Rustavidə saz bayramı keçirilib - FOTOSESSİYA

Rustavidə saz bayramı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 01 iyul 2014 22:19 (UTC +04:00)

Rustavi. Nizami Məmmədzadə-APA. İyulun 1-də Rustavidə saz bayramı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın azərbaycanlılar yaşayan bütün bölgələrindən, eyni zamanda Tiflis və Bakıdan, Rusiyadan gələn aşıqsevərlər iştirak edib. Saz bayramını Gürcüstan Aşıqlar Birliyinin sədri, şair Osman Əhmədoğlu açaraq tədbirin gənc aşıq Məsim Rəcəbova həsr olunduğunu və bu gün onun yeni diskinin təqdimatının keçirildiyini bildirib. Birliyin sədri çıxışında artıq üçüncü ildir ki, Gürcüstan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Rustavidə saz bayramının təşkil olunduğunu qeyd edib: “Rustavidə yaşayan soydaşlarımız həmişə gileylənirdilər ki, bu şəhərdə yaşayan azərbaycanlıların həyatı və fəaliyyətləri ilə bağlı tədbirlər təşkil edilmir. Məhz bu səbəbdən biz hər il Rustavidə saz bayramı keçirməyi qərara aldıq. Keçən il Rustavidə keçirilən saz bayramı xalq şairi Zəlimxan Yaquba həsr olunub. Artıq Rustavidə yaşayan azərbaycanlılar sazımızı, sözümüzü, folklorumuzu sevir və özləri də saz çalırlar. Onlardan biri də isdedadlı gəncimiz, 14 yaşlı aşıq Məsim Rəcəbovdur”.


Sonra tədbirdə Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədri Xaləddin Yolçuyev, filologiya elmləri namizədi Mahmud Kamaloğlu, gürcü bəstəkarı Manana Alpaidze, AYB-nin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət, şairə Səadət Buta, Sadaxlı orta məktəbinin direktoru Adil Şərifov və digər aşıqsevərlər çıxış edərək gənc aşıq Məsim Rəcəbovun istedadından və onun daha da püxtələşərək ustad sənətkar olacağı haqqında fikirlərini bildiriblər.Tədbirdə Borçalı aşıqlarından ustad aşıq Aslan Kosalı, aşıq Şahbaz, aşıq Nargilə, gənc aşıq Almaz Məmmədov, aşıq Fərhad, müğənnilərdən İbrahim Borçalı müxtəlif mahnılar ifa ediblər.


Saz bayramında Aşıq Məsimin yeni diskinin təqdimatı keçirilib və ona hədiyyələr təqdim olunub.


Tədbirdə “Sarvan” folklor rəqs ansamblı müxtəlif rəqslər nümayiş etdiriblər. Sonda aşıq Məsim Rəcəbov sazda aşıq mahnılarını ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR