Parisdəki Azərbaycan məktəbində yeni tədris ilinə start verilib - FOTO

Parisdəki Azərbaycan məktəbində yeni tədris ilinə start verilib - <span style="color: red;">FOTO
# 08 sentyabr 2014 14:10 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Paris Azərbaycan Evinin təşkilatçılığı ilə Fransa paytaxtındakı Azərbaycan Mədəniyyət Mərkəzində artıq 3 ildir fəaliyyət göstərən həftəsonu məktəbində yeni tədris ilinə start verilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, yeni dərs ilinin ilk günündə şagirdlər, müəllimlər və valideynlərlə yanaşı, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov da iştirak edib.

Həftəsonu məktəbinin təşkilatçısı, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva tədbiri açaraq, şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Mirvari Fətəliyeva həmçinin həftəsonu məktəbinə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və Azərbaycanın Fransadakı səfirliyinə minnətdarlığını bildirib. Gələcək planları haqqında söz açan Paris Azərbaycan Evinin rəhbəri deyib ki, Fransada doğulub böyüyən uşaqlara ana dilinin, milli mədəniyyətimizin, tariximizin öyrədilməsi, adət-ənənələrimizin onlara aşılanması təşkilatın qarşısında duran mühüm vəzifələrdən biridir. Bu istiqamətdə o, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə uşaqlar üçün həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.

Tədbirdə çıxış səfir Elçin Əmirbəyov da layihəni əhəmiyyətini xüsusi qeyd edərək, bu fəaliyyətinə görə Paris Azərbaycan Evinin rəhbərinə və üzvlərinə təşəkkürünü bildirib. O, uşaqlara yeni dərs ilində uğurlar arzulayaraq, onlara səfirlik adından dərsliklər və tədris ləvazimatları hədiyyə edib.

Paris Azərbaycan Evinin təşkil etdiyi həftəsonu məktəbində şagirdlər yaş fərqinə görə iki qrupda təhsil alır. Həftənin şənbə günləri keçirilən dərslərdə müəllimlər Mehri Quliyeva və Lalə Orucova uşaqlara əsasən Azərbaycan əlifbasını və Azərbaycan dilini tədris edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR