Müsavatdan çıxarılan gənclərin yenidən partiyaya qəbul olunması məsələsinə baxıla bilər

Müsavatdan çıxarılan gənclərin yenidən partiyaya qəbul olunması məsələsinə baxıla bilər
# 08 aprel 2014 11:46 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Partiyadan kənarlaşdırılan gənclərin Nizamnaməyə uyğun olaraq, 6 aydan sonra partiyaya qəbulla bağlı müraciət etmək hüququ var”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanov deyib.

Onun sözlərinə görə, Müsavat Partiyası Gənclər Təşkilatı sədrliyinə keçirilən seçkilərdən sonra bəzi üzvlər partiyanın nüfuzuna xələl gətirəcək açıqlamalar yaydığı üçün Divanın qərarı ilə partiyadan kənarlaşdırılıb: “Gənclər Təşkilatının sədrliyinə keçirilən ilk seçkilərin nəticəsi müəyyən texniki qüsurlara yol verildiyi üçün ləğv olundu. Yenidən seçkilər keçirildi və Gənclər Təşkilatının sədri seçildi. Ancaq bundan sonra bəzi gənclər mətbuatda və sosial şəbəkələrdə partiyanın imicinə xələl gətirəcək açıqlamalar verib, müəyyən ifadələr işlətdilər. Bununla bağlı Divan Orxan Eyyubzadə və Samir Poladovun partiyadan qovulması və digər gənclərə xəbərdarlıq edilməsi ilə nəticələnən qərar verib. Bununla yanaşı, onların partiyaya qəbul olunmaq üçün 6 aydan sonra yenidən müraciət etmək hüququ var və yenidən müraciət ediləcəksə, baxılacaq”.

R. Əmiraslanlı seçkilərdən sonra partiyanın Gənclər Təşkilatı üzvlərinin müəyyən məsələlərdə bir-birlərini ittiham etməsinə də münasibət bildirib: “Mən hesab edirəm ki, bu, normal haldır. Çünki gənclər arasında müəyyən çəkişmələr olur. Əhliman Abbasın rəhbərliyi ilə Gənclər Təşkilatına son vaxtlar yeni üzvlər qəbul edilib, yüksək səviyyədə tədbirlər keçirilib, Divan da bu məsələləri təqdir edir. Həmçinin, müəyyən problemlərlə bağlı Gənclər Təşkilatlarından çıxarılan gənclər var, bununla bağlı müraciət olunub və məsələ araşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR