İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri başlayıb

İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri başlayıb
# 14 may 2014 11:11 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri öz işinə başlayıb.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, danışıqlar İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun rəhbərliyi altında BMT-nin Vyanadakı qərargahında keçirilir.

Müzakirələr mayın 16-dək davam etdiriləcək və bu gün tərəflər arasında yekun nüvə razılaşmasının mətninin yazılması qərara alınıb. İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib ki, hər iki tərəf ümumi görüşdən sonra ikitərəfli müzakirələrə başlayacaqlar, daha sonra isə M.C.Zərif və K.Eşton arasında təkbətək görüş keçiriləcək.

Qeyd edək ki, mayın 13-də M.C.Zərif və K.Eşton İranın Avstriyadakı səfirliyində verilən işgüzar şam yeməyində bir araya gələrək növbəti nüvə müzakirələrinin gündəliyini müəyyənləşdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR