzifəsində işləyərkən vergiləri dövlət büdcəsindən yayındırıb.

N.Ağayev sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda rəhbərlik etdiyi müəssisələrin maliyyə təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini də öz üzərinə götürüb, vergi orqanlarına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilərəkdən təhrif olunmuş məlumatları daxil etməklə, eləcə də bəyannamələr təqdim etməməklə Vergi Məcəlləsinin tələblərini pozaraq ümumilikdə 1 792 679 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.

Bundan başqa, N.Ağayev xüsusi razılıq (lisenziya) almadan I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin aparılması işləri ilə məşğul olaraq 150 913 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

N.Ağayevin qeyd olunan cinayətləri törətməsi ibtidai araşdırma zamanı toplanmış təkzibolunmaz sübutlarla – ilkin mühasibatlıq sənədləri, şahid ifadələri, tanınma protokolları, keçirilmiş baxışlar, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə təsdiq olunub. Ötən ilin dekabrın 23-də N.Ağayevin təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub, lakin o, bir müddət istintaqdan qaçıb gizləndiyindən qərarı ona elan etmək mümkün olmadığından barəsində axtarış elan edilib.

Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində N.Ağayev bu ilin yanvarın 15-də tutularaq istintaqa təhvil verilib və elə həmin gün Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. N.Ağayev dindirilərkən öz təqsirini boynuna alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR