Praqanın Respublika meydanında Xocalı aksiyası keçirilib

Praqanın Respublika meydanında Xocalı aksiyası keçirilib
# 26 fevral 2013 01:40 (UTC +04:00)

Bakı-APA. Çexiyanın paytaxtı Praqada “Azerbaijani Student Association in Prague” (ASAP) qeyri-hökumət təşkilatı geniş miqyasda “Xocalıya ədalət” aksiyasını həyata keçirdib. APA-nın məlumatına görə, yerli icra orqanları ilə öncədən razılaşdırılmış bu tədbir şəhərin tarixi mərkəzi sayılan "Respublika Meydanı" (Náměstí Republiky) adlanan yerdə baş tutub. Tədbirin əsas mahiyyəti Xocalıda baş vermiş soyqırımı Çexiya və əcnəbi vətəndaşlara çatdırmaqdan olub. Bu məqsədə nail olmaq üçün "ArtCouncil Azerbaijan" təşkilatı tərəfindən Xocalı qətliamını özünəməxsus tərzdə təsvir edən rəsmlərin sərgisi təşkil olunub, Azərbaycanın Çexiyadakı səfirliyinin maliyyə vəsaiti nəticəsində 10-a yaxın xarici dillərdə audio yazılar səsləndirilib, bir neçə film nümayiş etdirilib. Tədbirdə çıxış edən Azərbaycanın Çexiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Tahir Tağızadə 21 il öncə baş vermiş soyqırım haqda məlumat verib. Aksiyada həmçinin Heydər Əliyev Fondunun təşkil etdiyi Azərbaycanın tarixini işıqlandıran müxtəlif kitablar, broşurlar, xəritə və digər təbliğat materialları gələn qonaqlara paylanılıb. Həmçinin tədbir iştirakçılarına Azərbaycan şirniyyat və şirələrindən dadmaq imkanı yaradılıb. Tədbir Xocalı soyqırım qurbanlarının xatirəsinə düzülmüş şamların yandırılması ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR