Rusiya Müdafiə Nazirliyi Böyük Britaniyanı Suriyanın Duma şəhərində kimyəvi hücum təxribatının təşkilində günahlandırıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya Müdafiə Nazirliyi Duma şəhərində kimyəvi silahdan istifadə olunmaqla edilmiş hücumu lentə alan şəxsləri tapıb.
"Bu gün Rusiya Müdafiə Nazirliyində Böyük Britaniyanın Şərqi Qutada bu təxribatın təşkilində əlinin olmasına dair sübutlar var. Aprelin 3-dən 6-dək “Ağ dəbilqəlilər” adlı təşkilatın nümayəndələrinə London tərəfindən güclü təzyiq olub. Onlara bildirilib ki, “Ceyş əl İslam” qruplaşmanın döyüşçüləri Dəməşqi artilleriya atəşinə tutacaq, hökumət qüvvələri isə buna cavab verəcəklər. “Ağ dəbilqəlilər”ə hökumət qüvvələrinin hücumunu kimyəvi silahdan istifadə kimi qeydə almaq tapşırığı verilib".
Konaşenkov qeyd edib ki, nazirlik tərəfindən sorğu-sual edilən suriyalılar öz adlarını gizlətməyiblər: "Onların hər ikisinin tibbi təhsili var. Onların sözlərinə görə, guya kimyəvi hücum zamanı yaralananların heç birində zəhərlənmə əlamətləri olmayıb".