Kəşfiyyat tədbirlərinin keçirilməsi üçün rabitə şəbəkələrinin telekommunikasiya operatorları ilə təchizi qaydaları təsdiqlənib

Kəşfiyyat tədbirlərinin keçirilməsi üçün rabitə şəbəkələrinin telekommunikasiya operatorları ilə təchizi qaydaları təsdiqlənib
# 13 iyul 2016 09:27 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün rabitə şəbəkələrinin telekommunikasiya operatorları və provayderləri tərəfindən əlavə texniki vasitələrlə təchiz edilməsi Qaydaları” təsdiq edilib.

APA-nın xəbərinə görə, bununla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası qərar qəbul edib. Qərarla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2006-cı il 13 fevral tarixli 29 nömrəli əmri ilə təsdiq “Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün rabitə şəbəkələrinin rabitə müəssisələri tərəfindən əlavə texniki vasitələrlə təchiz edilməsi Qaydaları” və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2007-ci il 9 avqust tarixli 135 nömrəli əmri ilə təsdiq edilmiş “Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün rabitə şəbəkələrinin rabitə müəssisələri tərəfindən əlavə texniki vasitələrlə təchiz edilməsi Qaydaları”na dəyişikliklər” ləğv edilib.

Qaydalarla əməliyyat-axtarış subyektlərinin qanunla müəyyən edilmiş qaydada ümumi rabitə şəbəkəsi daxilində əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirləri (bundan sonra - müvafiq tədbirlər) keçirməsi üçün telekommunikasiya operatorları və provayderləri tərəfindən rabitə şəbəkələrinin əlavə (xüsusi) texniki vasitələrlə təchiz edilməsi tənzimlənəcək.

Bu Qaydaların müddəaları mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən telekommunikasiya operatorlarına və provayderlərinə şamil edilib. Qaydalara görə telekommunikasiya operatorları və provayderləri əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri tərəfindən rabitə şəbəkələrində müvafiq tədbirlərin keçirilməsinə texniki şərait yaratmalı və bu məqsəd üçün rabitə sistemlərini müvafiq əlavə (xüsusi) texniki vasitələrlə (avadanlıqlarla) - telekommunikasiyalara nəzarət sistemləri ilə təchiz etməlidirlər. Telekommunikasiyalara Nəzarət Sistemi (bundan sonra - TNS) - müvafiq tədbirlərin hədəfində olan subyekt və obyektlərin məlumat mübadilələrinə və şəbəkənin bütün statistik informasiyalarına gizli qaydada nəzarəti təmin edən xüsusi aparat-proqram vasitələridir. TNS məlumat çıxarma vasitələri, nəqliyyat şəbəkəsi və nəzarət mərkəzlərindən ibarətdir. Telekommunikasiya operatorları və provayderləri rabitə sistemlərini TNS-lərlə təchiz edərkən telekommunikasiya operatorlarında və provayderlərində müvafiq tədbirlərin keçirilməsi üçün TNS-lərin dəqiq sayı və tərkibi həmin telekommunikasiya operatorları və provayderləri tərəfindən öz rabitə sistemlərinin konfiqurasiyası barədə tam həcmdə məlumatlar təqdim edildikdən sonra ayrı-ayrılıqda aidiyyəti üzrə Dövlət Təhlükəsizliyi Xidmətindən (bundan sonra - DTX) və Daxili İşlər Nazirliyinin (bundan sonra - DİN) səlahiyyətlərinə aid olan hissədə isə DİN ilə razılaşdırılmaqla Xüsusi Dövlət Mühafizə Xidmətindən (bundan sonra - XDMX) alınmış konkret texniki-təşkilati şərtlər əsasında müəyyənləşib. Eyni zamanda, TNS-lərin quraşdırılması (XDMX-ya münasibətdə telekommunikasiya operatorlarında və provayderlərində yerləşən məlumat çıxarma avadanlıqlarının alınması və quraşdırılması), onlara texniki xidmət göstərilməsi və ayrıca texniki tələblərin yerinə yetirilməsi ilə bağlı maliyyə xərclərinin ödənilməsi telekommunikasiya operatorlarının və provayderlərinin hesabına həyata keçirilir. Habelə TNS-lərin quraşdırılması ilə bağlı işlər ayrı-ayrılıqda aidiyyəti üzrə XDMX, DİN və DTX ilə razılaşdırılmış məhdud heyət cəlb olunmaqla konfidensial qaydada həyata keçirilir, konspirasiya və istismar şərtlərinə müvafiq olaraq telekommunikasiya operatorları və provayderləri tərəfindən TNS-lərin yerləşdirilməsi üçün xidməti ərazilər təqdim edilir. TNS-lərə xidmət göstərmək üçün rabitə şəbəkələrinin avadanlıqlarının yerləşdiyi ərazilərə ayrı-ayrılıqda aidiyyəti üzrə DTX, eləcə də DİN-in iştirakı ilə XDMX əməkdaşlarının daxil olması təmin edilir. Quraşdırılmış TNS-lərin istismarı ayrı-ayrılıqda aidiyyəti üzrə DTX və XDMX tərəfindən həyata keçirilir. Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin səlahiyyətli subyektləri rabitə şəbəkələrində müvafiq tədbirləri qaydaların 1.5.1-ci yarımbəndinə uyğun olaraq quraşdırılmış TNS-lər vasitəsilə həyata keçirir. Rabitə şəbəkələrində müvafiq tədbirlər “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan tələblərə uyğun həyata keçirilir. Müvafiq tədbirlərin keçirilməsinə əsas verən qərarlar və əldə olunan məlumatlar əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri tərəfindən telekommunikasiya operatorlarına və provayderlərinə təqdim edilmir.

Telekommunikasiya operatorları və provayderləri tərəfindən telekommunikasiyalara nəzarət sistemlərinin quraşdırılması qaydası da müəyyən olunub. TNS-lər bu Qaydaların 1.5.1-ci yarımbəndində göstərilmiş texniki-təşkilati şərtlərə uyğun layihələndirilməlidir (telekommunikasiya şəbəkələrində və idarəetmə mərkəzində aparat-proqram vasitələri, onların arasındakı telekommunikasiya xətləri və qurğuları, etibarlı elektrik təchizatı, texnoloji otaqlar və s. nəzərə alınmaqla). Bu Qaydaların 3-cü hissəsinə əsasən müəyyən edilmiş vaxt üzrə TNS-lərin quraşdırılması başa çatdırılmalı, telekommunikasiya operatorları və provayderləri tərəfindən alınmış texniki avadanlıqlar onların balansında qalmaqla, ayrı-ayrılıqda aidiyyəti üzrə DTX və XDMX-nın istismarına verilməlidir. TNS-lərin istismara qəbulu texniki şərtlərin tələblərinə uyğun olaraq, XDMX və DTX tərəfindən yaradılan və bu qurumların nümayəndələri ilə yanaşı, telekommunikasiya operatorlarının və provayderlərinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra - RYTN), habelə DİN-in nümayəndələrinin də daxil olduğu komissiya tərəfindən həyata keçirilməlidir. İstismar dövründə TNS-lərə texniki xidmət telekommunikasiya operatorları və provayderləri tərəfindən təmin edilməlidir. Rabitə şəbəkələrinin inkişaf etdirildiyi, təkmilləşdirildiyi, yeni xidmət növlərinin tətbiq edildiyi hallarda telekommunikasiya operatorları və provayderləri bu Qaydaların 1.5.1-ci yarımbəndində göstərilmiş texniki-təşkilati şərtlərə uyğun olaraq TNS-lərin müvafiq genişləndirilməsi üçün tədbirlər görməlidir.

Telekommunikasiyalara nəzarət sistemlərinin quraşdırılması müddətləri də müəyyənləşib. Azərbaycanın mövcud rabitə şəbəkələrində TNS-lərinquraşdırılması ayrı-ayrılıqda aidiyyəti üzrə XDMX, DİN, DTX və RYTN ilə əlavə razılaşdırılmış qaydada (mərhələlərlə) müəyyənləşdirilir və həyata keçirilir. Yeni yaradılan və mövcud qanunvericiliyə uyğun lisenziya alan telekommunikasiya operatorları və provayderləri üçün TNS-lərin quraşdırılması müddətləri lisenziyalaşdırma mərhələsində bu Qaydaların 1.5.1-ci yarımbəndində göstərilmiş texniki-təşkilati şərtlər əsasında müəyyən edilir. TNS-lərin istismara verilməsi telekommunikasiya operatorlarının və provayderlərinin fəaliyyətə başlaması ilə paralel surətdə həyata keçirilir.

Məlumatın sanksiyalaşdırılmamış müdaxilələrdən mühafizəsi qaydasına görə isə Telekommunikasiya operatorları və provayderləri tərəfindən TNS-lərin işinə və əlaqələndirmə proseslərinə, proqram təminatına və məlumatlarına qanunvericiliklə müəyyən edilmiş qaydada (təxirəsalınmaz hallardan başqa) müvafiq icazə olmadan daxil olma imkanlarının bütövlüklə istisna olunması üçün tədbirlər görülməlidir.

Bu Qaydaların müddəalarının telekommunikasiya operatorları və provayderləri tərəfindən yerinə yetirilməsinə nəzarəti RYTN həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR