AMEA Kibernetika İnstitutunun direktoru: “Zəlzələlərin ocaqlarını 14-20 saat əvvəl təyin edə bilirik”

AMEA Kibernetika İnstitutunun direktoru: “Zəlzələlərin ocaqlarını 14-20 saat əvvəl təyin edə bilirik”
# 10 aprel 2013 12:51 (UTC +04:00)

Bu barədə APA-ya Kibernetika İnstitutunun direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda zəlzələləri əvvəlcədən proqnozlaşdıran stansiyaların sayı artdıqca zəlzələlərin koordinatlarını da dəqiq demək mümkün olacaq: “Hazırda stansiyalar zəlzələlərdən 14-20 saat əvvəl seysmoaktiv proseslərin başlanmasını monitorinq edir. Monitorinqin nəticələri düz çıxdığından Kibernetika İnstitutunun çox yaxın gələcəkdə zəlzələləri proqnozlaşdıra bilmək imkanı var”.

T. Əliyev bildirib ki, artıq ölkədə zəlzələləri qabaqcadan proqnozlaşdıran sayca 6-cı stansiya Sədərək rayonunda istifadəyə verilib. Stansiya Naxçıvan ərazisi ilə yanaşı, Türkiyə və İranda baş verən anomal seysmik prosesləri müşahidə etməyə də imkan verəcək. Müşahidələrin daha dəqiq olması üçün Naxçıvan ərazisində (Nehrəm və Böyükdüzdə ) daha iki stansiyanın quraşdırılması nəzərdə tutulur.

T. Əliyevin sözlərinə görə, indiyə qədər araşdırmalar dərin quyular üzərində aparılıb. Lakin İnstitut 200-250 metrlik dayaz quyular üzərində də bu analizləri aparmağı planlaşdırır. Yaxın gələcəkdə Qazax, Ağstafa və Yalamada da zəlzələləri qabaqcadan proqnozlaşdıran daha 3 stansiya istifadəyə veriləcək.

Qeyd edək ki, Azərbaycanda zəlzələləri qabaqcadan proqnozlaşdıran ilk stansiya 2010-cu ilin mayında Qum adasında quraşdırılıb. Hazırda ölkədə bu tipli 6 stansiya var. Onlar Bakının Qum adasında, Sədərək, Siyəzən, Naftalan, Neftçala və Şirvanda fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR