Avropa Şurası ölkələrinin hakim və prokurorları üçün ixtisaslaşdırılmış təlim-tədris qurumu yaradıla bilər

Avropa Şurası ölkələrinin hakim və prokurorları üçün ixtisaslaşdırılmış təlim-tədris qurumu yaradıla bilər
# 24 oktyabr 2014 09:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bakıda keçirilən “İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Qabaqlama tədbirləri” ilə bağlı sessiya təşkil edilib. APA-nın məlumatına görə, sessiyada Avropa Şurası İnsan Hüquqları üzrə Rəhbər Komitəsinin sədri Vit Alexander Şorm moderator olub.

Sessiyada “Avropada Şurasına üzv olan dövlətlərin ali məhkəmələrinin oynadığı rol” mövzusunda çıxış edən Azərbaycan Ali Məhkəməsinin hakimi Vafəddin İbayev deyib ki, Azərbaycanda qədim dini inanclarda insan haqlarına xüsusi diqqət yetirilib və Şərqdə ilk demokratik dövlət 1918-ci ildə Azərbaycanda qurulub. V. İbayev Şərqdə ilk demokratik dövlət qurmaqla Azərbaycan xalqı və dövlətinin hər zaman demokratiyaya hazır olduğunu sübut etdiyini söyləyib. O qeyd edib ki, Konstitusiyaya əsasən qanunlarla beynəlxalq müqavilələr, Konvensiya ziddiyyət təşkil edəndə, beynəlxalq müqavilələr, Konvensiyalar əsas götürülür. Burada Konstitusiyanın tələbləri və referendum yolu ilə qəbul olunmuş Konstitusiya qanunları istisnadır: “Ali məhkəmələr milli məhkəmələrlə Avropa İnsan Haqları Məhkəməsi arasında körpü, birləşdirici rolunu oynayır. Konvensiyanın tələblərinə ilk növbədə milli məhkəmələrdə əməl olunmalıdır. Ali məhkəmələr Avropa Məhkəməsinə gedən yolda sonuncu instansiyalardır”.

Avropanın bir sıra ölkələrində nikahdankənar uşaqlarla bağlı qanunvericilikdən söz açan İ. İbayevin sözlərinə görə, Azərbaycanda Konstitusiyanın 131-ci maddəsi Ali Məhkəmənin səlahiyyətlərini müəyyən edir, 96-cı maddədə isə qanunvericilik təşəbbüsü ilə çıxış edə biləcəyi əksini tapıb. O deyib ki, milli məhkəmələr qərarlar qəbul edərkən İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasını nəzərə almalıdır və Ali Məhkəmə də qərar və izahlarında bu məqama xüsusi diqqət yetirir. V. İbayev bu qərar və izahlarla bağlı nümunələr də gətirib: “Məsələn, həbs qəti-imkan tədbiri təcrübəyə çevrilməməli, ilkin şübhə əsas götürülməlidir. İlkin şübhə şəxsin uzun müddət həbsdə saxlanılmasına əsas vermir. Ali Məhkəmənin jurnalistlərə münasibətdə azadlıqdan məhrumetmə halının tətbiq olunmaması barədə qərarını da qeyd etmək istəyirəm. Azərbaycan qanunvericiliyində əksini tapmasa da, Avropa Konvensiyası əsas götürülərək, Ali Məhkəmənin plenumunda mənəvi ziyana görə kompensasiya ödənilə biləcəyi ilə bağlı qərar qəbul edilib”.

V. İbayev Ali Məhkəmənin ölkədə mülkiyyət hüquqlarının qorunmasına da xüsusi diqqət yetirdiyini söyləyib: “Avropa İnsan Haqları Məhkəməsinin “Əfəndiyev Azərbaycana qarşı”, “Tanrıverdiyev Azərbaycana qarşı” qərarları və digər qərarlar Azərbaycanda məhkəmələrdə bir sıra boşluqların olduğunu ortaya qoydu. Avropa Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi ilk qərarlar vətəndaşların birləşmə hüququnun pozulması ilə bağlı idi. Söhbət QHT-lərin qeydiyyatından gedirdi. Nəticədə QHT-lərin qeydiyyatı ilə bağlı qanun qəbul edildi. Azərbaycan Avropa Məhkəməsinin insan hüquqları sahəsində qərarlarının tətbiqinə önəm verir. Amma Avropa Məhkəməsinin bəzi qərarları Ali Məhkəmənin hakimləri tərəfindən müzakirə olunarkən mübahisələr də yaranır. Məsələn, Avropa Məhkəməsinin “Fətullayev Azərbaycana qarşı” qərarında Eynulla Fətullayevin dərhal azadlığa buraxılması barədə müddəanı qəbul etmirəm, bu, yerli məhkəmələrin hüquqlarına müdaxilədir. Milli məhkəmənin hökmü qüvvədə ola-ola Avropa Məhkəməsinin qərarında Eynulla Fətullayevin dərhal azadlığa buraxılması barədə müddəa milli məhkəmələrin səlahiyyətlərinə müdaxilə idi”.

Avropa Şurasının Hüquqşünaslar üçün İnsan Hüquqları Sahəsində Təhsil Proqramının (HELP Proqramı) Məşvərətçi Kollegiyasının üzvü Gregorz Borkovski “Peşəkar hüquqşünasların öyrədilməsinin rolu: qanun pozuntularının qarşısını almaqda onların təsirinə dair ən qabaqcıl təcrübələr” mövzusunda çıxış edib. O qeyd edib ki, hakimlərə seminarlar, ixtisasartırma kurslarının keçirilməsi önəmlidir: “HELP Proqramı 2006-cı ildə qəbul edilib. Proqram ilkin mərhələdə hakim və prokurorlar üçün nəzərdə tutulmuşdu, sonra bütün hüquqşünaslar cəlb olundu. Məncə, beynəlxalq məhkəmə institutunun yaradılması vaxtı hələ yetişməyib, amma təlim institutlarının yaranması məqbuldur. Strasburqda Avropa Şurasına üzv ölkələrin hakim və prokurorlar üçün ayrıca ixtisaslaşdırılmış təlim-tədris qurumu yaradıla bilər. Bu, bir növ hakimlər, prokurorlar arasında təcrübə mübadiləsi rolunu oynaya bilər. Bu proses HELP Proqramı çərçivəsində mümkündür”.

Sessiya çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR