Azərbaycan Atçılıq Federasiyasında 2012-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib

Azərbaycan Atçılıq Federasiyasında 2012-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib
# 09 fevral 2013 09:55 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Bu gün Azərbaycan Atçılıq Federasiyasında (ARAF) 2012-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Federasiyanın fəaliyyəti və görülən işlər barədə məlumat verən ARAF-ın baş katibi Bəhruz Nəbiyev bildirib ki, ötən il tədbirlərin təşkili və xaricdə keçirilən yarışlarda iştirak baxımından mühüm il olub.

Onun sözlərinə görə, ötən il konkur növü üzrə keçirilən yarışa son 35 ildə ilk dəfə olaraq İrandan atlar gətirilib. İdmanın bu növü üzrə Azərbaycanda 8 beynəlxalq turnir keçirilib və bu turnirlərin mükafat fondu 304 min manat olub. 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək olimpiya yarışlarında iştirak üçün Azərbaycan komandası təşkil olunub. Baş katib atçılıq idman növlərinin populyarlaşdırılması məqsədilə bir sıra yeni mərkəzlərin istifadəyə verildiyini, həmçinin Binə qəsəbəsində yeni konkur manejinin tikintisinə başlandığını bildirib.

ARAF-ın prezidenti Elçin Quliyev isə bildirib ki, artıq Azərbaycanda təşkil olunan konkur yarışlarına dünyanın müxtəlif ölkələrindən qatılanlar var. Eyni zamanda milli yarış olan çövkən və cıdırın inkişafına diqqət ayrılır. 2012-ci ildən ARAF tərəfindən dresaj və süvarilər layihəsi üzrə də təlim-məşqlərə başlanıb: «ARAF tərəfindən diqqət yetirilən yeni bir sahə isə polodur. 2013-cü ilin sentyabr ayında Azərbaycanda bu növ üzrə beynəlxalq turnirin keçirilməsi planlaşdırılır. Həmin tədbirdə Argentina, Almaniya, ABŞ və Kanadadan komandaların iştirakı gözlənilir».

Tədbirin sonunda bir qrup idmançı, məşqçi, mütəxəssis və KİV-ə mükafat və fəxri fərmanlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR