Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının təsisçiləri ilə görüş keçirilib

Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının təsisçiləri ilə görüş keçirilib
# 12 mart 2013 12:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının təsisçiləri ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə təşkilatlarla qarşılıqlı fəaliyyətin genişləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin strukturunda Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin yaradılması, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində "Qeyri-kommersiya hüquqi şəxslər" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin formalaşdırılaraq istifadəyə verilməsi diqqətə çatdırılıb, QHT-lərin fəaliyyətinin asanlaşdırılması üçün elektron xidmətlərin tətbiqi üzrə tədbirlərin həyata keçirilməsi barədə məlumat verilib, ədliyyə fəaliyyətinin bir sıra sahələri üzrə QHT-lərlə əməkdaşlıq məsələlərinə toxunulub.

Eyni zamanda, görüş iştirakçılarına maarifləndirmə məqsədilə qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dair qanunvericiliyin tələbləri barədə məlumat verilib, müvafiq metodiki köməklik göstərilib, zəruri hallarda səlahiyyətlərinə uyğun məsələlər üzrə nazirliyin aidiyyəti qurumuna müraciət etmələri tövsiyə olunub.

Qeyri-hökumət təşkilatlarının nümayəndələri ölkədə vətəndaş cəmiyyətinin inkişafı sahəsində görülən işləri yüksək dəyərləndiriblər və belə görüşlərin təşviq olunmasının ictimaiyyətlə əlaqələrin daha da gücləndirilməsinə xidmət etdiyini bildiriblər.

Sonda yeni dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarına müvafiq şəhadətnamələr və təsis sənədləri təqdim edilib.

Qeyd edək ki, ölkədə dövlət qeydiyyatına alınmış 3800-dən artıq qeyri-kommersiya hüquqi şəxslərdən 2800-dən çoxunu qeyri-hökumət təşkilatları təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR