Bakı Metropolitenində daha bir depo inşa olunacaq

Bakı Metropolitenində daha bir depo inşa olunacaq
# 24 aprel 2013 07:34 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Metropolitenində «Yaşıl xətt»in dairəvi xəttə çevrilməsi sərnişinlərin metrodan istifadəsini daha rahat və səmərəli etməklə şəhər ictimai nəqliyyatı sahəsində metronun rolunu bir qədər də artıracaq, eyni zamanda, şəhərin inkişaf planında da əksini tapacaq. Bu barədə «APA-Economics»ə Metropolitendən bildirilib.


Metropolitenin məlumatına əsasən, dairəvi status alacaq «Yaşıl xətt»in uzunluğu 40 km-dən artıq olmaqla həm də qatarların hərəkətinin təşkilində də özünü göstərəcək: «Tikinti normaları və qaydalarına görə, hər 20 km-dən bir qatarların saxlanma, baxış və texniki qulluq yeri olan depoların inşası da zəruridir. «Yaşıl xətt»in «Dərnəgül» elektrik deposunun inşası ilə yanaşı, artıq dönmə deposunun yerinin müəyyən edilib inşasına başlanması istiqamətində də ciddi addımlar atılacaq».


Hazırda «Yaşıl xətt»in «Həzi Aslanov-2–Yeni Günəşli» sahəsinin tikintisinə başlanılıb. Bu səbəbdən gələcəkdə dairəvi olacaq xəttin daha bir deposunun inşası zərurəti də yaranıb. Belə ki, sahədə 3 stansiya istismara veriləndən sonra burada qatarlara qulluq edilməsi üçün müəyyən şərait yaradılmalıdır: «Xətai-Həzi Aslanov-2» sahəsinin də inşasına başlanması günün reallığıdır. Bu isə ikinci deponun inşasının əhəmiyyətini bir qədər də artırır. Çünki qatarların xəttə verilməsi, onlara qulluq edilməsi, ehtiyac yarandıqda depoya yola salınması və s. kimi sırf texniki şərtlər nəzərə alınarsa, daha bir deponun inşası qaçılmaz tələbə çevrilir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR